XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Noyabr 2017 - 01:31

İqtisadiyyatda gəlir indeksi –50 rəqəmi və onun əhəmiyyəti haqda mülahizələr

Elşən NƏSİBOV

Siyasətşünas-alim

 

İqtisadiyyatda yekun gəlir indeksi 50 rəqəmi ilə müəyyən olunarsa, iqtisadi inkişaf sıçrayışla müşayiət olunar. Buna görə də pulu istehsalata təkan verən amil kimi görmək lazımdır. Bu, həm də pul fəlsəfəsinin tərkibi kimi dəyərləndirilməlidir.

İqtisadiyyat kompleks sistemdir. Elementlər bir-birini bağlayıcı və şərtləndirici, eləcə də dəyişdirici formada tamamlayır. Bu proseslərdən də dalğalanmalar yaranır. İqtisadiyyat müstəvisi daima qalxan və enən cədvəl trayektoriyaları ilə formalaşır. İqtisadiyyat müstəvisi üfiqi və şaquli olaraq oxşar və fərqli  elementlərlə zənginləşir. 

İqtisadiyyat prosesləri kəmiyyətə, miqdara, ölçüyə, hesabata bağlı olur. Çünki maddi maraqlar ölçü ilə təmin olunur.

İqtisadiyyatda gəlirlər və məsrəflər hesablanır. İqtisadiyyatda hesablama modelləri tətbiq olunur. Eləcə də iqtisadi proseslər analiz edilir, gəlirlər və xərclər hesablanır. İqtisadi proqnozlaşdırma sayəsində aylıq, illik hesabatlar müəyyən olunur. İtqisadiyyat mikro-cari və makro-strateji təyinatlı olur. İqtisadiyyatın makro-müstəvisi dövlətin qorunmasını, maraqlarının genişlənməsini və geoiqtisadi məzmun kəsb etməsini şərtləndirir.

İqtisadiyyatda istehsalat – baza, qeyri-istehsalat isə yan, köməkçi sahələr, bağlayıcı həlqələr, xətlər rolunu oynayır. İqtisadiyyatda əsas gəlirlər istehsalata bağlı olur. Buna görə də istehsal aparıcı, yönləndirici tərkibdir.

Məhsulların daşınması xərcləri, nəqliyyat xərcləri də gəlirli sahələr hesab olunur. İqtisadiyyatın mütəhərrikini nəqliyyat sektorları, eləcə də informasiya texnologiyaları sektorları təmin edir. İqtisadiyyatda istehsaldan əldə olunan texniki vasitələr daşınma funksiyasını təmin edirlər. Buna görə də istehsalat (əldə olunan məhsullar)  özü elə baza istehsalata xidmət edir.

Bütün proseslər kəmiyyət və zaman bağlayıcılığında qiymətlərlə müəyyən olunur. Bir məhsulun, ya da məhsulun daşınmasının qiymətləndirilməsində proseslərdə iştirak edən bütün elementlər, tərkib ünsürlər nəzərə alınır. İstehsalatda iştirak edən bütün vasitələr qiymətləndirilir. Qiymətlərin cəmi, müəyyən mərhələdə yekunu iqtisadi məsrəflər və qazanclar balansını müəyyən edir. İqtisadiyyat insan həyatının ölçülüb-biçilməsi obyektindən ibarət olan müstəvidir. Bu mənzərədə insanlar üçün lazım olan bütün maddi amillər dəyişir, əldə olunur, mübadilə olunur.

İqtisadiyyat insanların maddi, mənəvi maraqlarını təmin edən yaradıcılıq və quruculuq proseslərinin cəmidir. Bu proseslərdə tərkiblər (detallar), hazır məhsullar, köməkçi tərkib (başqa məhsulları tamamlayıcı)  məhsullar, natamam və tam tərkib məhsulları istehsal olunur. İqtisadiyyat sistemi forma baxımından məhsul istehsalından (başlanğıc proses) və onun satışından (nəticə prosesindən) ibarət olan bir sistemdir. Hər bir nəticə başlanğıca şərt verə bilər. Tərkib hissələrin, detalların, tərkib cihaz və ləvazimatların, avadanlıqların istehsalındakı nəticələr ardıcıl və növbəti istehsal üçün başlanğıc verə bilir. Xammal, yarımxammal,  fabrikat (müəssisələrdə hazırlanmış, tamamlanmış, hazır fabrik  məhsulları)  və yarımfabrikat (ilkin nəticələr üçün əldə olunmuş, lakin sonrakı məhsulları üçün zəruri olan  məhsullar) təkrar məhsulların istehsalında tamamlayıcı vasitələr kimi istifadə oluna bilir.  İqtisadiyyat kriteriyalar və təyinatlar üzrə seqmentləşə (tərkib hissələrə ayrılma) bilir.

