XƏBƏR LENTİ

25 May 2020
24 May 2020
23 May 2020

Digər Xəbərlər

10 Dekabr 2017 - 14:44

İqtisadiyyatın demokratiyası-demokratiyanın iqtisadiyyatı:Dövlətin iqtisadi əxlaqı haqda qeydlər

elshen-2.jpg

Elşən NƏSİBOV,

Siyasətşünas-alim

 

İqtisadiyyatın demokratiyası (iqtisadi hakimiyyət) demokratiyanın iqtisadiyyatı (xalqın iqtisadiyyatı) ilə həmahənglik təşkil edir, ondan törəyir. İqtisadi hakimiyyət xalqın iqtisadiyyatından formalaşır. Yəni, xalq öz iqtisadiyyatına sahiblik hüququna malik olur. Həm də azad və sərbəst şəkildə iqtisadiyyatını təşkil etmək üçün təbii hüquqlara məxsus olur. Bu baxımdan da iqtisadiyyatın demokratiyası ilə demokratiyanın iqtisadiyyatı xalqın öz müqəddaratını təyin etmək üçün ictimai strukturlar yaratmaq haqqı ilə əlaqəli olur.

İqtisadi sistem ictimai və həm də sosial-siyasi- mədəni sistemdir. Ona görə ki, burada təsərrüfat quruculuğu əks olunur. İqtisadiyyatın mədəniyyəti elə iqtisadiyyatın azad şəkildə təşkilindən yaranır. İqtisadiyyatın demokratiyası insanların iqtisadi sahələrdə təmin edilən və qorunan hüquqlarının məcmusunu da özündə daşıyır. İnsanların təsərrüfat hüquqları onların həyatda yaşamaq və mövcud olmaq hüquqlarını tamamlamaq və təmin etmək məqsədlərini güdür. Təsərrüfat hüquqları insanların sosial, yaradıcılıq və quruculuq, ünsiyyət, münasibət və əlaqə hüquqlarından törəyir. İnsanların öz əldə etdiklərinə sahib olurlar və qazanc, saxlanc, istehsalat, istehlak, ticarət hüquqları, mübadilə hüquqları qazanmış olurlar. Bu kimi hüquqlar cəm halda iqtisadiyyat hüquqlarını yaradır. İqtisadiyyat hüquqları da iqtisadi demokratiyanı formalaşdırır.

İqtisadiyyat bir sistem kimi, yaradıcılıq və quruculuq məhsuludur. Yaradıcılıq və quruculuq sayəsində insan özü üçün lazım olan vəsaitləri əldə edir. Xammalı öz iradəsinə uyğun formalaşdırır. Ondan modellər əldə edir. Ardıcılıq yaradıcılıq və quruculuq iqtisadi inkişafın sıçrayışını və dinamik davamlılığını təmin edir. İqtisadiyyatda elementlər cəmləşəndə insan həyatı, cəmiyyətin həyatı da ümumiləşir, bütövləşir və cəmləşir.  İqtisadiyyatda obyektlər şərtlənir, bağlanır və tamamlanır. Bu proseslər həm qarşılıqlı olaraq şərtlənir, həm də ümumi şəkildə davam edir. 

İnsan yaradıcılığı sosial, birgə və kollektiv əsaslıdır. Yaradıcılıq fərdi istedad və qabiliyyətə əsaslansa da, əslində nəticə etibarilə birgəçiliyə, kollektivçiliyə xidmət edir. Yaradıcılıq öz enerjisini ətrafdan götürə bilir. Ətrafla informasiya mübadiləsi şəraitində yaradıcılıq formalaşdırılır. Yaradıcılıq icra olunarkən fiziki formada quruculuğa keçidlər edir. Yaradıcılığın əl əməyində ifadəsi quruculuqdur. Yaradıcılıq azad iradəyə söykənir. Düşüncələr sərbəst ola bilir. Eyni zamanda ətraf elementlərə söykənir, ondan ilhamlanır. Yaradıcılıq və quruculuq məxsusi olanda dəsti-xətt alır. Yaradıcılıq və quruculuqda başlıca məqsəd həm də özünü ifadə etməkdən, tapmaqdan və sosial ünsür və şəxsiyyət kimi təsdiq etməkdən ibarətdir. Yaradıcılıq və quruculuq insan dəyərlərinin həm məğzini, həm də forma və sərhədlərini əks etdirir. Yaradıcılıq və quruculuq insanların özünütəsdiq və özünüifadə trayektoriyasını yaradır.

