XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

13 Aprel 2015 - 07:20

“Ölkəyə idxal edilən dərmanların gömrük sənədlərinə ciddi nəzarət edilsə…”

Aprelin 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı ölkədəki dərman qiymətlərinin yüksək olmasından narazılığını ifadə edib:


«Mənim narahatçılığım eyni zamanda dərman preparatlarının qiymətləri ilə bağlı idi. Xüsusi göstəriş vermişdim ki, bütün apteklərdə ciddi nəzarət təşkil edilsin və qiymətlərin qalxmasına imkan verilməsin. Eyni zamanda onu da deməliyəm ki, dərman preparatlarının bazarı əfsuslar olsun ki, Azərbaycanda müəyyən dərəcədə nəzarətdən kənarda qalmışdı. Bu, əslində dözülməz bir hal idi».
İ.Əliyev deyib ki, bu hadisə diqqəti bu sahəyə daha da ciddi şəkildə yönəltdi: «Gördük ki, bu sahədə çox böyük pozuntular, uyğunsuzluqlar var. Bəzi hallarda dərmanların qiyməti bir neçə dəfə, bəzi hallarda on dəfə şişirdilir. Yəni burada tamamilə özbaşınalıq və anarxiya hökm sürürdü. Kim dərmanı hansı qiymətə istəyirdi, o qiymətə də satırdı. İnsanlar da məcbur olub o dərmanları alırdılar, böyük vəsait xərcləyirdilər, xüsusilə pensiyaçılar ki, onlara daha çox dərman lazımdır».
Prezident İ.Əliyev bəzi hallarda ölkəyə o qədər də böyük keyfiyyətə malik olmayan dərmanların gətirilməsindən də narazılığını dilə gətirib: «Ona görə mən Səhiyyə Nazirliyinə, İqtisadiyyat və Sənaye Nazirliyinə göstəriş vermişəm ki, bu sahədə vəziyyət tamamilə nəzarətə götürülsün. Eyni zamanda hökumətə tapşırmışam ki, ciddi nəzarət olmalıdır və indi yeni mexanizm işlənilir. ümid edirəm ki, bir neçə aydan sonra biz bu mexanizmi tətbiq etməyə başlayacağıq. İnsanlar bunu gündəlik həyatda görməlidirlər. Qiymətlər qalxmamalıdır. Hesab edirəm ki, bəzi dərmanların qiymətlərində kəskin azalma da olacaq».
Dərman bazarındakı vəziyyətin bu qədər acınacaqlı olmasının başlıca səbəbi monopoliyalaşma ilə bağlıdır. Bu sahədə olan təmərgüzləşmə Prezidentin də vurğuladığı neqativlikləri yaradır.
Dərman bazarında yaranan mənfi tendensiyalar həmin sahədə hökm sürən monopoliya ilə nə dərəcədə əlaqəlidir?
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli açıqlamasında bildirdi ki, yaranmış vəziyyət birbaşa monopoliya ilə bağlıdır:«Əsasən gömrük rüsumlarının ödənişi zamanı idxal prosesində baş verən neqativ proseslərin də bu məsələyə təsiri var. Müxtəlif dərman preparatlarının yalnız ayrı-ayrı sahibkarlar tərəfindən ölkəyə idxal edilməsi də belə neqativliklərin yaranmasına stimul vermiş olur. Bu hal ona gətirib çıxarır ki, rəqabətsiz mühitdə dərman satan bir-iki firma dərmanlara istədiyi qiyməti qoyur. Artıq dövlət ən yuxarı səviyyədə bu məsələyə müdaxilə edir. Prezidentin ciddi tapşırığından sonra dönüş olacağını təxmin edirəm. Bundan sonra qiymət mexanizmi də nəzarətə götürüləcək. Kim nə qiyməti istədisə dərmanların üzərinə qoya bilməyəcək. Bir neçə ay müddətində biz müsbət meylləri müşahidə edəcəyik. Ən vacib məqamın üzərində dayanmaq istərdim. Sizi əmin edirəm ki, ölkəyə idxal edilən dərmanların gömrük sənədlərinə ciddi nəzarət edilsə, bu gün pərakəndə şəkildə satılan dərmanların qiyməti yarıya enər. Bu məqama xüsusi önəm verilməlidir».

Məhəmmədəli QƏRİBLİ