Burada məhsul istehsalı, onun tədarükü, bazarı, daşınması, infrastruktur və digər tərkib elementlər mövcuddur. İqtisadiyyatın strukturlaşdırılması və mexanizmləşdirilməsi elementlərin zamana, sərf olunan müddətə nəzərən hərəkəti, dövriyyəsi, forma və məzmun dəyişməsi halları təsərrüfatı  təşkil edən proseslərdən ibarət olur.

İqtisadiyyat elə bir sistemdir ki, burada bütün məhsullar vasitə və detal rolunu oynaya bilir. İqtisadiyyatın bazasını sənaye istehsalı təşkil edir. Sənaye istehsalının sahələri çoxlu təşkil edir. Hər bir məhsula müəyyən zamanda əmək sərf olunur. Eləcə də baza kapital lazım olur. Məhsul istehsalı maddə və cism dəyişməsindən ibarət olan təbii və süni proseslərdən ibarət olur. Məsələn, kənd təsərrüfatı məhsullarının əkilib-becərilməsi, yetişdirilməsi təbii prosesdir. Ancaq cisimdən hər hansı bir cismin və yaxud da maddənin əldə edilməsi isə süni prosesdir. Burada insan iradəsinə uyğun forma və məzmun alınır. Ancaq təbii proseslərdə təbiətin qanunauyğunluğu və iradəsi əsas şərtdir. Məhsulun yetişdirilməsinin təbii qanunauyğunluğu mövcud olur.

İqtisadiyyat-təsərrüfat sisteminin bütün sahələrində rəqəmlər konkret, mütləq olmaqla bərabər,  şərtidir. Müəyyən dərəcələr təyin olunur. Qiymətləndirmə də şərti olaraq hesablana bilir. Təbii ki, qiymətləndirmə, normativlik şərti, təqribi olmaqla bərabər, həm də dəqiq ola bilir. İstehsal və xidmət prosesləri qiymətləndirilir. Əməyin sərfiyyatı zamana, məkana, iqlim şəraitinə, əmək şəraitinə uyğun olaraq indeksləşdirilir, rəqəmlərlə uyğunlaşdırılır.  Bir məhsulun istehsalı üçün lazım olan kapital qiymətləndirilir. Ona çəkilən əmək sərfiyyatı hesablanır. Məhsulun maya dəyəri və onun ümumi dəyəri qiymətləndirilir.

Əmək sərfiyyatının minimumları və maksimumları müəyyən olunur. İş saatı və bu müddət ərzində istehsalın və qeyri-istehsalın kəmiyyəti hesablanır. Nəticə etibarilə əmək haqları şərti olaraq, təqribi qiymətlərlə hesablana bilir.

Məhsul istehsalında qiymətlər insanların gündəlik, aylıq, rüblük ehtiyaclarına uyğun olaraq müəyyən olunur. Məhsulun satış qiymətlərinə uyğun olaraq məhsul sahibi əmək sahəsinə yatırım edir. Əmək haqları müəyyənləşdirir. Bu baxımdan da dəqiq qiymətləri olan təqribi hesablamalar tətbiq olunur. Bu tətbiq alqoritmik qaydada, əlaqəli ardıcıllıqla, kompleks məzmunla müəyyən olunur. Bir məhsulun pərakəndə və topdan satış qiymətləri müəyyən edilir. Məhsul çeşidinin qiymətləri əmək kollektivinin əmək sərfiyyatı ilə uyğunlaşdırılır. 

