XƏBƏR LENTİ

04 Avqust 2020
03 Avqust 2020

Digər Xəbərlər

03 Mart 2015 - 06:41

Mağazalarda süni bahalaşmanın gizli üsulu
Mağazalarda süni bahalaşmanın gizli üsulu

Marketlərdə vitrin qiymətləri ilə kassadakı qiymət arasında böyük fərqlər var; mağaza sahibləri səbəbi həm də “Azərsun”un yerli məhsulları bahalaşdırmasında görür…

ölkədə manatın ucuzlaşmasından dərhal sonra ərzaq məhsullarının qiyməti də bahalaşdı. Satıcılar yalnız xaricdən gətirilən məhsulların qiymətində bahalaşma olduğunu desələr də, yerli məhsullarda bahalaşma da danılmaz faktdır.

Son günlər süni qiymət artımına qarşı müvafiq qurumların yoxlamalar apardığını nəzərə alan və cərimələnməkdən çəkinən bir sıra marketlər alıcıları və müvafiq qurumları aldatmaq yolunu seçiblər. Belə ki, bir sıra marketlərdə ərzaq məhsullarının qiyməti kassada vurulan qiymətlərlə eynilik təşkil etmir. Hətta bu marketlərdə sonda alıcılara çeki belə təqdim etmək istəmirlər.
Bu cür marketlərdən biri də “Neftçilər” metrosu yaxınlığındakı “Qarabağ market”dir. Marketdə ərzaqların üstündəki qiymət bir cür, kassada isə başqa cürdür. Məsələn, “Hazer cevizli lokum” vitrində 3 manat 60 qəpik və 3 manat 85 qəpiyə qoyulsa da, kassada 4 manatdan, “Şəfa” fülesinin kiloqramı 6 manat 80 qəpik olsa da, kassada 7 manatdan hesablanırdı. Mayonezlərə gəlincə, vitrindəki qiymətlərlə kassada alıcıdan çıxılan məbləğ arasında 15-20 qəpik fərq vardı. Bu da alıcılarda narazılıq yaradırdı. Kassada alıcının kassirlə mübahisəsinin də şahidi olduq. Alıcılar aldadıldıqlarını bildirirdilər.
Əli Quliyev adlı alıcı vitrindəki qiymətlə kassada ondan alınan məbləğin çox fərqli olduğunu dedi: “Bizi niyə aldadırlar. Ərzağın qiyməti vitrində necədirsə, kassada da elə çıxılmalıdır. Bəlkə mən heç o qiymətə həmin məhsulu almayacağam”.
Digər marketlərdə də oxşar vəziyyəti müşahidə etdik.
Süni qiymət artımı ilə qarşılaşanlar bu telefon nömrələri -498 -15-01 498-15 -04 (195-2) ilə əlaqə saxlaya bilərlər” elanına nəzərən həmin nömrələrdən birincisinə zəng elədik. Qaynar xəttin əməkdaşı olduğunu deyən Elnurə Fərzəliyeva gün ərzində onlara qiymət artımı ilə bağlı yüzlərlə zəng gəldiyini bildirdi: “Biz gələn şikayətlər əsasında süni qiymət artımının qarşısını almaq üçün tədbirlər görürük. Bizə daha çox kişilər siqaretlərin bahalığı ilə bağlı müraciət edirlər. Prezident də süni qiymət artımının qarşısını almaq üçün sərəncam verdi və artıq tədbirlər görülür. Bizə vitrindəki qiymətlə kassadakı qiymət arasındakı fərq barədə də şikayətlər daxil olmaqdadır. Bu tip mağazalar barədə də müvafiq ölçü götürüləcək”.