Dovlət və cəmiyyət özü də yaradıcılıq və quruculuğun nəticəsidir. Dövlət və cəmiyyət insan yaradıcılığının azad və sərbəst ifadəsindən ibarətdir. Hakimiyyət də azad şəkildə təşkil olunur və xalqın iradəsinin ifadəçisi kimi çıxış edir.   

Xalq öz yaradıcılığını  və quruculuğunu təsərrüfat sistemi ilə təşkil edir. İqtisadiyyat kollektiv məzmundur və formadır. Konseptualdır. İqtisadiyyat (təsərrüfat) xalqın iradəsi ilə təşkil olunur. İqtisadiyyat siyasi, mədəni, elmi, sosial bir fenomendir. İqtisadiyyat hakimiyyətlə bağlıdır. Ona görə ki, xalqın quruculuğunun fəaliyyətidir. İqtisadiyyatın demokratiyası (burada azadlığı və avtoriteti özündə ifadə edən hakimiyyət nəzərdə tutan iqtisadi quruculuq nəxərdə tutulur)  onunla izah oluna bilir ki, xalq özünün iqtisadi hakimiyyətinə məxsusdur. Həm də iqtisadi nüfuz cəmiyyətdə mövcuddur.

İqtisadiyyatın demokratiyası dedikdə, iqtisadiyyatın sərbəstliyi və azadlığı nəzərdə tutula bilir. İqtisadiyyatın təşkili haqqı xalqa məxsusdur. Xalq öz hakimiyyətini təşkil edir. Buna görə də iqtisadiyyat azaddır və xalqa sərf edən qanunvericilik ilə tənzim olunur. İqtisadiyyatın demokratiyası dedikdə, iqtisadi mühitin təsirləri başa düşülə bilər. Cəmiyyətin, dövlətin iqtisadi ruhu azad iradəyə bağlı olur. Yaradıcılığın, quruculuğun qısılması, gərginlikdə saxlanılması və təzyiqə məruz qoyulması özlüyündə sosial və siyasi hakimiyyətin pozulmasına şərt verə bilir.

İqtisadiyyatın tərkib elementləri idarə olunur. Elementlər hərəkətləri yönləndirilir, səmtləşdirilir. Buradan da iqtisadi tənzimləmə meydana gəlmiş olur. İqtisadi tənzimləmə elə özlüyündə iqtisadi hakimiyyəti formalaşdırır. 

İqtisadiyyat elə bir məkandır, elə bir müstəvidir ki, burada insanların düşüncə və əməl vəhdəti meydana gəlir. Düşüncə əməli, əməl də düşüncəni istiqamətləndirir. Düşüncə əməlin formalaşmasına, modelləşməsinə xidmət edir. İqtisadiyyat müstəvisində mərkəzləşmə prosesləri gücü artırır və bu da özlüyündə iqtisadi nüfuzu yaradır. İqtisadiyyat müstəvisində eyniliklər və oxşarlıqlar, fərqliliklər və məxsusiliklər qaydaları yaradır, universal və məxsusi prinsipləri formalaşdırır. Bu müstəvidə hakimiyyət meydana gəlir və siyasi hakimiyyət üçün resursları yaradır. Dövlət və cəmiyyət üçün lazım olan vəsaitlər iqtisadi yollarla əldə olunur.

