XƏBƏR LENTİ

27 Yanvar 2021

Digər Xəbərlər

29 Noyabr 2017 - 14:11

Aİ:"TAP-ın yubanması Cənub-Şərqi Avropaya təsir edəcək"

BP şirkətinin və Beynəlxalq Enerji Agentliyinin hesabatlarına əsasən, dünya üzrə karbohidrogen ehtiyatlarının təxminən 2/3-si Avropa İttifaqının (Aİ) və Türkiyənin yaxınlığında yerləşir".
 

"APA-Economics" xəbər verir ki, bu barədə Aİ-nin Türkiyə və Türkmənistan üzrə nümayəndəliyinin rəhbəri, səfir Kristian Berqer "Caspian Energy" jurnalına müsahibəsində bildirib.
 
Onun sözlərinə görə, Aİ 2050-ci ilədək yeni, karbohidrogenlərdən maksimum az istifadə olunan iqtisadiyyat quracaq: "Bu baxımdan təbii qaza olan tələbat artacaq. Belə ki, təbii qaz ətraf mühitə daha az zərər vuran və təhlükəsiz karbohidrogendir. Beləliklə, yeni iqtisadiyyata keçid başa çatanadək təbii qazdan istifadə ya ən azından əvvəlki səviyyədə qalacaq, ya da artacaq. Başqa sözlə, Aİ-nin daha çox həcmdə qaza ehtiyacı olacaq. Bu tələbatın böyük bir qismi Cənub Qaz Dəhlizi layihəsi hesabına ödəniləcək. Dinamik iqtisadiyyatı, vacib regional mövqeyi və Aİ-nin xarici siyasətinə və enerji təhlükəsizliyinə qatqıları hesabına Türkiyə də İttifaqın vacib tərəfdaşıdır. Türkiyə Aİ-nin enerji təhlükəsizliyinə mühüm töhfə verəcək Cənub Qaz Dəhlizinin inkişafına da ciddi dəstək verir. Buna görə, Türkiyə və Aİ Cənub Qaz Dəhlizinin inkişafı üçün əməkdaşlığı davam etdirməlidirlər".
 
Avropalı diplomat deyib ki, Aİ və Türkmənistan arasında enerji sahəsində ikitərəfli əməkdaşlığa dair anlaşma memorandumu ətrafında məsləhətləşmələr davam edir. "2015-ci ildə baş tutan Aİ-Azərbaycan-Türkiyə-Türkmənistan Nazirlər Şurasının iclasında enerji sahəsində əməkdaşlığa dair bəyannamə qəbul olunub və müvafiq işçi qrupu yaradılıb ki, sonra bu qrupa Gürcüstan da daxil olunub. Aİ Türkmənistanla əməkdaşlığı davam etdirir. Biz Türkmənistana təbii qazın ixrac marşrutunun diversifikasiyası üçün dəstək veririk. Məqsədimiz bu marşrutun Aİ istiqamətində uzanmasıdır ki, bunun hesabına Türkmənistan Cənub Qaz Dəhlizinə qoşulacaq və 2020-ci ildən etibarən ilk türkmən qazını Avropa bazarına çıxaracaq", – deyə o vurğulayıb.
 
K. Berqerin fikrincə, Cənub Qaz Dəhlizi və TANAP flaqman layihələri olaraq Türkiyənin siyasi prioriteti kimi qalmaqdadır.
 
Diplomat deyib ki, TANAP vasitəsilə ilk qaz Türkiyə bazarına 2018-ci ilin iyun ayında nəql olunacaq. "Cari planlara əsasən, TAP ilə birləşdirici boru kəmərinin işə salınması, yubanmanı da nəzərə alsaq, bir il sonraya, yəni 2019-cu ilin iyun ayına təsadüf edəcək. Təbii ki, bu yubanmanın təsirləri olacaq, xüsusilə bu təsir Cənub-Şərqi Avropanın qaz bazarlarında öz sözünü deyəcək".