XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Oktyabr 2017 - 05:30

“Bankomən” nədir? –Bank hakimiyyəti və idarəçiliyi haqqında elmi-nəzəri baxış

Elşən NƏSİBOV,

Siyasətşünas-alim

 

Banklar cəmiyyətdə (dövlətlər daxilində)  və beynəlxalq əlaqələr sistemində iqtisadi hakimiyyəti və özəl sahələrdə iqtisadi inhisarçılığı – istehsalı, qeyri-istehsalı əllərində saxlasalar, sosial problemlər azlıq təşkil edər. Banklar sosial həyat – maddi qazanclar – əmək məhsuldarlığı – işçi qüvvəsi – vergilər – pul dövriyyəsi standartlarını və vəhdətini yaradan, sintez təşkil edən elementlər rolunda çıxış edən subyektlər kimi əhəmiyyət kəsb edə bilərlər. Özəl sahələrdə iqtisadi şəbəkələr sisteminin yuxarı pikində bankın qərarlaşması bank öhdəliyini və məsuliyyətini genişləndirər, vəzifəsini böyüdər.

Banklar iqtisadiyyatın xəzinəsi, yığım və saxlanc  funksiyasını yerinə yetirirlər. Mərkəzi bank ölkənin maliyyəsi siyasətinin müəyyənləşməsinə iştirak edir. Pul kütləsinə nəzarət edir, pul tədavülündə iştirak və nəzarət edir. Pulun iqtisadi vasitələrdə asılılığını, funksiya və təyinatını təmin edir. İstehsalın pul kütləsinə olan nisbətini müəyyənləşdirir.  

Banklar iqtisadiyyatın tərkibi olan maliyyə infrastrukturunun təminatçısı rolunda çıxış edirlər. Banklar pul əskinaslarının toplanmasını, tədavülə buraxılmasını təmin edirlər və qızıl ehtiyat fondlarının yaranmasında iştirak edirlər. Banklar iqtisadi-maliyyə sistemi üçün təhlükəsiz xəzinələr, saxlanclar rolunu oynayırlar. Banklar valyuta  mübadiləsi yolu ilə dünya iqtisadiyyatının tərkibi olan milli və regional pul siyasətinin formalaşmasında iştirak edirlər. Milli valyutanın beynəlxalq valyutalara olan münasibətlərində məzənnələri müəyyən edirlər. Milli pul vahidlərinin beynəlxalq valyuta ilə tarazlı və əvəzləyici qiymətlərinin yaranmasını təmin edirlər, milli valyuta ilə beynəlxalq valyutanın qarşılıqlı əlaqələrini müəyyən edərək kursu təyin edirlər. Banklar məhsulların iqtisadi qiymətləndirməsində pulun mahiyyətini analiz edirlər.  

Banklar kursu müəyyən etməklə dünya bazarında məhsulların qiymətlərinin də bütövləşməsini həyata keçirə bilirlər. Ümumdünya məhsulunun strukturlu dövriyyəsində dəyər əvəzləyicisi rolunda çıxış edirlər.  Banklar xarici ticarətin təminatında iştirak edirlər və hesablara  pul köçürmələrini həyata keçirirlər. Banklar investisiya üçün kapital mərkəzi rolunu oynayırlar. Banklar əhalidə saxlanılan aktivlərin, əmanətlərin, pulun xəzinədə saxlanmasında və təkrar dövriyyəyə buraxılmasında  əsas rola malik olurlar. Pulun saxlanılması və yenidən dövriyyəyə buraxılması metodları ilə iqtisadi inkişafda sərmayə qoyuluşunun, istehsal və istehlakın, eləcə də tələb və təkilifin arasında davamlı dönərliliyi və axarlılığı təmin edə bilirlər. Pullar banklarda yığılır (saxlama funksiyası), bank pulu artırır (kapitalı artırma funksiyası), kreditləşmə həyata keçirir (istehsalata, istehlaka və maddi-sosial həyata dəstək funksiyası) və özü də bu əməliyyatlardan gəlirlər əldə edir və vergi ödəyicisinə çevrilir.  Banklar ümumən maddi ölçmələr, qiymətləndirmələr  funksiyasını həyata keçirirlər. Pulun tarazlı sistem üzrə hərəkət dönərliliyini təmin etməkdə iştirak edirlər.

