XƏBƏR LENTİ

30 May 2020
29 May 2020

Digər Xəbərlər

09 Dekabr 2017 - 20:48

ÜTT-nın baş katibi:"Bakı-Tbilisi-Qarsın açılması - Azərbaycana turist axınını artırmaq üçün əlavə imkandır"

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun açılması Azərbaycana turist axınının artırılması üçün əlavə imkan verəcək.

Bunu Trend-ə müsahibəsində BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Zurab Pololikaşvili bildirib.

Baş katib deyib ki, Xəzər regionu müxtəlif mədəniyyətləri və ənənələri olan beş ölkəni birləşdirir, deməli turizmin inkişafı üçün böyük potensiala malikdir və bu, regional əməkdaşlıq olmadan mümkün deyil, xüsusən də əgər biz kruiz turizmindən danışırıqsa.

Onun sözlərinə görə, Azərbaycan həm maddi, həm də qeyri-maddi xarakterli xəzinələrlə doludur: "Hesab edirəm ki, multikulturalizm və ənənələrinin, həmçinin ölkənin unikal landşaftlarının populyarlaşdırılması yolu ilə ölkədə turizmin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycanın tarixi, mədəni və təbii irsi bütün dünya ilə paylaşılmalıdır".

Z.Pololikaşvili qeyd edib ki, turizmin inkişafı yalnız daimi innovasiyalarla əlaqədar deyil, bu həm də turizm istiqamətinin unikallığının müəyyənləşdirilməsi və onun inkişafı ilə bağlıdır: "İnanıram ki, xüsusən Qafqaz və Xəzər regionu ilə tanış olmayan inkişaf edən bazarlar üçün Azərbaycanın dəyərlərinin təbliği daha çox imkanlar verə bilər".

Onun sözlərinə görə, ölkənin turistlər üçün cəlbediciliyinin artırılması üçün müxtəlif mexanizmlər mövcuddur və hər bir turizm istiqaməti üçün də ən uyğununu seçmək lazımdır: "Ümumiyyətlə, xidmət keyfiyyətinin hesabına rəqabət qabiliyyətinin artırılması, turizm istiqamətinin unikallığının qorunub saxlanılması və müxtəlif bazarlarda reklam strategiyalarının hazırlanması turizm istiqamətinin reytinqinin yüksəldilməsi üçün zəruridir. Bu gün turizmin inkişafını ölkənin milli mətbəxinin, mədəniyyətinin və incəsənətinin və digər sahələrin irəli çəkilməsi ilə təmin etmək olar".

Baş katib vurğulayıb ki, dəmir yolu turizminə dünyanın bütün ölkələrində maraq artır, çünki qatarla səyahət macəradır və bundan əlavə, qatar transmilli marşrutları birləşdirən ideal nəqliyyat vasitəsi sayılır: "Məsələn, "Eurorail" bir çox səyyahların yalnız imkanlarının açılmasına deyil, həm də onların düşüncəsinin dəyişməsinə səbəb olub. Azərbaycanın mühüm geostrateji mövqeyi ölkədə dəmir yolu turizminin gələcək inkişafına kömək edə bilər".