Bu gün Mədən Sənayesində Şəffaflığın Artırılması (MSŞA) Koalisiyası Şirvan şəhərində “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) haqqında ictimai məlumatlılığın artırılmasına” həsr olunmuş tədbir keçirlib.
“Strateq.az” bildirir ki, vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları, KİV, bələdiyyə, yerli icmalar və hasilat sənayesi şirkətlərinin 80-dən artıq təmsilçisinin iştirak etdiyi tədbirin məqsədi MHŞT və bu təşəbbüsün Azərbaycanda tətbiqi haqqında məlumatlılığı artırmaq olub. Qeyd etmək lazımdır ki, Şirvan rayonu ərazisində Şirvan Oyl və Qarasu Oyl şirkətləri neft hasil edir.
Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü (MHŞT) hesabatlılığın və yaxşı idarəetmənin artırılması naminə çalışan hökümətlər, şirkətlər və vətəndaş cəmiyyətinin koalisiyasıdır. Neft, qaz və mədən sənayesindən şirkətlərin ödənişi və dövlətin gəlirlərinin tam nəşr olunması və dəyərləndirilməsi ilə MHŞT resurslarla zəngin ölkələrdə yaxşı idarəetməyə töhfə verir. Azərbaycan MHŞT-yə 2003-cü ildə qoşulub və 18 Fevral 2009-cu ildə ilk tamhüquqlu üzv elan edilib. Azərbaycanın MHŞT üzrə vətəndəş cəmiyyəti koalisiyası – Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası (MSŞA) 2014-cu ilin may ayında 10 illik ildönümünü qeyd edib. Hazırda koalisiyanın 110-dan çox QHT üzvü vardır. Koalisiya ictimai məlumatlandırma sahəsində əsas tərəflərdən biridir.
Tədbir MHŞT üzrə Katiblik və Dünya Bankının dəstəyi ilə MSŞA Koalisiyası tərəfindən təşkil edilib. Tədbirin təşkili MHŞT üzrə çox tərəfli qrupun fəaliyyət planında nəzərdə tutulub.
MSŞA Koalisiyasının Əlaqələndiricisi Əliməmməd Nuriyev tədbirdə açılış sözü deyərkən iştirakçılara çağırış edib: “Biz bütün yerli QHT-ləri və təşklatları MHŞT və onun yaratdığı imkanlarda istifadə etməyə çağırırıq. Hər bir vətəndaşın haqqıdır ki, təbii sərvətlərin satışından əldə olunan gəlirlərin necə xərcləndiyini və onların həyatına necə təsir edəcəyini bilsin.”
Koalisiyanın MHŞT üzrə eksperti Sabit Bağırov “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsü: Nəyi bilməliyik. Nəyə diqqətli olmalıyıq” mövzusunda təqdimatla çıxış edərkən vurğulayıb: “Nefti hasil etmək işin yarısıdır – əldə olunan gəlirlərin effektiv istifadəsi isə işin digər yarısıdır. Buna nail olmaq üçün yaxşı idarəetmənin prinsipləri və ilk növbədə şəffaflıq vacibdir.
Aprel ayında Neftçala və Gədəbəy rayonlarında oxşar tədbirlərin keçirilməsi gözlənilir.