Bu gün banklar daha çox depozitləşmə (əmanətləşmə), monetar (pul-kredit tənzimləməsi) və uçot dərəcələrini müəyyən etmək (pulun kursunu müəyyən etmək, ekvivalentliyi həyata keçirmək)  funksiyalarını yerinə yetirirlər. Banklar bu funksiyalar hüdudunda pul dövriyyəsini təşkil edirlər, valyuta mübadiləsini həyata keçirirlər, eləcə də tranzaksiyalarla (pul köçürmələri) ilə məşğul olurlar. Banklar pul-maliyyə siyasəti ilə bərabər, baza iqtisadi proseslərdə də iştirak edirlər. 

Banklar subsidiyaların, kreditlərin  maliyyələşməsində vasitəçi kimi də iştirak edirlər. Şirkətlərin hesab əməliyyatları banklar vasitəsilə təmin olunur. Vergi ödəyicilərinin, kommersiya təşkilatlarının gəlirləri haqqında məlumatlı olurlar, o mənada ki, alqı-satqı və köçürmə əməliyyatları bank hesabları ilə müəyyən edilir. Banklar təsərrüfat subyektlərinin iqtisadi-maliyyə vəziyyətləri haqqında məlumat bankına da sahib olurlar. Hansı ki, bu məlumatlar elə hesabda saxlanılan və ötürülən, əvəzi ödənilən aktivlərlə təyin oluna bilir.  

Banklar satqı tərəflərinə alqı tərəfindən  pulların ötürülməsində və köçürülməsində köməkçi (mexanizm funksiyasını həyata keçirən köməkçi və təminedici vasitələr) vasitələr qismində çıxış edirlər. Vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin ödəniş vasitəçiləri  qismində çıxış edirlər.  Banklar bu gün elektronlaşma yolu ilə ödənişlərin-əmək haqları, təqaüdlər, mükafatlar, cərimə və aliment ödənişləri, kommunal xidmətlər haqları üzrə ödənişlər, vergi yığımı və s. kimi aktların həyata keçirilməsini təmin edirlər.

Banklar dövlət və əhali üçün valyuta mənbəsi, xəzinə rolunu oynayırlar. Əhalinin depozitlərini artırmaq funksiyasını daşıyırlar və əhalidə əmanətləşmə (saxlanc və əmanətlərin depozitləşmə yolu ilə artırılması marağı)  marağını inkişaf etdirirlər. Bununla da əhalini iqtisadi-maliyyə sistemlərinə sıx şəkildə bağlayırlar.  Banklar dövlətin nəfinə (hesabına, mənfəətinə) keçirilən pulların saxlanması üçün xəzinə funksiyasını yerinə yetirir. Banklarda bir tərəfdən dövlətin, digər tərəfdən də əhalinin pulları  saxlanılır, dövlətin xəzinəsi saxlanılır, mühafizə olunur, əhalinin  sərmayəsi toplanır. Bu yöndə banklar universal yığım funksiyasını təmin edirlər.  Banklar əmanətçiləri sığortalayırlar.

Bu gün banklar iqtisadiyyatın həyatında vasitə və bağlayıcı, əvəzləyici, dəyərləri eyniləşdirən, qiymətləri şərtləşdirən, mütləqə çevirən və digər bu kimi vəzifələri yerinə yetiririlər. Banklar koordinasiya siyasətində iştirak edirlər. Eləcə də qiymətli kağızlar siyasətinin təminatında rol oynayırlar. Bu gün bankların əllərində daşınmaz əmlak (həm də əvəzin dəyəri olaraq girov kimi saxlanılan əmlak) mövcud olur ki, bu amil də təsirlər sistemini yaradır. Banklar uduş və lotereya oyunlarında iştirak edə bilirlər. Eyni zamanda biznes subyektlərinin layihələrində müştərək tərəf kimi rol oynayırlar.  Lakin iqtisadi həyatda, eləcə də insan həyatında  bankların funksiyaları bu kimi aktlarla məhdudlaşa bilməz. 

Zamanə onu tələb edir ki, banklar vasitəçi, bağlayıcı funksiya kəsb etməklə yanaşı, baza, əsas iqtisadi funksiyanı da daşımalıdırlar. Öz daillərində geniş iqtisadi layihələri gəzdirməli və onlara bağlanmalıdırlar. Banklar ümumi məzmunda tək üst olmaqla, birləşdirici olmaqla kifayətlənməmildirlər, həmçinin  baza şaxələndirici rola malik olmalı və əsas kapital tərəfi olaraq  iqtisadiyyatın baza sahəsi olan istehsalata nüfuz etməlidirlər. Onların  bu nüfuzu ilə yanaşı, insanı sosial baxımdan əhatəlilik funksiyaları  da genişlənməlidir. İnsanın əmək və qayğı münasitələri, əlaqələri banklarla bağlanmalıdır.