İqtisadiyyat fəlsəfəsində belədir: 

İqtisadiyyatın öz "demokratiyası" var – demokratiyanın da öz iqtisadiyyatı.  Bura daxildir:

– xalqın azad iqtisadiyyatı;

– iqtisadi qabiliyyətin sərbəst ifadəsi;

– dövlətin iqtisadi nüfuzu-beynəlxalq əlaqələrdə və ümumdünya siyasətində dövlətin iqtisadi nüfuzu onun siyasi təsirini, siyasi “hakimiyyəti”ni yaradır;

– iqtisadi sistemdə mal mübadiləsinin və ticarətinin azadlığı və nüfuzu;

– xalqın iqtisadi hakimiyyəti-xalqın öz təsərrüfatı üzərində nüfuzu və təsiri;

– xalqın iqtisadi iradəsi;

– xalqın iqtisadi nüfuzu-burada beynəlxalq aləmdə yüksək iqtisadi əxlaqa sahib olan xalqın iqtisadi təsiri başa düşülə bilir;

– azad iqtisadiyyatın təşkili;

– xalqın iqtisadi formasiyası-burada xalqın kapitala əsaslanan iqtisadi quruluş forması başa düşülür;

– xalqın iqtisadi ruhu və onun təsiri;

– iqtisadiyyatın "öz hakimiyyəti"-burada dövlətdə iqtisadiyyatın öz yeri kimi başa düşülür və s.

Nəzərə almaq lazımdır ki, təsərrüfat  dövlətdən əvvəl yaranıb. Dövlət (hökm edən ali qurum olaraq) təsərrüfat hakimiyyətinin üzərində qurulub. Daha doğrusu, dövlət təsərrüfat məhsullarının bazarda mübadiləsini təmin etmək üçün ictimai formasiya olaraq meydana gəlib.  İqtisadiyyatın sistemini təşkil etməklə ona hakimiyyət, nüfuz verib. Dövlətin tənzimləmə funksiyası elə iqtisadiyyatın  demokratiyasını (bu ifadə özündə iqtisadiyyatın azadlığını əks etdirir, iqtisadi elementlərin dəyərini ifadə edir)  meydana gətirib. İqtisadiyyatın nüfuzu da dövlətin və şəxsin güclənməsini təmin edib. Dövlət daha çox düşüncə, iqtisadiyyat isə əməl məhsuludur.  Dövlət düşüncəsi ilə (burada hakim qrupun, siyasi elitanın, əks-elitanın və ümumən xalqın-siyasi, ictimai və mədəni toplumun) iqtisadi formasiyanı yaradır və onun üzərində də nüfuza sahib olur. 

Cəmiyyət, dövlət, mədəniyyət, siyasət, hakimiyyət, təsərrüfat  və xalq anlayışlarında bu iki ifadə (iqtisadiyyatın demokratiyası-demokratiyanın iqtisadiyyatı) bir-birini tamamlayır. Bir-birini şərtləndirir. Üzvi bağlılıq yaradır. Törəmə xarakterini özlərində ehtiva edir. Əvvəlcə sadalanan anlayışların qarşılıqlı şərtlənməsində ifadə olunur. Dövlət təsərrüfat mədəniyyətinin formalaşmasında mühüm rol oynayır və təsərrüfat hakimiyyətini, azadlığını meydana gətirir.

Demokratiyanın iqtisadiyyatı dedikdə, xalqın iqtisadi hakimiyyəti başa düşülür.  Dövlət və cəmiyyət xalqa məxsus olduğundan dövlətin funksiyasına xalqın təsərrüfat sistemini qorumaq aid olur. Xalqın təsərrüfat sahəsində olan münasibətlərini və əlaqələrini tənzim etmək, elementlərin qarşılıqlı əlaqələrini sintez etmək və bu məqsədlə müvafiq şərait yaratmaq, əlverişli şəraitdən yararlanmaq üçün imkanlara dəstək vermək dövlətin əsas funksiyaları sisteminə aiddir. Dövlət özünü qorumaq və hakimiyyətini təmin etmək üçün resursları xalqın təsərrüfat sistemindən əldə edir. Burada hakimiyyət, dövlətin atributlarının qorunması üçün resurslar iqtisadi təsərrüfata bağlı olur. İqtisadi sistemlə siyasi sistem çulğaşır, vəhdətləşir. İqtisadi sistem xalqın siyasi hakimiyyətinə bağlı olur. Siyasi hakimiyyət iqtisadi hakimiyyətə söykənir. Demokratiyanın yaratdığı iqtisadiyyat  iqtisadiyyatın özünün nüfuzuna xidmət edir. 

