XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

29 Dekabr 2015 - 17:48

“Dollar xaosu” davam edir: Valyutadəyişmə məntəqələrində dollar satılmır – Səbəb (FOTOLAR)

Bakıda dekabrın 21-dən başlayan “dollar xaosu” davam edir. “Exhange”lərin əksəriyyəti fəaliyyətini dayandırıb. 

Musavat.com-un əməkdaşı bu gün valyutadəyişmə məntəqələrindəki vəziyyəti öyrənməyə çalışıb.

28 May küçəsində yerləşən əksər valyutadəyişmə obyektləri işləmir. Buna səbəb olaraq, dollar qıtlığı göstərilir. Açıq olan bəzi məntəqələr isə yanız dolların alışını həyata keçirirlər.

İnsan sıxlığının müşahidə olunduğu 28 May küçəsində dolların satışı 1.61-1.63 manat arasında dəyişir.

Qeyd etmək lazımdır ki, bu qiymətə belə dollar alan xeyli sayda müştəri var.

“Neftçilər” metrostansiyasının ətrafında olan valyutadəyişmə məntəqələrinin böyük bir hissəsi işləyir və burada dolların satış qiyməti 1.635 manatdır. Burada da dollara olan tələbat yüksəkdir. Açıq olan məntəqələrin qarşısında isə müştəri növbələri var.

“Nəriman Nərimanov“da isə vəziyyət fərqlidir. Bu ərazidə olan valyutadəyişmə məntəqələri qapıları çoxdan bağlayıb.

Yalnız bir məntəqə açıq idi. Məntəqədə çalışan Sahib adlı şəxs deyir ki, dollar olsa da, heç kim satmaq istəmir: “Dollar qıtlığı yoxdur. Sadəcə, baha qiymətə satmağa icazə vermirlər. Ona görə də, çox adam qapıları bağlayıb. Baha satanlar obyektlərdə yox, gizli olaraq, əldən-ələ satırlar. Bununla bağlı artıq yoxlamalar var. Baha satan bir neçə nəfər də saxlanılıb. Mərkəzi Bankın müəyyən etdiyi qiymətə satmaq da çox adama sərf eləmir”.

Qeyd etdiyimiz ünvanda olan valyutadəyişmə məntəqələrində dolların satış qiyməti 1.62 manat göstərilir.

Xatırladaq ki, dünən valyutadəyişmə məntəqələrində dollar 1,59-1.60 manata satılırdı. Bu gün isə 1.62-1.63 manatdır.

Mərkəzi Bank isə dekabrın 28-də yaydığı məlumatda 1 dolların 1.5561 manat olduğunu açıqlayıb.