Əmək haqları müəyyən edilərkən şərti olaraq qiymətlər təyin edilir. Bu qiymətlər yekunda insanların bazar qiymətlərinə müvafiq olaraq yaşamalarını təmin etmək məqsədini güdür. İnsanın (işçinin) çəkdiyi xərclər (əmək xərci) onun zamana uyğun tələbatını ödəmək məqsədini güdür.

Məhsul istehsalı və ondan asılı olan infrastruktur mexanizmləri (məhsulların bazara çıxarılması, satqı vasitəsi olması) müəyyən standartlarla şərtləndirilir. Qiymət qoyulması xammala, ya da detallara  çəkilən sərfiyyat, sərf olunan əmək sərfiyyatı, vergilər, istehsal proseslərində sərf edilən əlavə xərclər məcmu şəkildə toparlanır. Burada minimal, orta və maksimal standartlar təyin olunur.

İqtisadiyyatda ilkin qiymətlər, tariflər, minimum qiymətlər maksimal qiymətlərə nəzərən də müəyyən oluna bilir. Bu anda məhsulun bazarda satış qiymətləri də nəzərə alınır və ona hesablanılır. Məsələn, taxılın, buğdanın bazarda satış qiymətlərindən onun əldə olunması üçün qiymətlər təyin olunur. Burada formalaşmış bazar, yekun qiymətlər bazarı məhsulun istehsal proseslərindəki qiymətləndirməyə təsir edir, onun üçün istinad, göstərici dayaq rolunu oynayır. Deməli, məhsul istehsalı öz tərkibini bazar satış qiymətlərindən müəyyən edə bilir. İstehsal prosesləri tərkib hissələrə ayrılır. Tərkib hissələr qiymətləndirilir. Ümumi mənfəət və xalis mənfəət çıxarılır. Məhsulun istehsalı, onun vergisi, əmək haqları, ümumi və xalis gəlirə bağlı olur. Əgər bir məhsul istehsalında hazırlanma üçün proseslər trayektoriyasında qiymətləri Latın  əlifbası  sırası ilə təyin etsək, belə qərara gələ bilərik ki, “A” hərfində başlayan istehsal məhsulunun “Z” hərfinə qədər olan mərhələsi elə “Z” hərfinin qiymətinə görə müəyyən olunur. Bu iki hərf arasında olan hərflərə nəzərən aralıq qiymətlər formalaşır. Bu qiymətlər həm fabrikat, həm də yarımfabrikat ola bilir. “Z” hərfinin müəyyən etdiyi yekun qiymətlər də “A”-dan “Z”-ə qədər olan məsafədəki hərflərin toplanmış cəmini əks etdirir. Ola bilər ki, Latın əlifbasının “H”, yaxud da “T” mərhələsində qiymətlər fərqlənsin, əvvəlkindən dəyişik formada olsun. Bu halda “Z” hərfində olan istehsalat qiyməti, məhsul qiyməti də dəyişikliyə uğraya bilər. İstehsalat trayektoriyasındakı “A”-“Z” məsafəsindəki aralıqlarda fabrikatlar və yarımfabrikatlar əldə oluna bilər.   Eləcə də tərkib qiymətlər bölgü ilə müəyyənləşir. Yekun qiymətlərdən əldə olunan ümumgəlir və xalis gəlir qiymətlərindən də əmək haqları müəyyənləşir.

 

Bazar şərtləri və qiymətləri

 

Məhsulların qiymətlərini bazar müəyyən edir.  Bazarda məhsullar qarşılıqlı əsaslarla qiymətləndirilir. Bazarda məhsulların şişirdilmiş, süni qiymətləri də formalaşa bilir. Bazarda qiymət artımına və spekulyasiyaya yol verməmək məqsədilə dövlət maliyyə tənzimləməsi, bazar tənzimləməsi siyasətini tətbiq edir. Bu baxımdan bazarla yanaşı, tarif (qiymətqoyma) şuraları da ölkələrdə strateji məhsulların qiymətlərini tənzim edə bilirlər. Bazarlar azad yollarla qiymətləri tənzim edir. Bu halda “üzən qiymətlər” formalaşır. Bazarlarda məhsullar pula mübadilə olunur. Həmin pul da başqa məhsulların əldə edilməsini təmin edir. Deməli, pul vasitə olaraq mübadilə və bağlayıcılıq funksiyasını yerinə yetirir. Qiymətləri və dəyərləri fərqləndirir və onlar arasında bağlayıcılıq yaradır.