İqtisadiyyatın yaratdığı hakimiyyət xalqın iqtisadi təsərrüfatı üzərində öz mənsubluğunu, azad kapitala və məşğuliyyətə sahibliyini  ifadə edir. Demokratiyanın inkişafı azad iqtisadiyyatın ifadəsini özündə ehtiva edir. Demokratiyanın iqtisadiyyatı azad şəkildə iqtisadi əlaqələrin qurulmasını özündə əks etdirir. Demokratiyanın iqtisadiyyatı təsərrüfat elementlərinin xalqın özü tərəfindən azad şəkildə istifadəsini şərtləndirir. Xalqın hakimiyyəti onun iqtisadiyyat təsərrüfatı üzərində qərarlaşır. Hakimiyyətin azad şəkildə ifadəsi üçün resursların tələbatını iqtisadiyyat sistemi təqdim edir. Əslində də siyasət dövləti və cəmiyyəti ifadə edən resurslar üzərində  qurulur. Siyasətin qayəsi xalqın iqtisadi quruculuğunu təmin etməkdən ibarətdir.

İqtisadiyyatın hakimiyyəti həm də o mənanı verir ki, cəmiyyətdə bir şəxsin iştirakı onun iqtisadi nüfuzunu təmin edir. “İqtisadi şəxsiyyət” varlı və təmin olunmuş cəmiyyətlərin əsaslarını yaradır. Həm də varlı və təmin olunmuş cəmiyyətlər şəxsin iqtisadi nüfuzunu meydana gətirir. İqtisadiyyatın yaratdığı azad mühit elementlərin insan şəxsiyyətinə xidmətlərini meydana gətirir. Bu da özlüyündə iqtisadi hakimiyyəti əks etdirir, ifadə edir.

İqtisadi hakimiyyət xalqın qabiliyyət hakimiyyətidir. Dövlət özü də elə qabiliyyətin məhsuludur. Xalq yaradıcılığına iqtisadiyyat yolu ilə önəm verir. Dövlətlərini iqtisadi möhkəmliklə təmin edirlər. İqtisadi təsərrüfat tənzimləməsi ilə, quruculuqla dövlətlərinə siyasi nüfuz verirlər.

 

Dövlət əxlaqı haqqında

 

Dövlət məkanda davranış göstərən nümunəvi bir fenomendir. Dövlətə insanlar uca zirvə kimi nəzər salırlar. Ucalıq sadəlikdir, potensialı olan sadəliklər cəmidir. Buna görə də dövlət sadəliyi olan əxlaq simvoludur. 

Dövlət öz nümunəvi davranışı ilə daxilində və beynəlxalq sferada hüquq sistemi ilə, mövqeyi və münasibətləri ilə  əxlaq yaradan mənəvi-maddi bir fenomendir. Dövlət ona görə fəlsəfi kompleksdir ki, onun davranışı daxilinə və xaricinə fayda verir. Deməli, dövlət həm öz xalqı, həm də başqa ölkənin xalqları üçün dəyərlər bəxş edən fəlsəfi, yəni dərinləşmiş, böyümüş, genişlənmiş bir kompozisiyadır.

Əxlaq hörmət etmək, lazımi anlarda əlindən gələni əsirgəməmək kimi yüksək insani keyfiyyətlərin məcmusudur. Buna görə də dövlət xalqın ali maddi-siyasi qurumu kimi xalq üçün bütün resurslardan maksimum faydalanmaq qabiliyyətini özündə ehtiva edən fenomendir. Dövlət xalq üçün arxa-dayaqdır. Bu baxımdan da dövlətin şəffaf, ədalətli, dürüst davranışı onun mədəniyyətini təşkil etməklə, ictimai tərbiyəsinin əsaslarını da təşkil edir. Dövlətin ruhu taraz olmalıdır, çünki onun məzmunu bunu tələb edir. Ruh tarazlığı resursların ədalətli paylanmasını şərtləndirir. Deməli, dövlət maraqlar arasında uyğunluq yaradan etik kompleksdir. 

