XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

29 September 2017 - 11:10

Qlobal rəqabət reytinqi açıqlandı –Rəqabətə görə irəlidəyik, iqtisadi vəziyyətə görə geridə

Dünya İqtisadi Forumunun (WEF) dərc etdiyi qlobal rəqabət qabiliyyəti reytinqində Azərbaycanın mövqeləri ötən ilə nisbətən bir qədər yaxşılaşıb.

"Qlobal Rəqabət Qabiliyyəti İndeksi 2017-2018" (QRQİ) hesabatına əsasən Azərbaycan 37-dən 35-ci yerə qalxıb və bununla da dünya sıralamasında 2 pillə irəliləyib. Ümumi göstəricinin yaxşılaşdığı bir halda makroiqtisadi vəziyyətdə az qala iki dəfəyə yaxın geriləmə qeydə alınıb. Ötən il bu göstərici üzrə 39-cu yeri tutan Azərbaycan bir il ərzində 65-ci yerə enib.

“BBC Azərbaycanca”ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, bu rəqəm Ümum Daxili Məhsulun (ÜDM) azalmasına aiddir: "Bu ilin 8 ayında ÜDM 1 faiz azalıb. Ötən il isə 4 faiz ixtisar qeydə alınmışdı", – Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, ötən ilə nisbətdə daha iki pillə irəliləmə müsbət haldır, hərçənd ki, onu real iqtisadiyyatdakı durumu əks etdirən dəyərləndirmə kimi qəbul etmək düzgün olmazdı: "Hesabatda, o cümlədən iqtisadi sahədə müsbət dəyişiklər nəzərə alınıb. Buraya inşaatda bir pəncərə sisteminin tətbiqi, lisenziyaların sayı və əldə olunmasının sadələşdirilməsini aid etmək olar. Həmçinin ixracat və istehsalla məşğul olanlara təşviq paketi təklif olunur. Bu müsbət haldır. Lakin ümumi iqtisadiyyatda olan problemlər bunun bilavasitə iqtisadi effektini azaldır".

Ekspertin sözlərinə görə, Azərbaycanda iqtisadi islahatlar idarəçilik və məhkəmə sahəsində islahatlarla paralel aparılmasa onun səmərəliyi aşağı ola bilər. QRQİ reytinqi 137 ölkəni əhatə edir. Hər il hazırlanan reytinq beynəlxalq ekspertlərin rəylərinə əsaslanır. Beynəlxalq hesabatda statistika, infrastruktur və istehsalın səmərəliyi kimi bir sıra iqtisadi göstəricilər nəzərə alınır. Reytinq siyahısında 4,69 xal toplayan Azərbaycan Gürcüstan və Ermənistandan qabaqda gəlir.

4,28 xala sahib Gürcüstan 59 və 4,19 xalı olan Ermənistan 79-cu yerdədir. Rusiya cədvəlin 43-cü sətrini zəbt edib. Türkiyə 55, İran isə 76-cı sıraya sahibdir. QRQİ cədvəlinin ilk üçlüyündə yer almış ölkələr İsveçrə (5,86), ABŞ (5,85) və Sinqapurdur (5.71). Ən rəqabət qabiliyyətli 10 ölkə arasında Böyük Britaniya, Honq -Konq və Yaponiya da var.

QRQİ reytinqinə əsasən dünya maliyyə böhranından 10 il keçmiş iqtisadiyyatda canlanma əlamətləri müşahidə olunur.

Belə ki, Qlobal Ümumi Daxili Məhsulun (ÜDM) həcmi 2017-ci ildə 3,5 faiz artıb.