Qiymətlər real-təbii olaraq formalaşır, həmçinin spekulyasiyalar yolu ilə də müəyyən olunur. Qiymətlərdə süni artımdan istifadə olunur. Bzara çıxarılan məhsullar bolluq təşkil etdikdə, çeşid və kəmiyyət, miqdar artdıqda alıcılıq zəifləyir məhsulun qiymətləri də aşağı düşə bilir. Aşağı qiymətlər alıcılığı bir qədər intensivləşdirə bilir. Strateji məhsulların bazar qiymətlərinə təbii fəlakətlər də təsir edir. Qıtlıq yarandıqda məhsulların qiymətləri də yüksələ bilir. Bu halda bazarda tarazlıq pozulur. Pozulma anı növbəti tarazlıq üçün digər məhsulların da qiymətlərinə təsir edir. Strateji məhsulların qiymətləri ümumdünya siyasətindən də asılı olur. Bu baxımdan da iqtisadiyyatda “siyasət qiymətləri” (qlobal və regional siyasətin təsirindən yaranan iqtisadi qiymətlər) anlayışları yarana bilir. Strateji məhsulların bazar qiymətləri regionlarda siyasət axarına da öz təsirlərini göstərir.

Bazarlar hazır məhsulların və yarımfabrikatların realizə məkanlarını təşkil edir. Qiymətləri bazarla yanaşı, məhsulun özünün daşıdığı dəyərlər də (məhsula xərclənən məsrəflər) formalaşdırır. Satıcı öz gəlirləri də daxil olmaqla, məhsulun yekun qiymətlərini sərbəst şəkildə təyin edir. Deməli, bazar qiymətlərinə uyğun istehsalat prosesləri trayektoriyası yaranır. Yəni, bir məhsulun (təbii ki, müəssiələrdə topdan formada istehsal olunur) istehsal proseslərində elementlər ardıcıl şəkildə zəncirvari qaydada düzülür. Burada bölgü elə aparılır ki, məhsul öz dəyərini mövcud bazara uyğunlaşdıra bilsin. Eləcə də istehsal trayektoriyasında elementlər cəmi özü bazar qiymətlərini yaradır. Qiymətlər müəyyən olunarkən istehsal məhsullarının tərkibini təşkil edən hissələrin, seqmentlərin, xammalın qiymətləri nəzərə alınır, məcmu, yekun  halının qiymətləri formalaşır. Xammalın qiymətləri, onun daşınması, təyinat məhsuluna çevrilməsi proseslərinin qiymətləri məhsulun maya dəyərini meydana gətirir. Nəticə qiymətləri istehsal, ilkin qiymətlərin tərkibə çevrilməsini şərtləndirir. Məsələn, dəmir flizinin xammal kimi qiymətləri metal qiymətlərini, eləcə də metaldan hazırlanan məhsulların qiymətlərini müəyyən edir. Eləcə də gəmi, avtomobil, qatar, təyyarə, hərbi texnikalarda istifadə vasitələrin qiymətlərindən xammal kimi metalın qiymətini müəyyən etmək olur. Bazarda tələbat artdıqca təklif artır. Bu da öz növbəsində qiymətlərin artımına, bol məhsul istehsalına stimul yaradır.

Bazardan alınan məhsullar, məsələn, texnika məhsulları, bir kapital rolunu oynayır. Həmin məhsul baha qiymətə (məsələn, kombayn) alınır. Bu texnika istifadə olunur. Həmin istifadə proseslərindən texniki vasitəyə çəkilən xərclər nəzərə alınır. Burada uzun müddətli gəlir və xərclərin əvəzinin ödənilməsi taktikası müəyyən olunur. Bazara çıxarılan məhsulların qiymətlərinin müəyyən olunmasında məhsulu ərsəyə gətirən texniki vasitələrin istifadə xərcləri, amartizasiya xərcləri də əlavə olunur. Bu xərclər maya dəyərdə öz əksini tapır. Xərclərin əvəzinin ödənilməsi, ziyanların qarşısının alınması məqsədilə sərfedici qiymət xətti, koordinatı müəyyənləşdirilir. Ümumi gəlir qiymətlərinin tərkibi kimi xalis gəlir və əmək haqları, vergi və digər paylar qiymət koordinatına, qiymət istinadına nəzərən müəyyən olunur. Yekun koordinat qiyməti özündə nəticə və əlaqələr qiymətlərini birləşdirir. Koordinat qiymətinə nəzərən iqtisadi sistemlərin bağlayıcılıq həlqələri müəyyən olunur.