Dövlət öz davranışı ilə tərkib elementləri (insanlar) arasında hüquq sərhədləri müəyyən edir. Onun nizamasalma funksiyası hüquq ölçüsünü və kəmiyyətini, tərkib və miqdarını müəyyənləşdirir. Bu baxımdan da dövlət insanların hüquqlarını taraz şəkildə əks etdirən bir fəlsəfi vəhdətdir, paylayıcı tərəfdir, tarazlı şəkildə müəyyənləşdirici potensial mərkəzidir. Dövlət öz təbii funksiyasını lazımi səviyyədə yerinə yetirir və özünün əxlaqı keyfiyyətlərini müəyyən edir.   

Əxlaq bir dəyər olaraq başqasının mənafeyinə toxunmayan rəftar, davranış  ifadəsidir. Mənəviyyatın tərkibi olaraq ictimai tərbiyənin əsasıdır, özüdür. Mədəniyyətin tərkibi olaraq ictimai davranış formasıdır. Ədəbli mədəniyyət yaradan amildir. Əxlaq faydalı əsaslarla yaratmaq, qurmaq, tikmək, inkişaf etdirmək kimi aktlardan ibarət olan dəyərdir. Əxlaq davranışına mövcud olan qabiliyyət və istedaddan səmərəli və maksimum şəkildə istifadə etməklə dəyərləri formalaşdırmaq aid olur. Əxlaqi hərəkətlər müəyyən olunmuş hüquq normaları və qaydalarına hörmətlə yanaşmaq, yeni dəyərlər verən hüquq normaları qəbul etmək və zamana, şəraitə  maneə olan norma və qaydaları ləğv etmək kimi aktlardan ibarət olan prosesdir.

Əxlaq özündə proses olaraq tələb edir: qorumanı, islahatları, yenilənməni, təmin etməni, zaman və məkana uyğunlaşmanı. Əxlaqın tərkibində olur: uyğunluq, uzlaşmaq, üzvi vəhdət, tənasüblük, harmoniya və s.

Əxlaqın tərkib elementlərinə aid olur: təbii haqlar, bu baxımdan onun tərkibini əks etdirən ədalətlilik, dürüstlük, şəffaflıq, təmizlik, vicdanlı olmaq, namus və şərəfli olmaq, ləyaqətli və dəyanətli olmaq; qətiyyət nümayiş etdirmək, sülh və sabitliyi sevmək və tərənnüm etmək; mərhəmət və qayğı göstərmək; humanist olmaq, kin və kudurət hisslərindən, düşmənçilik və qəzəbdən uzaqda durmaq; ideya vermək və təşəbbüs göstəmək; canfəşanlıq göstərmək və soyuq münasibətlərə yol verməmək, nüfuzlu olmaq  və şəxsiyyətə hörmət etmək və s.

Əxlaqlı olmaq, tərbiyəli olmaq şəxsiyyəti təşkil edən kompleksləri özündə əks etdirmək deməkdir. Deməli, dövlətin əxlaqı onun davranışını təşkil edən elementlər məcmusundan ibarət olur. Dövlət öz daxili elementlərini qoruyur, ona şərəf verir, ləyaqətli edir, hörmətə mindirir. 

Dövlət etika qurumudur. Ona görə ki, pozitiv məzmunludur. Dövlət xoşbəxt amallar üçün təşkil olunur. Ardıcıl xoşbəxtlik də əxlaqa birbaşa bağlı olur. Əxlaq hamı tərəfindən qəbul olunmuş, dərk olunmuş  davranışlar modelidir. Buna görə də fizioloji-şüuri varlıqdır. Heç kəs incidilməyi xoşlamır. Dövlət də onu təşkil edən elementləri qorumaqda borclu olur. Hər kəsin hüquqlarına hörmət göstərir və bu prinsipləri qanunvericiliyində əks etdirir.

