XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

30 Dekabr 2015 - 07:15

“Neftin qiyməti gələn il də iqtisadi proseslərə diktə edəcək” – İqtisadçı

Ekspertlər bildirirlər ki,  iqtisadi böhran Azərbaycanda daha çox təmir-tikinti işlərində fasilələrin yaranmasına, infrastruktur layihələrinin dayanmasına səbəb olacaq. Bu baxımdan,  növbəti il Azərbaycanda işsizliyin sayının da artacağı söylənilir.

 
Bu şəraitdə hökumətin hansı tədbirlərə əl atacağı barədə musavat.com-a açıqlamasında iqtisadçı alim Vüqar Bayramov danışıb.
 
O bildirib ki, 2016-cı il Azərbaycan üçün iqtisadi baxımdan asan olmayacaq: “Bu, həm neftin qiymətinin enməsi ilə bağlıdır, həm də ölkəyə daxil olan valyutaların həcminin azalması səbəbindən, manata təzyiqlərin artması ilə əlaqədardır. Bəllidir ki, neftin qiymətinin aşağı düşməsindən sonra Azərbaycanın neft ixracatından əldə etdiyi gəlir üç dəfə azalıb. Bu, ölkəyə daxil olan valyutanın həcminin üç dəfə azalması deməkdir. 2016-cı ildə hökumətin siyasəti qənaət rejiminə keçmək və qənaət etməkdən ibarətdir. Hökumət çalışacaq ki, 2016-cı ildə qənaət prinsipini davam etdirsin, vəsaitlərə qənaət etsin. Manatın devalvasiyasından öncə də 2016-cı ilin dövlət büdcəsindən sosial  istiqamətə ayrılacaq vəsaitlərin həcmində azalmaların olacağı gözlənilirdi. Növbəti ildə sosial istiqamət üzrə 3.7 milyard manat vəsait ayrılacaq ki, bunun 3.6 milyardı birbaşa əmək haqqı xərcləridir. Qalanları isə sosial yardımlarla bağlıdır. 2016-cı ildə hökumətin sosial ayırmaların həyata keçirilməsi ilə bağlı çətinlikləri olmayacaq. çünki indiki məqamda 3.7 milyard manatın qarşılanmasında hər hansı bir çətinlik olacağı gözlənilmir. Ancaq infrastruktur layihələrində kəskin azalmalar olacaq. Söhbət nəqliyyat və digər uyğun sektorlarda infrastruktur layihələrindən gedir. çünki hökumət infrastruktur layihələrini dayandırmaqla, çalışacaq ki, sosial öhdəliklərini yerinə yetirə bilsin”.
 
Ekspert növbəti ildən xidmət sektorunda işsizliyin artacağını da bildirib: “Neftin qiyməti gələn il iqtisadi proseslərə diktə edəcək.  Manatın məzənnəsi üçün də neftin qiyməti həlledici rol oynayacaq. Eyni zamanda manatın son devalvasiyası alıcılıq qabiliyyətinə də təsir göstərib. 2016-cı ildə bu, artıq xidmət sektoruna da təsir göstərəcək. 2015-ci ildə ölkədə 30 min iş yeri bağlanmışdı ki, bunların da bir qismi xidmət sektoruna aid idi. Növbəti ildə də alıcılıq qabiliyyətinin aşağı düşməsi səbəbindən xidmət sektorunda bir sıra iş yerlərinin bağlanacağı proqnozlaşdırılır. Qısası, onu deyə bilərik ki, böhran növbəti ildə Azərbaycanda infrastruktur layihələrinə və xidmət sektoruna daha çox təsir edəcək”.
 
V.Bayramov növbəti ildə  Bakının mərkəzində “Sovetski” kimi tanınan ərazidə hansı işlərin planlaşdırılmasından da danışıb:
 
“”Sovetski” kimi tanınan ərazidə sosial obyektlərin salınması mümkündür. Ora əsasən, investorların cəlb edilməsi nəzərdə tutulur. öncədən də yanaşma ondan ibarətdir ki, həmin ərazi xarici investorlar cəlb edilməklə, uzunmüddətli icarəyə verilsin. Bu baxımdan, indiki halda həmin istiqamət üzrə büdcədən iri həcmli ayırmaların həyata keçirilməsi mümkün deyil. “Sovetski” və digər  söküntü gedən yerlərdə məqsədəuyğun yol, xarici investorlar hesabına həmin ərazilərin yenidən qurulmasını həyata keçirmək və uzunmüddətli dövr üçün icarəyə verməkdir”.