Bazara çıxarılan məhsullar tələbatların ödənilməsinə və nəticə etibarilə sosial-rifahın ödənilməsinə, təminatına əsaslanır. İstehsal məhsullarının satılmasından, eləcə də yük daşımalarından, rabitə-nəqliyyat xidmətlərindən əldə olunan qazanclar təkliflər olaraq tələblərin ödənilməsinə şərtlənir. İnsanlar əmək haqları, mükafatlar, təqaüdlər və digər yollarla qazanclar əldə edirlər. Həmin qazanclar istehsalın stimulunu yaradır, yeni istehsalı şərtləndirir. Bu baxımdan da iqtisadiyyat istehsaldan, təkrar istehsaldan, xammalın təyinata uyğun şəkildə forma dəyişməsindən meydana gələn sistemlər cəmidir.

İnsanlara verilən əmək haqları təkrar investisiya şəkilində istehsalata və infrastruktura ayrılır, geri dönür. İnsanların qazancları onların məsrəflərini şərtləndirir. Belə ki, sahələr üzrə əldə etdikləri məhsulları elə bazarda özləri də alırlar. Sadəcə burada hərəkətə gətirən vasitə qismində pul rol oynayır. Pul mübadilə funksiyasını yerinə yetirir. İqtisadiyyat burada forma dəyişmələrini və dəyişilmiş formaların məkan dəyişmələrini şərtləndirir. Qazanclar təkrar olaraq yeni qazanc məkanlarına yönəlir. İnsanlar sahələr üzrə qazanır və sahələr üzrə də məsrəf edirlər. Bu yolla məhsulların fərdi və kollektiv mübadiləsini, qazanclar sistemini birləşdirirlər. Ümumi bazar yaradırlar. Bir-birilərinin məhsullarını əldə edirlər. Bu baxımdan da ümumi realizə mexanizmini formalaşdırırlar. İstehsal sahələri ayrı-ayrı olsa da, bazar məfhumu qazanclar və məsrəflər balansını birləşdirir.

İnsanların qazancları məsrəf olunur:

– istehlaka;

– kənd təsərrüfatı məhsullarının istehsalına və mənimsənilməsinə;

– ərzaq tələbatlarının ödənilməsinə;

– sənaye məhsullarının əldə olunmasına;

– məişət məhsullarının əldə olunmasına;

– sosial xərclərə;

– istirahətə;

– infrastrukturdan istifadəyə;

– həyatı rahatlaşdıran komfort yaradan vasitələrə;

– adət-ənənələrin icrasına;

– dini ayinlərin icrasına;

– digər mədəniyyət tədbirlərinə;

– müalicəyə;

– gəzmək üçün nəqliyyat vasitələrinə;

– geyim əşyalarına;

– ev ləvazimatlarına və avadanlıqlarına;

– təhsil və elmə;

– ev və mülk tikintisinə;

– təmizlik və gigiyenik işlərə;

– mobil rabitə xidmətlərinə;

– efir vasitələrinə;

– uşaq-tərbiyə müəssisələrinə;

– uşaq oyuncaqlarına;

– idman və əyləncələrə;

– mədəniyyət, istirahət və əyləncə vasitələrinə və s.

Bu məsrəflər özü də təkrar sərmayə rolunu oynayır.

Məsrəfləri “50” rəqəmi civarında yuvarlaqlaşdırmaq, indeksləşdirmək  məsləhətli olar.