Cəmiyyətdə, cəmiyyətlə dövlət arasında olan münasibətlərdə ümumi qaydalarla davranışlar meydana gəlir. Bu model münasibətlər və əlaqələr sferasında hər kəsə xeyir verir, hər kəsin maraq və mənafeyinə cavab verir. Dövlət əxlaqı dövlət hakimiyyətinin qeyri-hakimiyyət tərəfi ilə olan xoş münasibətlərindən və rəftarından ibarətdir. Dövlətin əxlaqı onun maddi-mənəvi kompozisiyası olaraq, maddiyyat üzərində mənəviyyatı formalaşdırmaq fenomenidir, dəyəridir. Dövlətin hər bir hərəkəti onun ictimai əxlaqını əks etdirir. Ümumiyyətlə, dövlət əxlaqlı olmağa məcburdur. Bu, onun vəzifə və funksiyasıdır, məsuliyyətidir. Həm də ona  görə ki, hüquqlar sərhədlənir və hüquq müstəvisi, hüquq məkanı nizamlı xarakter alır. Nizamlılıq da özlüyündə estetikanı, düyumu təcəssüm etdirir. Deməli, əxlaq həm də gözəlliklərdən, gözəl və nəcib davranışlardan, ədəbli ünsiyyət və davranışlardan ibarət olur. Dövlətin əxlaqı onun mənafeyinin təmin olunmasına söykənir. Bütün mənəvi tərkiblər əxlaqda, tərbiyədə, düzgün və ədalətli davranışda əksini tapır.

 

Dövlətin iqtisadi əxlaqı haqqında

 

İqtisadiyyatı təşkil etmək bir əxlaqdır. Əməyə, zəhmətə olan hörmət və diqqətdir. Əməyə, təbii hüquqlara, ondan yaranan əlaqələrə və münasibətlərə olan hörmətdir. İqtisadi əxlaq əmək miqdarı və keyfiyyətinə uyğun şəkildə dəyərlər qazanmaq, resurslar əldə etmək hadisələridir, düzgün aktlar məcmusudur. Ədalətli hadisələr cəmidir.  Gəlirlər və xərclər arasında olan tənasüblük, balanslılıq elə iqtisadi əxlaqdan yaranır və iqtisadi əxlaqın əsaslarını da əks etdirir. İqtisadi amilləri tərkib hissələrə ayırmaq, ölçülər müəyyən etmək, miqdarlar təyin etmək  iqtisadi əxlaqın bazasında dayanır. İqtisadi əxlaq müəyyən iqtisadi məkanda hərəkət edən elementlərin vasitələrdən düzgün istifadəsini müəyyənləşdirən amillər məcmusudur, əlaqə və münasibətlər sferasıdır.  

İqtisadiyyatı dövlət təşkil edir. Ona görə ki, dövlət üçün lazım olan bütün resurslar iqtisadiyyatın özəyində qərarlaşır. Dövlət əhali resurslarından iqtisadiyyatı düzgün şəkildə təşkil edir. Əhaliyə mənbə kimi yanaşır. Əhalinin əmək resurslarına, əmək qabiliyyətinə hörmətlə yanaşır.  İqtisadiyyat elə bir müstəvidir ki, burada ictimai münasibətlər əks olunur. İctimai münasibətlər hüquq sferasını formalaşdırır. İnsanların təsərrüfat hüquqları məhz iqtisadi sistemlərdə əks olunur. İnsanlar dövlətə təsərrüfat sistemində olan hüquqlarını müəyyən edən tərəf kimi baxırlar. Buna görə də iqtisadi əxlaq hüquqların təmin olunmasından və qorunmasından ibarət olan aktlar sisteminə aid olur. Dövlətin iqtisadi əxlaqı ondan ibarət olur ki, xalqın iqtisadi dəyərlərindən xalqın özünün istifadəsinə şərait yaradır.