Məlumdur ki, insan həyatında pul və qiymətli metallar mühüm hərəkətverici və  məhsulları əldə etmə qüvvədir. İnsanların maddi əlaqələri,  təsərrüfat əlaqələri, bazar-istehsal, istehlak və ticarət əlaqələri pul ilə tənzimlənir.

Pul sosial ünsürdür və sosial vəziyyətləri də tənzim edir. Pul dəyərləri ifadə edən vasitədir. Məlumdur ki, hər bir məhsulun nominal dəyəri mövcuddur. Xalis dəyər ona sərf edilən materialdan, zamandan, işçi qüvvəsindən, mexanizm xərclərindən, daşıma və infrastruktur xərclərindən və digər məsrəflərdən  şərti olaraq meydana gəlir. Məhsul dəyəri şərti olaraq pul vahidi ilə əvəzlənir. Qiymətlər, dəyərlər bazarda alıcılığa da əsaslanır. Deməli, pul tarazlayıcı, əvəzləyici və istehsalat məhsullarını hərəkətə gətirən vasitədir. Pul həm də milli valyutaları beynəlxalq valyutalarla əlaqələndirən bir material-maddi nişandır.  İnsan həyatının mühüm qazanc vasitəsi puldur. İnsanın əl əməyi, zehni əməyi pul ilə əvəzlənir. Puldan da insan lazım olanı əldə edir. Puldan insan kapitalı ilə əvəzlənmə həyata keçirilir. Pul məhsul tələbatının zamanla  ödənilməsində əvəzdir, bir ölçü meyardır, etalondur, çəkidir. Pul kapitalı nəticə olaraq insan kapitalına xidmət edir. İnsan puldan özünün iqtisadi-maliyyə şəxsiyyətini tamamlayır.  Pul vahidi bazarı hərəkətə gətirən, hərəkət dinamikasını, hərəkət dövriyyəsini  üfiqi və şaquli müstəvidə  tənzimləyən vasitədir.

“Bankomən” ideyası ondan ibarətdir ki, bu ideyanın qayəsini, məğzini insan və onun daimi iqtisadi, maliyyə-təsərrüfat, maddi-məişət  həyatının  banklara bağlanması təşkil edir. İnsanlar  bankları özünün maddi şəxsiyyətinin təsdiqində və sübutunda əsas kömək, arxa dayaq rolunda görürlər. 

Pullar banklarda toplanır. Banklar kapital (pul həm də kapitaldır) mənbəyi rolunu oynayır. Pullar banklarda hesablanır. Pul tarazlayıcı vasitədir. Qazanc tərəfləri arasında tarazlı münasibətləri yaradır.  Bu baxımdan da banklar tənzimedici və tarazlayıcı vasitələr, mənbələr, mexanizmlər, baş yönləndirici alətlər  rolunda çıxış etməlidirlər. Bu ideyaya (“Bankomən” ideyasına) əsasən, insanlar doğulan andan maddi baxımdan  banklara sıx bağlı olmalıdır. Bank ailəni, insanı himayə etməlidir, onun məsrəflərini qarşılamalıdır. Banklar zəmanətverici qüvvə rolunu oynamalıdırlar.  

Bu ideya altında bankları cəmiyyətin iqtisadi baxımdan  idarəçi tərəfinə çevirmək lazımdır. “Bankomənlik”də bankın iqtisadi idarəçiliyində və kompleksliliyində baza-üst trayektoriyası üzrə şaxəli müstəvi yaranır. Bu anda banklar holdinqə çevrilirlər. Baş subyekt rolunu oynayırlar, baş vergi ödəyicisi qismində çıxış edirlər.

"Bankomən" ideyasında iqtisadi piramidanın başında banklar qərarlaşırlar və onlar bank və istehsalat, qeyri-istehsalat şəbəkələrinə rəhbərlik həyata keçirirlər.  Şaxələnmiş banklar şaxələnmiş istehsalat və qeyri-istehsalatla şaquli və üfiqi müstəvi üzrə  tellərlə bağlanırlar.  "Bankomən" ideyasında həyat davamlılığı sabit və nisbətən asan olur. İnsan həyatı üçün zəmanətli fondlar kompleksi, xəzinələr ehtiyatı yaranmış olur. İnsanlar həyatda maddi büdrəmələrlə üzləşmirlər. “Bankomən” şəbəkəsində əlaqələr yumşaq olur və harmoniyanın əsasını təşkil edir.  Qazanclar hər addımda hesablanır. İqtisadiyyatda “bankomən” piramidasının mərkəzi yükünü istehsalat təşkil edir. Baza sosial layihələrə pul ayrılmaları istehsalatla uyğunlaşdırılır.  Eyni zamanda qeyri-istehsal məşğuliyyəti ilə uyğunlaşdırılır. Yəni, banklar öz müştərilərinin qazancları ilə sosial tələbatları arasında analitik əlaqə təşkil edirlər. Əmək potensialı, işçi qüvvəsi ilə sosial tələbatlar arasında uyğunluq vahidi müəyyən edirlər, ölçülərlə, kəmiyyətlə tarazlıq yaradırlar. Riyazi qeyri-səlisliklə, həmçinin səhin hesablamalar yolu ilə müştəri həyatının maddi tələbatlarını ödəyirlər. Bununla da həyatın maddi göstəricilərini müəyyən edir və tələblərə, təkliflərə uyğun aktlar şəbəkəsi tərtib edirlər, həyata keçirirlər. Kapital-istehsalat-qeyri-istehsalat-sosial həyat “bankomən”likdə çulğaşır.

