Azərbaycanda sahibkarlıq sahəsində yoxlamaların dayandırılması növbəti müddətə artırıla bilər. "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında qeyd olunur ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunun tətbiqindən sonrakı 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində cəmi 96 yoxlama, o cümlədən 2017-ci ilin ilk 6 ayı ərzində 26 yoxlama keçirilib. Yoxlamaların dayandırılmasından əvvəlki 20 ay ərzində vergi yoxlamaları istisna olmaqla, sahibkarlıq subyektlərində keçirilmiş yoxlamaların sayı 100 mindən çox olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycan Prezidenti tərəfindən verilən tapşırıqlara uyğun olaraq, ölkədə qeyri-neft sektorunun inkişafının dəstəklənməsi, o cümlədən biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə sahibkarlarla mütəmadi olaraq keçirilən görüşlər zamanı onlara ətraflı məlumat verilib və həyata keçirilən islahatlar, o cümlədən yoxlamaların 2 il müddətinə dayandırılması onlar tərəfindən yüksək qiymətləndirilib. Göstərilənləri nəzərə alaraq, ölkədə sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının növbəti müddətə artırılması üçün qanunvericilik aktlarının layihələri hazırlanıb.
Bu müddət ərzində yoxlamaların qadağaların tətbiqi sahibkarlığın inkişafına nə kimi müsbət töhfələr verib? Yoxlamaların dayandırılmasının müddətinin uzadılmasına ehtiyac varmı?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov “Kaspi”qəzetinə verdiyi açıqlamada bəzi məqamlara toxunub: "Prezidentin bu barədə sərəncamı hələlik qüvvədədir. Yoxlamalar hələ ki, dayandırılıb. Əlbəttə, bu yoxlamaların sahibkarlara dəstək baxımından müsbət tərəfləri çoxdur. Amma bəzi məqamlarda müəyyən problemlərə də yol açır. Xüsusilə, son dövrlərdə qadağaların olmaması ilə əlaqədar olaraq, qida məhsulları ilə əlaqədar problemlər yaranmaqdadır. Küçələrdə satılan müxtəlif qida vasitələri var. Son zamanlar qida məhsulları ilə bağlı zəhərlənmə hadisələrinin sayının artması da məhz bundan xəbər verir. Qidada müəyyən problemlərin olduğunu heç kim inkar etmir. Ona görə də, müəyyən mənada, bu yoxlamaların yenidən bərpa edilməsi mümkündür. Amma bu yoxlamalar ümumilikdə sahibkarların işinə mane olmamalıdır. Sahibkar başa düşməlidir ki, onun istehsal etdiyi məhsul yüksək keyfiyyətli olmalıdır. Yəqin ki, bu məsələlərə ayrıca diqqət yetiriləcək. Çünki bu problemlər gündəmdədir. Ola bilsin ki, prezident özü də bu barədə qərar versin. Yoxlamalara qoyulan qadağaların ləğvi faktiki olaraq sahibkarlar üçün əlverişli oldu. Çünki bu müddətdə heç bir yoxlama aparılmadı. Sahibkarlar bütün növ yoxlamalardan azad oldu və onlara qarşı olan təzyiqlər aradan götürüldü. Hesab edirəm ki, bu addım sahibkarlığın inkişafına öz müsbət təsirini göstərdi. Bu fakt, hətta özünü statistik göstəricilərdə də əks etdirir. Amma elə yoxlamalar var ki, onları ləğv etmək olmaz. Məsələn, vergi yoxlamaları buna aiddir. Çünki bu, birbaşa dövlət büdcəsi ilə əlaqədardır. Digər yoxlamaların keçirilməməyinin müsbət tərəfləri çox oldu və düşünürəm ki, bu müddət yenidən uzadıla bilər”.