İqtisadi əxlaq dövlətin iqtisadi mədəniyyətinin tərkib hissəsini təşkil edir. Dövlətin iqtisadi mərhəməti onun iqtisadi əxlaqının, humanistliyinin və iqtisadi mədəniyyətə olan hörmətinin tərkib hissəsidir. Dövlətin iqtisadi əxlaqına o aid olur ki, makro səviyyədə iqtisadi layihələri həyata keçirən şəxslər müflisləşdikdə ona dövlət səviyyəsində yardımçı olur. Bunun üçün müxtəlif metodlardan istifadə edir.

Dövlət iqtisadi resurslardan sülh və firavanlıq üçün istifadə edir. Resursları xoşbəxtliyin təmin olunmasına yönəldir. İqtisadi nailiyyətləri, əldə olunan vəsaitləri təkrar olaraq iqtisadi məkana yönəldir. Sərmayələrin dövriyyəsini təşkil edir. Silsilə və mərhələli şəkildə sərmayələrin dəyərlərini, faydalarını müəyyən edir. Dövlətin iqtisadi əxlaqına iqtisadi vəsaitlərdən açıq və şəffaf şəkildə, ədalətcəsinə istifadə edərək fondlar yaratmaq aid olur. Dövlət xalqı təmin edə biləcək, onu yüksək səviyyədə yaşada biləcək fondlar təsis edir və fond vəsaitlərini lazımi yerlərə yönəldir.

Dövlət iqtisadi resurslardan bəşəriyyətin sabitliyi və rifahı üçün də istifadə edir. Dövlət çalışır ki, özünün əxlaqına münasib olaraq iqtisadi resurslardan müharibə, münaqişə, böhranlar və digər gərginliklər üçün istifadə etməsin. Dövlət müharibələrə yol açan iqtisadi layihələrə dəstək vermir, iqtisadi layihələri təşviq etmir, dəstəkləmir.

Dövlətin iqtisadi əxlaqına iqtisadi dəyərləri qorumaq, onu düzgün səmtlərə yönəltmək  kimi aktlar aid olur. Dövlət iqtisadi şəxslərlə münasibətlərini rəvan şəkildə qurur. Onlara maddi-maliyyə dəstəyi göstərir. Dövlət iqtisadi şəxslərə hörmət göstərir. Onların imkanlarını dəyərləndirir və imkanlarını səfərbər edir. Dövlət iqtisadi əxlaqına onu da daxil edir ki, iqtisadiyyatdan əldə olunmuş gəlirləri qoruyur və bu gəlirləri lazımi ünvanlara çatdırır.

Dövlət humanitar aktları həyata keçirir. Humanitar aktlar üçün iqtisadi vəsaitlərdən istifadə edir. Cəmiyyətdə maddi tarazlıq naminə resursların bölgüsünü həyata keçirir. Dövlətin iqtisadi əxlaqına həm də o aid olur ki, gəlirlər və qazanclar sektorundan cəmiyyətin bütün təbəqələrinin faydalanmasına şərait yaradır. Dövlət öz imkanlarına münasib şəkildə iqtisadi kadrlar yetişdirir və onların bilik və bacarıqlarından səmərəli istifadə edir.

Dövlət iqtisadiyyat sistemini səmərəli olaraq təşkil edir. İqtisadiyyat institutlarından və təsisatlardan, müvafiq qurumlardan cəmiyyətin iqtisadi tərəqqisi naminə istifadə edir. Dövlət böhranlı vəziyyətlərdə iqtisadiyyatı idarə edir. Gərgin iqtisadiyyatın qarşısını alır.

Dövlətin iqtisadi əxlaqına o da aid olur ki, dövlət iqtisadiyyata diktə etmir. Onu liberallaşdırır və sərbəst buraxır. Dövlət iqtisadiyyatın baza sahələrini diqqətdə saxlayır, onu stimullaşdırır. Baza və üst sahələr arasında üzvi bağlılıq yaradır. Dövlət özünün iqtisadi elementlərinə, məsələn, pul vəsaitlərinə hörmətlə yanaşır. Pul fəlsəfəsinə uyğun şəkildə ondan  istifadəni təmin edir. Dövlət iqtisadiyyat fəlsəfəsinə uyğun şəkildə iqtisadiyyatı sistemləşdirir və onun strukturları arasında şəbəkələr yaradır.