Bu gün elmin inkişafı istehsal vasitələrinin modelləşdirilməsinə və yenilənməsinə yönəlir. “Qısa zamanda asan əldə etmək” strategiyası elmin əsas məqsədini təşkil edir.  Elmin inkişafı yeni-yeni elmi-texniki tərəqqi vasitələrinin meydana gəlməsini zəruri edir. İstehsalatda tətbiq olunan yeni elmi metodlar uzaq məsafələri yaxın etməkdədir. Həmçinin yeni modellər asan istifadəni, eləcə də yeni modelləri əldə etməkdədir. Qloballaşma şəraitində elmi-texniki metodlar hökm sürür. Bu texniki hakimiyyət də sahələrin texnikalaşmasını, asan yollarla qazanc əldə edilməsini zəruri edir. Çoxlu sayda çeşidlərin əmələ gəlməsi insan həyatına da sirayət edir və həyatı çoxçeşidli edir. Çox növlü məhsul, ondan istifadə amilləri iqtisadiyyatı şaquli və üfiqi trayektoriyada genişləndirir. İnsan həyatında, onun tərkibi olan sosial sferada istifadə olunan məhsulların sayı çoxalır. Çeşidlərin bolluğu və zənginliyi insan həyatını da maraqlı edir. Gündəlik, aylıq, rüblük tələbatları genişləndirir. Tələbatların genişlənməsi iqtisadi genişlənmədən yaranır və iqtisadiyyatı da genişləndirir. Bu genişlənmə sayəsində tərkib hissələrdən birləşmələr də genişlənir.

Təxmini müşahidələr göstərir ki, insan həyatının bügünkü normal yaşayış səviyyəsi 50 (əlli) rəqəminə uyğun gəlir. Gündəlik xərcləri təşkil edən elementlərin tərkib hissələrinin cəmi təxminən əlli rəqəmini təşkil edə bilir. Gündəlik sosial-maddi həyat ən yaxşı halda əlli rəqəminin “sağ” və “solunda” tarazlıq yarada bilir. Bu rəqəm insanın (bir nəfər fərdin) cəmiyyət tələbatından tutmuş fərdi məişət tələbatına qədər olan rəqəmləri əhatə edir.

İstehsalat və tələbat arasında olan balansı əlli rəqəmi ilə koordinatlaşdırmaq məsləhətli olar. Bu halda iqtisadi yüksəliş də məqsədli olar. 50 rəqəmi iqtisadi proqramlaşdırmanın optimal və faydalı variantlarının formalaşmasını təmin edər. 50 rəqəmi hədəf rəqəmi kimi müəyyən olunmalıdır. “0” rəqəmi ilə “50” rəqəmi arasında gündəlik həyat üçün zəruri və vacib olan çoxlu sayda elementlər yer alır.

Qeyd olunduğu kimi, iqtisadiyyatın gəlirlər indeksini 50 rəqəminə (baza və nəticə olaraq) uyğunlaşdırmaq məsləhətli olar. Bu, o deməkdir ki, bir şəxsin gündəlik qazancı 50 ABŞ dolları (ekvivalent olaraq qızıla və digər qiymətli metallara da bərabər tutmaq olar) və ondan yuxarı həddə olmalıdır. İstehsalın, qeyri-istehsalın, xidmətlərin, infrastrukturun təşkilini 50 rəqəmi ilə uyğunlaşdırmaq olar. 50 indeksi odur ki, gündəlik ümumi qazanclar adambaşı 50 ABŞ dollarını təşkil edir. Buradan da ölkənin gündəlik, aylıq, rüblük və  illik  milli gəliri, dövlət büdcəsi və digər fondlar formalaşır. Gündəlik 50 rəqəmindən vergilər yığılır. Bu vergilər də dövlət büdcəsini formalaşdırır. 50-dən yuxarı hədlər də ola bilər. Tutaq ki, bir şəxs 50 ABŞ dolları  məbləğində gündəlik qazanır, yaxud da şəxsin payına (böyük+kiçik-hər biri 50 dollar) 50 ABŞ dolları düşür. Bundan əmək haqqına, qazanca pay ayrılır. Şəxsin əməyi 50 dollara bərabər olur. Bunun içərisində məhsulun da gəlirinə pay ayrılır. 50 rəqəmindən (ümumi gündəlik gəlirdən) xalis gəlir çıxılır. Həmin xalis gəlir təkrar istehlaka və xidmətlərə yönəlir.  Ehtiyat da ayrılır. Yəni, hər şəxs üçün ehtiyat yığılır.