 

“Bankomən”liyin əhəmiyyəti barədə

 

İqtisadiyyata inam banklardan keçir. “Bankomən”likdə əsas məqsəd odur: “Mən bankdan qazanıram-mən bankı qazandırıram”. Bu baxımdan bank zehni və əməyi stimullaşdırır-zehin və əmək bankı zənginləşdirir.

“Bankomən”likdə bankların mərkəzi və yerli filialları regionlarda layihələrin maliyyələşməsində böyük rola malik olurlar. “Bankomən”liyin mərkəzi fəlsəfi qayəsi ondan ibarətdir ki, bu məsələdə  istehsalatdan öncə pulun məsuliyyəti önəm kəsb edir. Pul istehsalatla, iqtisadi sistemlə  özü  arasında tarazlıq üçün məsuliyyət daşıyır. “Bankomən”lik insanlarda iqtisadi düşüncələri yaradır və maddi psixikanın formalaşmasında rol oynayır. Pul baza daşıyıcı, stimullaşdırıcı rolu oynayır və iqtisadi başlanğıcları və nəticələri həll edir. “Bankomənlik”də qazanclar fəlsəfəsi həlledici ideyadır. İqtisadi sistemin stimullaşdırılmasında bankların məsuliyyəti genişlənir. İstehsalatın, sənayenin aparıcı funksiyalarını banklar həyata keçirirlər.

“Bankomən”liyin başlıca qayəsi odur ki, banklar cəmiyyətin nüfuz subyektləri rolunda çıxış etməlidir. Banklar insanların maddi həyatlarını sığortalamalı, onların işgüzar və təsərrüfat həyatlarını stimullaşdırmalıdır. Banklar əllərində istehsalat və xidmət şirkətlərini cəmləşdirməli, konsernləri, holdinqləri toparlamalıdır. İstehsal vasitələrinin nəticələri banklar vasitəsilə bölünməlidir. Banklar cəmiyyətin və ailənin büdcəsi rolunu oynamalıdır. Bankomənlik iqtisadi mədəniyyəti tərənnüm edir və iqtisadi əxlaqı yaradır. İşgüzarlıq fəlsəfəsinin formalaşmasını təmin edir. “Bankomənliyin” baza fəlsəfi ideyası qayğıdır, əhatələnmədir. İnsanların iqtisadi əxlaqını formalaşdırmaqdır. İqtisadi nüfuzlu cəmiyyət yaratmaqdan və onu mənəvi aləmlə üzvi şəkildə bağlamaqdan ibarətdir.

– bankomənlikdə bank nəzarəti və bank himayəçiliyi şərt olur;

– insanlar banka arxayın olurlar və davamlı stabil maddi həyat yaşayırlar;

– insanlar bankın artım gəlir və fondları, vəsaitləri hesabına artan dinamik həyat yaşayırlar;

– insanlar maddi baxımdan bank qarşısında məsuliyyətli olurlar;

– insanlar banklardan maddi öhdəlik götürürlər, özləri fiziki maddi məsuliyyətli tərəf olurlar;

– insanlar banklara önləyici (preventiv) mənbə kimi baxırlar;

– insanlar bankların iqtisadi təsərrüfatlarında çalışırlar və həyatlarını banklara bağlayırlar;

– banklar yumşaq idarəçi və liberal tənzimləyici funksiya daşıyırlar;

– banklar istehsalat, ticarət subyektləri rolunu oynayırlar;

– istehsalat banklarda cəmləşir və banklar istehsalatı şəbəkələndirir, kompleksləşdirir;

– bank idarəçiliyi (bankomənlik) istehsalata və depozitə, ticarətə, kreditləşməyə söykənir;

