XƏBƏR LENTİ

02 İyun 2020

Digər Xəbərlər

30 Sentyabr 2017 - 14:06

Kataloniyadakı referendum avronu ucuzlaşdıra bilər- Proqnoz

İspaniya Mərkəzi Bankı oktyabr ayının 1-də Kataloniya bölgəsinin müstəqilliyi ilə bağlı keçiriləcək referendumun ölkədə yaradacaq risklər barədə xəbərdarlıq edib.

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, Mərkəzi Bank referendumun ölkədə istehlak səviyyəsini azalda, xarici investorları qorxuda, avronu isə ucuzlaşdıra bilər. Bundan başqa, turizm gəlirlərinin də azalacağı proqnozlaşdırılır.

Bankın rəhbəri Luis Mariya Lindeyə görə, "Kataloniyadakı siyasi gərginlik son nəticədə investorların inamını və xərcləri azalda, xarici borc bazarında ölkənin maliyyələşmə şərtlərini ağırlaşdıra bilər".

"El Pais" qəzeti bildirib ki, investorlar artıq ölkədə xaosa hazırlaşırlar: "Qeyri-sabitlik regionda investisiyaların azalmasına yol açacaq. İspaniya suveren istiqrazlarının kütləvi satışı başlaya bilər".

Rusiyanın "Loko Bank"ının İdarə Heyətinin sədr müavini Andrey Lyuşinə görə, etiraz aksiyaları genişlənsə, avro ciddi şəkildə dəyərini itirəcək.

Qeyd edək ki, Kataloniya İspaniya büdcəsinə ildə 62 mlrd. avro (73 mlrd. ABŞ dolları) vergi ödəyir. Ölkənin ÜDM-nin 20%-i, ixracının isə 25%-i Kataloniyanın payına düşür. İspaniyanın 47 mln.-luq əhalisinin 16%-i bu bölgədə yaşayır.

Xatırladaq ki, İspaniya 2016-cı ildə 75,6 mln. turist qəbul edib. Ölkənin turizmdən gəliri isə 60 mlrd. avro (71 mlrd. dollar) təşkil edib. Turizm İspaniyanın büdcə gəlirlərinin 11%-ni təmin edir. Bu sektorda İspaniya əhalisinin 13%-i, Kataloniyanın isə 20%-i çalışır.