XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

25 Noyabr 2017 - 16:49

İlham Əliyev:“Cənub Qaz Dəhlizi” layihəsi Avropanın enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişəcək"

Prezident İlham Əliyev Brüsseldə Şərq Tərəfdaşlığı Sammitinin plenar sessiyasındakı çıxışında enerji və nəqliyyat təhlükəsizliyinin Azərbaycan üçün vacib maraq kəsb edən əsas prioritet sahələr olduğunu bildirib.

Azərtac xəbər verir ki, dövlətimizin başçısı çıxışında “Cənub Qaz Dəhlizi” layihəsi Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcəyini vurğulayaraq deyib: “Cənub Qaz Dəhlizi” uğurla inkişaf edir. Bu layihənin dəyəri 40 milyard ABŞ dollarından artıqdır və bizə əlavə həcmdə təbii qaz hasil etməyə və bunu Azərbaycandan Avropa bazarlarına nəql etməyə imkan verəcək. 3500 kilometrlik qaz xətti yeni marşrut olacaq və Avropa bazarlarına yeni mənbədən qaz nəql edəcək. Bu, enerji təhlükəsizliyi siyasəti ilə bərabər, enerji şaxələndirilməsi siyasətidir, çünki Azərbaycanın qaz yataqlarından hasil ediləcək qaz Avropanın yeganə yeni təbii qaz mənbəyi olacaq və sözsüz ki, Avropa qitəsinin enerji xəritəsini əhəmiyyətli dərəcədə dəyişdirəcək. Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,6 trilyon kubmetrə bərabərdir və bu, qarşıdakı onilliklərdə Avropaya təbii qaz nəql etmək üçün yetərli olacaq”.

Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsü olan “Cənub Qaz Dəhlizi” layihəsinə verdiyi davamlı dəstəyə görə Avropa Komissiyasına minnətdarlıq edərək deyib ki, bu dəstək və layihənin Avropa maliyyə institutları tərəfindən maliyyələşdirilməsi onun uğurla həyata keçirilməsi üçün böyük əhəmiyyət kəsb edir.

“Azərbaycanın qonşuları ilə birgə həyata keçirdiyi daha bir əhəmiyyətli təşəbbüs ötən ay açılışı olmuş Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən, bununla da Asiya ilə Avropa arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yoludur. Bu, qarşılıqlı ticarət dövriyyəsini artıracaq və bir çox ölkələrə bu layihəyə qoşulmağa imkan verəcək ən qısa nəqliyyat marşrutu olacaq. Beləliklə, Azərbaycan Avropanı Asiya ilə dəmir yolu vasitəsilə birləşdirən ölkəyə çevrilib. Enerji təhlükəsizliyi, nəqliyyat təhlükəsizliyi, iqtisadi inkişaf – bütün bunlar bizim üçün vacib maraq kəsb edən və əsas prioritet olan sahələrdir”, – deyə dövlətimizin başçısı qeyd edib.