– bankın baza maliyyəsi iqtisadi hakimiyyətindən və kapital dövriyyəsinə nüfuzundan formalaşır;

– bankın vəsaiti əsasən insanların əməyinin məhsulu, qazanclar olur;

– bank baza kapitaldan,  onun istehsasla və xidmətə yönləndirilməsindən törəmə, artım kapitallarını əldə edir;

– bank artım və yığım funksiyasını yerinə yetirir;

– banklar paylayıcı funksiya kəsb edirlər;

– banklar insan həyatının kompleks və koordinativ  maliyyələşməsini öz üzərlərinə götürürlər;

– banklar həm kapital yığan, həm də kapital bölüşdürən, eləcə də  kapital paylayan tərəf rolunda çıxış edirlər;

– banklar kapital idarəçiliyi funksiyasını daşıyırlar;

– banklar banknotların nominal əhəmiyyətini onların praktki idarəçi vasitələr əhəmiyyətinə çevirirlər;

– banklar müstəqil (xalis) maliyyə təşkilatları yox, həm də istehsal və xidmət subyektləri rolunda çıxış edirlər.

 

“Bankomən”liyin sosial əhəmiyyəti barədə

 

“Bankomənliyin” mənası böyükdür və  sosial əhəmiyyəti dərin  olar. Pul kütlə baxımından kiçik olsa da, nominal dəyər nöqteyi-nəzərdən böyük kütləni (məhsul və əmlak çeşidlərini) tarazlaşdırır. Əvəzləşdirir.  Pulun fəlsəfəsi həm də ondan ibarətdir ki, bu vasitə nominallaşdırıcı, tarazlayıcı, hesablayıcı və uyğunlaşdırıcı funksiya daşıyır. Pulda dəyər və qiymət fəlsəfəsi var. Pul əvəzləyici, stimullaşdırıcı etalon olmaqla özündə dəyərlər sisteminin baxışlarını yaradır.

“Bankomən”likdə pul fəlsəfəsi formalaşır. Pulun dəyəri çoxalır, hörməti artır. “Bankomən”lik iqtisadiyatda monekratiyanı  formalaşdırır.

Əhəmiyyət barədə:

– banklar mərkəzi və regional miqyaslı sosial layihələr həyata keçirirlər;

– banklar mikrokreditləşmə və makrokreditləşmə siyasəti tətbiq edirlər;

– banklar kiçik biznes təbəqəsinin formalaşmasına çalışırlar. Azad istehsal və pul  bazarını tənzim edirlər;

– banklar yaşayış massivləri tikirlər, evlə, mənzillə təminat funksiyasını həyata keçirirlər. “Bankomən” şəxslər üçün öz əmlakları olan daimi yaşayış binaları tikirlər;

– hər bir şəxs doğulduğu andan müəyyən bankın himayəçiliyinə keçir və  maddi sıxıntısız “bankomən” həyatını yaşayır;

– banklar sosial fondları (pensiya fondlarını), sığorta fondlarını, uşaq fondlarını  təşkil edirlər;

– banklar təhsil  təqaüdləri və mükafatlar fondları təsis edirlər;

– banklar ona aid olan şəxslərin təhsillərini və elmi fəaliyyətlərini dəstəkləyir;

– banklar innovativ funksiya daşıyırlar. “Bankomən”lərin ixtira və kəşflərini, yaradıcılıqlarını maddi baxımdan dəstəkləyirlər;

– banklar strateji və taktiki konsepsiya qəbul edirlər;

– banklar tikinti layihələri strategiyalarını tətbiq edirlər;

– banklar makro və mikroiqtisadiyyatın piramidal və şaxələnmiş “şam ağacı” strukturunu  əllərində saxlayırlar;

– bankomənlikdə banklar iqtisadiyyatın baş idarəçisi funksiyasını daşıyırlar;

– bankomənlikdə banklar dövlətdə baş vergi ödəyiciləri funksiyasını həyata keçirirlər;

– banklar iqtisadi təhlilləri həyata keçirirlər;

– banklar iqtisadi konsepsiyanı müəyyənləşdirirlər;

– banklar “Gələcək iqtisadiyyat” strategiyasını qəbul edirlər;

– banklar iqtisadiyyatda hesablama və analitik funksiyanı daşıyırlar;

– banklar əmanətçilərin subyektləri ilə maddi və sosial bağlılığı həyata keçiririlər;

– banklar iqtisadi və sosial münasibətlər arasında üzvi bağlılıq və harmoniya təşkil edirlər;

– banklar insanların sosial-rifah hallarının zəmanətçisi kimi çıxış edirlər;

