XƏBƏR LENTİ

30 Sentyabr 2020
29 Sentyabr 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 06:38

Azərbaycanı tam ərzaq təhlükəsizliyinə aparan real mexanizm

Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkənin ərzaq təhlükəsizliyilə bağlı etdiyi çıxışında önəmli məqamlara toxunub:

«Bu il «Kənd təsərrüfatı» ili elan edilmişdir. Bu da bu sahəyə göstərilən diqqətin təzahürüdür. Sənaye, kənd təsərrüfatı hər bir ölkənin uğurlu iqtisadi inkişafını təmin edən sahələrdir. Xüsusilə Azərbaycan kimi ölkənin. Bizim əhalimizin təxminən yarısı bölgələrdə, kəndlərdə yaşayır».

Dövlət başçısı daha sonra bildirib ki, ərzaq təhlükəsizliyi bizim üçün prioritetdir: «çünki biz hələ tam şəkildə ərzaq təhlükəsizliyimizi təmin edə bilməmişik. Ancaq bu istiqamətdə böyük yol keçmişik. çünki bu gün Azərbaycan özünü əsas ərzaq məhsulları ilə təmin edir. Düzdür, bəzi hallarda bu məhsulların komponentləri idxal edilir. Bu, əlbəttə, birinci mərhələ üçün hesab edirəm ki, məqbul variantdır. Ancaq çalışmalıyıq ki, Azərbaycanda istehsal olunan bütün ərzaq məhsullarının bütün komponentləri Azərbaycanda istehsal olunsun, toxumdan tutmuş, ta hazır məhsullara qədər. Ona görə bütün bu zənciri biz yaradırıq, yaradacağıq. İlk növbədə, əlbəttə ki, biz sənaye, yəni emal müəssisələrini yaradırdıq. Bəzi hallarda o müəssisələrdə istehsal olunan mallar xaricdən xammal kimi gətirilirdi, burada paketlənirdi, ya süzülürdü. Bu, birinci mərhələ idi».

Prezident diqqətə çatdırıb ki, biz indi əsas mərhələyə keçirik, lokalizasiya yüz faiz olmalıdır. çünki ərzaq təhlükəsizliyi bundan sonra dünya üçün ən böyük məsələ olacaq, o ölkələr ki, ərzaq təhlükəsizliyini təmin etməyib, onlar böyük problemlərlə üzləşəcək.

Prezident İlham Əliyev deyib: «Əlbəttə ki, bazar iqtisadiyyatı prinsipləri bizim üçün əsasdır. Biz idxal da, ixrac da edirik. Ancaq görürük, bəzi hallarda əgər biz hansısa mənbədən asılıyıqsa, onda müəyyən problemlər yaranır, o cümlədən qiymətlə bağlı olan problemlər. Bizim son illər ərzində gördüyümüz işlər imkan verdi ki, indi inflyasiya çox aşağı səviyyədə olsun. Nəyə görəğ çünki biz xarici bazarlardan, xarici ərzaq bazarlarından o qədər də asılı deyilik. çünki yerli istehsal artıq kifayət qədər güclüdür. Yerli istehsal əgər yüz faiz yerli xammal üzərində qurulacaqsa, o zaman ümumiyyətlə, xaricdə gedən proseslər, böhranlı vəziyyət, yaxud da ki, neftin qiymətinin ucuzlaşması bizə təsir etməyəcək».

Dövlət başçısı vurğulayıb ki, ona görə ərzaq təhlükəsizliyi birinci məsələdir: «Yerli istehsalın artırılması prosesi gedir. Müxtəlif yerlərdə emal müəssisələri yaradılır və ixrac imkanlarımız da genişlənir. Biz indi ixrac nomenklaturamızı da genişləndirməliyik. Azərbaycandan ənənəvi olaraq meyvə-tərəvəz ixrac edilirdi. İndi isə daha çox hazır məhsul və digər, yəni süd məhsulları ixrac edilməlidir. Gələcəkdə ət məhsulları və digər məhsullar ixrac edilməlidir».

ölkə başçısının çıxışından aydın olur ki, bizim üçün önəmli olan ərzaq təhlükəsizliyinin tam təmin olunması üçün biz ikinci vacib mərhələyə qədəm qoymalıyıq. Söhbət yerli istehsal üçün lazım olan komponentlərin xaricdən idxalını sıfra endirməkdən gedir.

İqtisadçı Nicat Hacızadə açıqlamasında bildirdi ki, Prezidentin ərzaq təhlükəsizliyilə bağlı toxunduğu məqam ölkə üçün cox vacibdir: «Təbiidir ki, bu istiqamətdə Azərbaycan böyük uğura imza atıb. Ancaq bu gün dünya iqtisadiyyatında baş verən kataklizmlərin fonunda bizim əldə etdiyimiz mərhələ yetərli sayıla bilməz. ölkədə inflyasiyanın qarşısını almaq və bir sıra digər üstünlüklərə yiyələnmək üçün biz tam ərzaq təhlükəsizliyini təmin etməliyik. Cənab Prezident bunu mərhələlər üzrə təsnifatlandırıb. Tamamilə doğru yanaşmadır. Bu prosesin yekunu ikinci mərhələnin başa çatmasından sonra olacaq. Komponentlər deyəndə yalnız xammal nəzərdə tutulmur. Bura eyni zamanda həmin məhsulları istehsal edən laboratoriyalar və dəzgahlar da aiddir. Elə məhsul var ki, Azərbaycanın regionlarında yerləşən zavodda istehsal edilir.

Bütün xammalı da ölkədaxili resurslar vasitəsilə təmin olunur. Ancaq orada quraşdırılan dəzgahlar xaricdən gətirilib. İkinci mərhələdə biz yerli istehsalı təmin edəcək sənayenin inkaşına da nail olmalıyıq. Tam ərzaq təhlükəsizliyi budur ki, avadanlığından tutmuş, bütün komponentlərə qədər ölkənin daxili resursları hesabına təmin edilsin».

Məhəmmədəli QƏRİBLİ