ümumilikdə mağazaların vitrinlərinə nəzər salsaq şəkər tozu, qənd, mürəbbə, un, tomat, kürü və sairə kimi məhsulların məhz “Azərsun”un istehsalı olduğunu görərik. Hər kəsə də məlumdur ki, Azərbaycandakı ən böyük inhisarçılardan biri “Azərsun Holdinq”dir. Mağaza sahibləri yerli məhsulların qiymətlərinin baha olmasını məhz yerli şirkətlərin malları onlara baha satması ilə əlaqələndirirlər. ölkənin ən böyük qida sənayesi şirkəti “Azersun”un özü açıqlamasında bildirmişdi ki, Azərbaycan əhalisinə satdıqları məhsulların 90 faizini ölkədə istehsal edirlər. Belədisə, bu məhsulların mağazalara baha qiymətə satılması heç bir məntiqə sığmır.
Adının çəkilməsini istəməyən mağaza müdiri yerli firmaların malları baha gətirdiyini dedi: “Ərzaqların qiymətini artırdığımız üçün Vergilər Nazirliyindən gəlib bizi 10-15 min manat məbləğində cərimələyirlər. Halbuki burada bizim, yəni mağazanın bir günahı yoxdur. Əgər bahalaşmanın qarşısını almaq istəyirlərsə, əvvəlcə bu malları bizə od qiymətinə satan yerli holdinqləri cəzalandırsınlar. Bilmirik xaricdən gətirdiyimiz malların qiymət fərqini örtməyə çalışaq, yoxsa yerli bazardan alınan məhsulların. “Azərsun” kimi yerli firmalar bizə məhsulları od qiymətinə satmasa, bu qədər bahalaşma olmaz. Yalnız xaricdən gətirilən məhsulların qiyməti artar. Bizə baha satıldığı üçün biz də baha satmağa məcbur oluruq. Əks təqdirdə, müflis olarıq”.
Qeyd edək ki, fevralın 2-si səhər saatlarından etibarən siqaretlərin qiymətinin ucuzlaşdığına dair xəbərlər yayılsa da, bu ucuzlaşmanın yalnız böyük marketlərdə bəzi siqaretlərə şamil edildiyini müşahidə etdik. Bəzi marketlər isə firmalar tərəfindən ucuz aldıqları siqaretlərin satışını dayandırıblar. çünki yaxın bir neçə gündə həmin siqaretlərin qiymətinin yenidən bahalaşacağı gözlənilir. çünki bir müddət əvvəl Nazirlər Kabineti respublika ərazisinə gətirilən spirtli içkilərin, tütün məmulatlarının, eləcə də neft məhsullarının yeni aksiz dərəcələrini təsdiqləyib. Dəyişikliyin martın 1-dən etibarən qüvvəyə minəcəyi bildirilirdi. Bundan sui-istifadə edən işbazlar isə bu gün ucuz aldıqları siqaretləri vitrinlərdən yığışdırıblar ki, bahalaşanda yenidən vitrinə düzsünlər.
Vitrinlərdən yığışdırılan siqaret markalarından biri də “Kent”dir. Dünən 2 manat 40 qəpiyə satılan “Kent 4” markalı siqaret bu gün köhnə qiymətə – 1 manat 70 qəpiyə olub. 2 manat 80 qəpiyə, 3 manata satılan “Sobranie” siqareti isə 2 manat 20 qəpiyə satılıb. Köşklərdə isə siqaretlərin qiymətində heç bir dəyişiklik yox idi. Satıcı İman Əliyev onlara siqaretin ucuzlaşması haqda heç bir göstəriş verilmədiyini dedi. Köşklərdə siqaretin qiymətləri bu cür idi: əvvəl 2 manata satılan “Sabranie” indi 2 manat 80 qəpiyə, 1 manat 20 qəpiyə satılan “LD” 1 manat 70 qəpiyə, 1 manat 50 qəpiyə satılan “Vinston” indi 2 manat 20 qəpiyə, 1 manat 70 qəpiyə satılan “Kent 4” 2 manat 40 qəpiyə satılırdı.
Günel MANAFLI
Fotolar müəllifindir