– banklar öz əmanətlərini insanların həyatının sağlamlaşmasına sərf edirlər;

– banklar “Gələcək iqtisadiyyat” üçün sərmayə yatırırlar, kapitalın gələcəyə yönəlik axınını təmin edirlər;

– banklar “kapital insan üçündür” strategiyası və tezisi ilə fəaliyyətlərini təmin edirlər;

– banklar iqtisadi məzmunlu cəmiyyətlərin və ona əsaslanan düşüncələrin formalaşmasında iştirak edirlər;

– banklar dövlətdə baş vergi ödəyiciləri funksiyasını yerinə yetirməklə makro vergi siyasətini formalaşdırırlar;

– banklar iqtisadiyyatın təmərküzləşməsini təmin edirlər;

– banklar beynəlxalq iqtisadi əlaqələrin təsərrüfat və maliyyə  subyektinə çevrilirlər;

 

“Bankomən”liyin iqtisadi əsaslarına dair

 

Bankomənlikdə iqtisadi sitemlərin baş tənzimləyici funksiyasını subyektlər olaraq  banklar  həyata keçirirlər. Onlar iqtisadiyyatı stimullaşdırırlar, yönləndirirlər. Banklar makro və transmilli korporasiyalara çevrilirlər. Banklar iqtisadi layihələri həyata keçirirlər. Bankomənliyin baza prinsipləri ondan ibarət olur ki, istehsalat və xidmət onlara tabe olur.  Bankların şəbəkələri mövcud olur. Bankomənliyin baza prinsipi odur ki,  istehsalatın, xidmətin, qazancların bankı yox, bankın istehsalatı, xidməti, sosial layihələri və qazancı olur. Bank istehsalatda və xidmətdə önə keçir. Bank qazanclar əldə edir və resursları paylayır.

Faydaları nələrdən ibarətdir:

– banklar iqtisadi mühitin, iqtisadi ruhun tənzimləyicisi olurlar;

– banklar təsərrüfat, xidmət və sosial sahələrin hamisi olur;

– bankların istehsalat, xidmət və onlardan gələn qazanclar hesabına müflisləşmə risqləri aşağı düşür;

– banklar insanların bağlanması hesabına daha çox qazanclar əldə edirlər və aparıcı fondları təşkil edirlər;

– banklar müstəqil maliyyə siyasətini yürüdürlər;

– banklar həmçinin makro iqtisadi subyektlər olaraq hökumət qarşısında hesabatla çıxışlar edirlər;

– banklar istehsalata və xidmətə, infrastruktura sərmayə qoya bilirlər;

– iqtisadiyyat və maliyyə  sisteminin sabitləşməsi baş verir;

– iqtisadi yüksəlişin davamlılığı artır. Bankın iqtisadi təhlilləri və nəticələri genişlənir;

– insanların əmanət (depozit) düşüncələri yüksəlir və banklara arxayınçılıq formalaşır;

– banklar maliyyə həyatının elektronlaşmasını həyata keçirir. Elektron pul siyasətini təmin edirlər;

– banklar dövlət və xalq qarşısında iqtisadi tərəflər kimi məsuliyyət daşıyır;

– iqtisadiyatda bank idarəçiliyi nüfuzu artır, düşüncələri genişlənir;

– insan həyatının elektronlaşması, kartlaşması siyasəti həyata keçirilir;

– bank güzəştli kreditləri hesabına kasıbçılıq səviyyəsi aşağı enir;

– bankçılıq iqtisadi nüfuz və imkanlar hesabına  devolvasiya, inflyasiya və spekulyasiyanın qarşısını alır;

– bank güvənliyi, inamı və etibarlılığı artır, arxayınçılıq yaranır;

– sürətli kreditləşmə hesabına mikro layihələrin həyata keçməsi işi də sürətlənir;

– bankın iqtisadi sistemlərdə pulun dövriyyəsinə olan nəzarəti güclənir. Pulun kütləsinə  olan nəzarəti artır;

– bankın valyuta mübadiləsi prosesləri güclənir. Milli valyutanın dözümlülüyünü təmin edir;

– ümumilikdə pulun baş vasitə olması iqtisadi inhisarçılıqda bankın rolunu böyüdür;

– qiymətli kağızlar üzrə bankın hərəkətlərini böyüdür;

– insanın iqtisadi-maddi-maliyyə-sosial həyatını güvənli edir. Bu tipli həyatın qarşılıqlı şərtləndiriciliyini və dönərliliyini yaradır;

– “Bankomanlik” “Asan pul” siyasətini təmin edir  və s. 

