Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2015-ci ilin yanvar-oktyabr aylarında 2014-cü ilin eyni dövrü ilə müqayisədə minik avtomobillərinin idxalı 25 min 882 ədəd, yaxud 2,2 dəfə azalaraq 21 min 497 ədədə düşüb.
Avro 4 standartına keçid, kreditlərin sərtləşdirilməsi, dolların bahalaşması və əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsi avtomobil idxalının azalması ilə nəticələnib.
Dövlət Statistika Komitəsinin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov Modern.az-a bildirib ki, minik avtomobilləri daha çox Almaniya, Yaponiya, Koreya, çin, ABŞ, Rusiya, Türkiyə, Birləşmiş Krallıq və Tailanddan idxal olunub.
Onun sözlərinə görə, 2010-cu ildə ölkəyə 51 824, 2011-ci ildə 64 916, 2012-ci ildə 89 652, 2013-cü ildə 94 879, 2014-cü ildə isə 57 615 ədəd avtomobil idxal edilib. Digər məlumata görə, 2015-ci ilin yanvar ayında 3870, fevral ayında 3161, martda 2225, apreldə 2484, mayda 2172, iyunda 1833, iyulda 1600, avqustda 1476, sentyabrda 1565, oktyabr ayında isə 1111 ədəd minik avtomobili idxal olunub.