XƏBƏR LENTİ

01 İyun 2020
31 May 2020

Digər Xəbərlər

24 Sentyabr 2017 - 21:30

Ekspertdən nikbin proqnoz:“Hazırda Azərbaycanda devalvasiya təhlükəsi yoxdur”

"Ağır 2015-ci il təcrübəsindən sonra manat nisbi sabitlik dövrünü yaşayır. Bununla belə, bu ilin yaz aylarından başlayaraq milli valyutamızın özünə gəlməsi, müəyyən dövrdə hətta bahalaşması və nəhayət, son aylardakı məzənnə sabitliyi uzağagedən nəticələr çıxartmaq üçün tezdir". 

Bunu Koordinat.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev bildirib. Mərkəzi Bankın sədri Elman Rüstəmovun manatla bağlı son açıqlamalarını şərh edən ekspert deyib ki, mövcud sabitlik müvəqqətidir, dayanıqlı deyil. Onun fikrincə, Mərkəzi Bank monetar alətlərdən istifadə etməklə məzənnə sabitliyi yarada bilib: "Neft Fonundan makroiqtisadi sabitlik üçün ayrılması nəzərdə tutulan 7,5 milyard manat (bu vəsait mərhələlərlə ödənilir) manatın 2017-ci ilin sonuna kimi “üzmək” xərcini təmin edir. Neftin bahalaşması hesabına ixracı artımı, idxalın məhdudlaşdırılması hesabına valyuta axının azaldılması, ərəb turistlərinin “töhfəsi”, kapital axının əhəmiyyəti dərəcədə azalması tədiyə balansında  müsbət saldo yarada bilib. Bu isə manata əlavə dəstək verir".

Samir Əliyev bildirib ki, hazırda Azərbaycanda devalvasiya təhlükəsi yoxdur: "Manatın məzənnəsini bazar yox Mərkəzi Bank tənzimləyir. Bank isə ən azı ilin sonuna kimi manatı istədiyi kimi idarə etmək güvündədir. Hətta FED-in uçot dərəcəsini artırması manata təzyiqləri artırsa da 2015-ci ilin dekabrında olduğu kimi, devalvasiyaya məruz qoymayacaq. İlin sonuna doğru (noyabr-dekabr) dolların bahalaşması üçün zəmin yaranacaq, ancaq qərarı yenə Mərkəzi Bank – hökumət verəcək".

O ki, qaldı gələn il üçün manatla bağlı gözləntilərə, ekspert deyir ki, 2018-ci illə bağlı indidən fikir yürütmək çətindir: "Çünki burada hökumətin atacağı bir sıra amillər, o cümlədən makroiqtisadi sabitlik üçün vəsait ayrılması, dövlət xətti ilə idxala qoyulan qadağanın götürülməsi kimi tədbirlər əsasında real qiymət vermək mümkün olacaq".