XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

01 Dekabr 2017 - 10:27

Metroda qiymət qalxacaq? –Hesablama Palatası subsidiya ayrılmasının əleyhinə çıxıb

Bu il Nazirlər Kabineti Bakı Metropoliteninin subsidiyalaşdırılmasını dövlət büdcəsində nəzərdə tutulduğu kimi, 50 faiz artırıb. Növbəti 2018-ci ildə subsidiyanın həcmi 45 milyon manat səviyyəsində qalacaq.

Hesablama Palatası (HP) dövlət büdcəsi layihəsinə rəyində buna qarşı çıxıb. Palata nəzarət tədbirlərinin nəticələrinə istinadən hesab edir ki, sərnişindaşıma xidmətlərinin maya dəyərini, cəmiyyətin strukturunda olan qeyri-kommersiya təyinatlı obyektlərin fəaliyyəti ilə bağlı müxtəlif xərcləri azaltmaq olar. HP hesab edir ki, maliyyə-uçot intizamının gücləndirilməsi istiqamətində zəruri tədbirlərin görülməsi ilə Bakı Metropoliteninə ayrılan subsidiyaları optimallaşdırmaq olar.

2017-ci ildə «Bakı Metropoliteni» QSC-yə sərnişindaşımadan yaranacaq zərərin ödənilməsindən ötrü 30 milyon manat vəsait (subsidiya) proqnozlaşdırılmışdı. Bu, 2015-2016-cı illərin göstəricilərindən 7 milyon 998.2 min manat və ya 21 faiz az idi. Ancaq bu ilin mart və aprelində hökumət kommunal tariflərin artması ilə bağlı xərcləri maliyyələşdirməkdən ötrü Bakı Metropoliteninə əlavə 15 milyon manat subsidiya ayırıb. Bəzi ekspertlər də hesab edirlər ki, müxtəlif dövlət qurumlarına ayrılan subsidiyalar sonradan korrupsiya əməllərinə yol açır.

Bəs görəsən, əgər hökumət büdcədəki bu yükü azaltmaq istəsə və metropolitenə ayrılan subsidiyaları azaltsa, bu qurum yaranan zərərin qarşılanması üçün metroda gedişhaqlarının artırılması məsələsini qaldıra bilərmi?

“Bakı Metropoliteni”nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Yeni Müsavat”a açıqlamasında qiymətlərlə bağlı qərarın Nazirlər Kabineti tərəfindən verildiyini qeyd edib: “Qiymətin nə qədər artırılıb-artırılmaması ilə bağlı mən hər hansı açıqlama verə bilmərəm. Bu çox mürəkkəb  məsələdir. Bildiyiniz  kimi, metropolitendə bir sərnişinin daşınma xərci onun ödədiyi genişhaqqından bahadır. Bu rəqəm də illər üzrə  dəyişir. Məsələn, ötən il üçün  bir nəfərin metrodan istifadəsi 54 qəpiyə başa gəlmişdi. Onun 20 qəpiyini sərnişin ödəyir, qalan hissəsi isə subsidiya olaraq nəzərdə tutulur və dövlət tərəfindən ödənilir. Dövlət sosial layihələr həyata keçirərkən, qiymətin artırılmasını məqsədəuyğun hesab etmədiyi bu kimi  sahələrə subsidiya verir.  İndi hansısa təşkilat belə bir təklif irəli sürür. ”Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətdir  və Nazirlər Kabinetinin nəzdindəyik. Hansı qərar verilərsə, o qərarı da icra etməyə hazırıq. Əgər subsidiya ayrılmasa, biz ziyanla necə işləyəcəyik, onu bilmirəm. Çünki bizim başqa gəlir yerimiz yoxdur. Bir sərnişindən topladığımız geniş haqlarıdır, bir də dövlətin ayırdığı subsidiyalardır. O subsidiya  ayrılmasa, biz elektrik xərclərini necə ödəyəcəyik, insanların maaşlarını necə verəcəyik? Bu gün gördüyümüz işləri necə həyata keçirəcəyik? Metropolitenə hər il təxminən 38 milyon manat civarında subsidiya ayrılır. Bu  da zərərin qarşılanması  və dövlət hesabına görülən işlərin həyata keçirilməsi üçündür".