XƏBƏR LENTİ

21 Oktyabr 2020

Digər Xəbərlər

27 Oktyabr 2017 - 11:37

Fransada marketlərdə kərə yağı yoxa çıxıb –Yağ qıtlığı ciddi səviyəyə çatıb

Fransada kərə yağı qıtlığı şirniyyatçıları çətin vəziyyətə sala bilər.

The Guardian qəzeti yazır ki, mağazalarda kərə yağı qıtlığı o dərəcəyə çatıb ki, sosial şəbəkələrdə bəzi insanlar zarafatla yarısı yeyilmiş paket yağı 250 avroya satmağa təklif edirlər.

Qıtlığın müxtəlif səbəblərinin olduğu deyilir. Lakin fermerlər, qida istehsalçıları və şirniyyatçılar daxil olmaqla kərə yağından külli miqdarda istifadə edən şirkətlər və şəxslər bu problemə görə aylardır ki, şikayət edirlər. Nəhayət, bu həftə Fransa qəzetləri də kərə yağı qıtlığının İkinci Dünya Müharibəsindən indiyədək görünməmiş ən ciddi səviyəyə çatdığını yazıblar.

Qıtlığa əsas səbəblərdən biri azalan süd istehsalı və dünyada artan süd tələbatıdır. Sənayedə istifadə edilən bir ton kərə yağının qiyməti 2016-cı ilin aprel ayında 2 min 500 avro idi. Bu ilin yay aylarında isə bu qiymət 7 min avroya çatıb. Nəticədə bir çox şirniyyat və çörək mağazaları normal istehsal rejimini qüvvədə saxlaya bilmirlər. Hətta Fransanın kərə yağına görə məhşur olan Brittani və Normand bölgələrindəki mağazalarda kərə yağı soyuducuları boş qalıb. Bəzi şirniyyatçılar qiymətləri qaldırmağa və ya kifayət qədər yağ əldə etmədikləri halda işçilərin iş saatlarını kəsməyə məcbur olublar.

Fransanın kənd təssərüfatı və qida naziri Stefan Travert qıtlığın tezliklə, süd istehsalının normal səviyyəyə qalxmasından sonra aradan qaldırılacağını deyib. Lakin bəzi sənaye və kənd təssərüfatı xadimləri azalmış süd istehsalının yaratdığı vəziyyətin qışa qədər davam edə biləcəyini deyirlər.

Qəzet yazır ki, kərə yağı bazarında problemlər Avropa İttifaqının 2015-ci ildə kvotaları ləğv etmə qərarı ilə başlayıb. Bundan sonra əvvəlcə süd istehsalı kəskin şəkildə artıb, bu isə bazarda qiymətin kəskin azalması ilə nəticələnib və süd istehsalçılarını istehsalı kəskin şəkildə azaltmağa məcbur edib. Lakin istehsalçıların bu qərarı ilə yanaşı dünyada kərə yağına tələbat da artmağa başlayıb.

Süd istehsalçıları kərə yağının istehsalının onlar üçün əlverişli olmadığından şikayətlənirlər. Hökumət istehsalçıların qiymət dəyişikliyi tələblərinə razılıq verərək problemi aradan qaldırmağa çağırıb. Mağaza və supermarketlər isə qiymətləri hər ilin əvvəli bir illik müddətə müəyyən etdiklərinə görə, bazardaki bu dəyişikliyin qiymətlərə təsiri olmayıb.

Buna görə, istehsalçıların çoxu kərə yağını yerli bazarlarda satmaq əvəzinə xaricə ixrac etməyi üstün tuturlar. (BBC)