XƏBƏR LENTİ

27 Sentyabr 2020

Digər Xəbərlər

25 Dekabr 2015 - 12:24

Banklar Rusiya rublu ilə köçürmələrdən imtina edir

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin dekabrın 21-də üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərardan sonra Azərbaycanda bəzi banklar Rusiya rublu ilə köçürmələrdən imtina ediblər.

Paytaxtda fəaliyyət göstərən bəzi banklar rublla əməliyyat aparmaq istəyənlərə pullarını ABŞ valyutası yaxud avroya çevirib köçürmə edə biləcəklərini bildirirlər. Ancaq hazırda bu şəkildə fəaliyyət göstərən bankların əməkdaşları bunun səbəblərini açıqlamaqda çətinlik çəkirlər.

Banklardan birinin xanım işçisi bildirib ki, bu, rəhbərliyin təlimatıdır: “Bizim edə biləcəyimiz heç nə yoxdur. Vətəndaşlar rublla köçürmə etmək istəyirlər. Ancaq bizim bank buna icazə vermir. Həmin şəxslərə pullarını dollara, yaxud avroya çevirib köçürməklərini bildiririk. Ancaq biz özümüz də bilirik ki, vətəndaş əlində olan rublu başqa bir məzənnəyə çevirdikdə müəyyən məbləğ itirir. Təəssüf ki, edə biləcəyimiz heç nə yoxdur”.

Rusiyada yaşayan qohumlarına rublla pul göndərmək istəyən Ayaz Eyyubov isə bunun doğru hal olmadığını deyir. Onun sözlərinə görə, əlimdə 200 min rubl var. “Onu başqa valyutaya çevirsəm, əlavə xərcə düşməli olacam. Onsuz da dollar qalxıb, itirəcəyimizi itirmişik. üstəlik bəzi bankların belə hərəkət etməyi bizi daha da pis vəziyyətə salır”.

İqtisadçı Nicat Hacızadə də bu qadağa ilə razı deyil. O deyir ki, vətəndaşın istənilən aparıcı valyutayla pul köçürmək ixtiyarı var: “Əgər hansısa bir bank dollarla pul köçürülməsinə icazə verirsə, digər xarici valyutalara da icazə verməlidir. Bankın mənfəətini düşünməsi səbəbindən hər hansı müştərinin qarşısı alınırsa, bu, həmin bankın müştəri hüquqlarını pozmasıdır. Bu, sadəcə bəzi bankların şəxsi istəyindən doğan məsələdir. Banklar müştəriyə xidmət etmək üçün yaranıb. Bank yaranmayıb ki, müştəri üzərində istədiyi hesabı həyata keçirsin, istəmədiyini keçirməsin”.

İqtisadçının sözlərinə görə, bankların belə addım atmasına səbəb dollar və avronun manat qarşısında daha möhkəm olmasıdır: “Düzdür, hazırda rubl da dollar qarşısında möhkəmlənir. Ancaq son dövrlər rublun məzənnəsində kifayət qədər enmələr olduğu üçün banklar bu riskdən qaçır. Həm də banklar dollarla pul köçürmələrdən daha çox qazanc əldə edirlər. Ancaq bütün bunlara baxmayaraq, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri var. Ona görə də əhali istənilən valyutayla pulunu köçürə bilər”.
Azərbaycanda baş verən bu proses Rusiya mediasının da diqqət mərkəzinə düşüb. Rusiyanın ria.ru saytı Azərbaycan banklarının rublu dəyişmədiyi, həmçinin həmin valyuta ilə köçürmələri dayandırdığı barədə məlumat yayıb.

Mətbuat yazır ki, Azərbaycan bankındakı mənbə rublun manata nisbətdə rəsmi məzənnəsinin artması ilə əlaqədar banklara rublla olan köçürmələrin dayandırılması haqda tapşırıq daxil olduğunu bildirib. Məlumatda o da qeyd edilib ki, pul köçürməsindən və dəyişməsindən Azərbaycanın 3 bankı imtina edib.

Xatırladaq ki, dekabr ayının 1-də Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun nəticəsində manat 47% devalvasiya edib.
Bankın açıqladığı rəsmi məzənnələrdə bunu açıq-aydın görmək olur. Belə ki, rəsmi məzənnə bülletenindən görünür ki, dollar həftəyə kəskin bahalaşma ilə – 1,55 manatla başlayıb. Bu gün isə 1 dollar 1.5540 manatdır. Hazırda rus rublunun məzənnəsi 1 manat 0.0221-AZN-dir.
ümumiyyətlə, manat bütün valyutalar qarşısında dəyər itirib.

Anspress