 

“Bankomən”lik və sıfır işsizlik haqqında

 

“Bankomən”lik (ideyanın reallaşacağı təqdirdə) iqtisadi sistemlərdə paralel fondlar (dövlətə paralel), xəzinələr, o cümlədən büdcələr funksiyasını yerinə yetirir. Kapital kassaları  olaraq dövlətin də fiskal siyasətində bir arxayınçılıq yaradır. Dövlət bu halda sərbəst biznesi özünün resurs dayağı kimi görür və iqtisadi sabitləşmədə və dinamik inkişaf proseslərində banklara güvənir. Banklar özlərində paralel xəzinə toplayırlar. Lazım olan anlarda dövlətə arxa olan fondlar funksiyasını yerinə yetirirlər. Dövlət özəl iqtisadiyyat yolu ilə cəmiyyətin dayağı olaraq  öz büdcəsinə sahib olan iqtisadi elementlər şəbəkəsinin yaranmasında maraqlı olur. Bu seqmentlər şəbəkəsi dövlətin qazanc və gəlirlər sistemini meydana gətirir.

“Bankomən”likdə odur ki, iqtisadi həyatın müəyyən qismi  bir çox bankın əlində cəmləşə bilir. Banklar bu məsələdə tək kassa rolunu oynamırlar. Həmçinin təsərrüfat sistemlərinin təşkilini həyata keçirirlər. Pul tədavülün istehsala olan nisbətini dəyərləndirə və qiymətləndirə bilirlər. Bir tərəfdə pulu, digər tərəfdə isə əmtəə məhsullarını görə bilirlər. Puldan əmtəə məhsullarının dövriyyəsi nəzarətini həyata keçirə bilirlər. Nəticələr pula hesablanır. Çoxlu əmək fəaliyyəti sayəsində çoxlu pul qazanmaq başlıca strategiyanı təşkil edir.   Pulun kapital və əvəzləyici ünsür kimi şaxəli dövranı elə özündə rəngarəng şaxəli iqtisadiyyatı və məhsul çeşidlərini yaradlır. Pul ilə çeşidli məhsul tamamlaması bir-birini əvəzləyir. 

Təsərrüfat və sosial-icitmai həyat sahələri  (istehsalat, qeyri-istehsalat, yəni xidmət və sosial sahələr, dövlət hakimiyyəti strukturları, bələdiyyələr-ümumiyyətlə, siyasi və inzibati idarəçilik sahələri, elm və təhsil, hüquqi-müdafiə və hüquqi mühafizə sahələri, mədəniyyət və din sahələri)  baza və şərti olaraq üç yerə bölünür:

dövlət sahələri – birbaşa dövlətin müəyyən etdiyi və təşkil etdiyi sahələr;

“bankomən” sahələri – bankların istehsalat, kommersiya, qeyri-istehsalat, o cümlədən xidmət və sosial sahələri;

müstəqil sahələr – buraya özəl iqtisadi-təsərrüfat sahələri, mülki sahələr (ev, əmlak sahələri və s.), mədəniyyət, təhsil, elm  və din sahələri  aid olur.

“Bankomən”liyin özü də təsərrüfat sisteminin müstəvi və mexanizmisini genişləndirmə (ətrafa doğru, yanlara doğru)  yolu ilə sahələr arasında köməkçi bağlayıcı funksiyanı yerinə yetirir. “Bankomən” olmayan şəxslər belə “Bankomən” bankların dəyərli təkliflərindən faydalanırlar və öz kapitallarını yığım, saxlama və artırma şərti ilə banklara yönləndirirlər. Bu baxımdan da banklar iki qrupda ixtisaslaşırlar: “bankomən” və “qeyri-bankomən” banklar.

“Bankomən”lik sahələrinin mövcudluğu cəmiyyətdə işsizliyi sıfıra endirir. Banklar iş qabiliyyəti olan ailələrlə “Həyat müqaviləsi” imzalayır və ailənin himayəçisinə çevrilirlər. Bu müqaviləni imzalayan şəxsin işi, yaradıcılığı, maliyyə-təsərrüfat həyatı, sosial problemləri banklarla bağlı olur. Belə şəxslər bankların korporasiyalarında, bankların yaratdıqları istehsalat-kommersiya və qeyri-istehsalat kommersiya sahələrində işlə təmin olunurlar. Onların bacarıq və istedadlarından banklar istifaə edə bilirlər.  Belə şəxslər bankların daimi müştərisinə çevrilirlər. “Bankomən” sahələrinin mövcudluğu və inhisarlaşması işsizliyi ləğv edir.  Belə ki, banklara bağlı olan valideynlərin ailəsində dünyaya gələn uşaqlar banklar tərəfindən maliyyə  sahəsinə daxil olurlar. Valideynlərinin bankla üzvi bağlılığı uşaqlarının da problemsiz maliyyələşməsini təmin edir. Uşaq dünyaya gələndə artıq bank sferasına daxil olur. Həyatı əhatələnir, qayğılanır və sığortalanır.  Bank uşağın təhsilinə (valideynlərinə dəstək olmaqla, onların qazancları yolu ilə) və ümumilikdə həyatına zamanətçi kimi çıxış edir. Maliyyə problemlərinin əsas təminatçısı olur. Öz həyatını banka bağlayan şəxs onun təsərrüfat sistemində iştirak edir və əmək münasibətlərini də bankla bağlayır.

