Azərbaycan neft hasilatının azaldılması üzrə OPEK və quruma daxil olmayan ölkələr arasındakı Vyana sazişinin öhdəliklərini tam yerinə yetirir.
Bunu Trend-ə müsahibəsində OPEK-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.
O vurğulayıb ki, Azərbaycan Vyana sazişinə sadiqliyini nümayiş etdirir: “Bu sadiqlik bizim ümumi işimiz – neft bazarının balanslaşdırılması üçün nümunədir”.
Baş katibin sözlərinə görə, Vyana sazişinin şərtlərinin yerinə yetirilməsinə nəzarət üçün birgə çərçivələrin yaradılması unikal və yeni bir addımdır. O qeyd edib ki, bu çərçivələr OPEK-in şəffaflığı, açıqlığı və məlumat mübadiləsini dəstəklədiyinin göstəricisidir: “Sazişin şərtlərinin bütün iştirakçılar tərəfindən yerinə yetirilməsinin qiymətləndirilməsi həm OPEK üzvləri, həm də quruma daxil olmayan ölkələr tərəfindən həyata keçirilir. Bunun üçün Nazirlərin Birgə Monitorinq Komitəsi yaradılıb. Bu komitəyə OPEK-dən Küveyt, Əlcəzair və Venesuela, quruma üzv olmayan ölkələrdən Rusiya və Oman daxildir. Komitəyə dəstək üçün Birgə Texniki Komitə də yaradılıb ki, bu da OPEK katibliyi ilə birgə fəaliyyət göstərir”.