“Bankomən”liyin ən böyük əhəmiyyəti ondan ibarət olur ki, cəmiyyətlərdə iqtisadi təfəkkürün zənginliyi hesabına texniki nailiyyətlər, texnoloji təfəkkür, innovativ təfəkkür və qabiliyyət də yüksək olur. Potensial  iqtisadiyyata, cəmiyyətin maddi quruluşuna daha yüksək dərəcə ilə xidmət edir. Kapital istehsalatı, xidmətlər sahələrini təşkil edir, eyni zamanda həmin sahələrdən qazanclaq qəbul edir. Kapital kapitalı artırır. Kapital məhsulları və onları əvəz edən pul kütləsini tarazlı olaraq çoxaldır.   “Bankomən”likdə “məsrəflər və qazanclar balansı” iqtisadi yüksəliş tempini qoruyub saxlayır. Məhsul və pul axınları bir-birini şərtləndirir.

 “Bankomən”likdə əmanətləşmə siyasəti yumşaq və liberal əsaslarla həyata keçirilir. “Bankomən və  kənar əmanətçilər bankların faiz dərəcələrindən faydalanırlar. Kreditləşmə siyasəti də daxilə və kənara liberal əsaslarla təmin olunur.

“Bankomən”liyin digər  faydaları  haqqında:

– bankomən şəxslər sosial həyatlarını banklara bağlayırlar və bu, ardıcıl və irsi xarakter kəsb edə bilir;

– həyat yaşamaqda, həyat tsiklində ailə arxayınçılığını meydana gətirir;

– insanlar bankların tikdirdiyi evlərdə, mənzillərdə xidməti əsaslarla  yaşaya bilirlər və ev problemləri həll olunur;

– insanlar bankların torpaq sahələrində çalışırlar (bank fermerçiliyinin sahələrində) və iş yerləri əldə edirlər;

– “bankomən”lik kənd təsərrüfatında da geniş tətbiq olunur;

– banklardan uzun müddətli borclar qəbul edirlər və maddi problemlərini həll etmək imkanları qazanırlar;

– banklara məxsus olan səhiyyə müəssisələrində sığortalı müalicə alırlar;

– banklara məxsus ali məktəblərdə iqtisadi biliklərə yiyələnirlər və iqtisadi sektorlarda təcrübə qazanırlar;

– insan həyatında “bank məsuliyyəti” anlayışı formalaşır;

– bankla həyatını başlayan şəxsin işsizlik problemi yaranmır və bank təqaüdü ilə təmin olunur;

– bank təqaüdləri ilə ali məktəblərdə və digər məktəblərdə oxumaq şansları qazanılır;

– bank kartları hesabına ictimai və beynəlxalq nəqliyyatdan istifadə imkanları qazanılır;

– həyat ümumilikdə iqtisadi və sosial baxımdan sertifikatlaşdırılır;

– iqtisadi rəngarənglik hesabına dövlət və cəmiyyət varlanır;

– bankların müflisləşməsinə imkanlar verilmir. İstehsalat və istehlak onların xəzinələrini tükənməz edir;

– banklar makro iqtisadiyyatın formalaşmasında əvəzsiz rol oynayırlar;

– banklar cəmiyyətin və dövlətin iqtisadi yükünü çiyinlərində daşıyırlar;

– banklar insanların iqtisadi həyatla harmoniyalaşmasına və üzvi bağlanmasına kömək edirlər;

– banklar iqtisadiyyat mədəniyyətini yaradırlar;

– banklar kapital mədəniyyətini yaradırlar;

– banklar sağlam rəqabət hesabına cəmiyyəti daha çox zənginləşdirirlər və insanları müdafə edirlər.

Ümumiyyətlə, “Bankomən”lik nəzəri və praktik baxımdan  yumşaq və konseptual anlayış olaraq sosiallığın yüksək zirvəsinin mahiyyətini özündə daşıyır.