XƏBƏR LENTİ

29 May 2020
28 May 2020

Digər Xəbərlər

24 Yanvar 2018 - 20:20

Nazir:"Ötən il sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib"

Ötən il vergi yoxlamaları istisna olmaqla sahibkarlıq subyektlərində cəmi 83 yoxlama keçirilib.

İqtisadiyyat Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazirliyin ötən ildəki fəaliyyəti ilə bağlı geniş kollegiya iclasında nazir Şahin Mustafayev deyib.

Ş.Mustafayev bildirib ki, 2015-ci ildə belə yoxlamaların sayı 61 mindən çox olub:

"Vergi yoxlamaları, dərman vasitələrinin keyfiyyəti və təhlükəsizliyi qaydalarına riayət edilməsi və qida məhsullarının təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi ilə bağlı aparılan yoxlamalar istisna olmaqla, sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2021-ci il yanvarın 1-dək artırılıb.

İndiyədək sahibkarlara investisiya dəyəri 2 mlrd. manatdan çox olan layihələr üzrə 236 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1162 təsdiqedici sənəd verilib. 8 iqtisadi rayonu əhatə edən investisiya layihələrinin 0,4%-i Bakı şəhərinin, 38,1%-i Bakıətrafı qəsəbələrin və Abşeron rayonunun, 61,5%-i isə digər şəhər və rayonların payına düşür. Layihələrin 38,1%-i kənd təsərrüfatı, 61,9%-i isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 16 minə yaxın yeni iş yerinin açılacağı gözlənilir".

Kollegiya iclasında özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün hər il olduğu kimi, ötən ildə də sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. İclasda sənayedə və aqrar sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gücləndirilməsi, fındıqçılığın, tütünçülüyün, arıçılığın, zeytunçuluğun inkişafı, yeni zeytun bağlarının salınmasının dəstəklənməsi, o cümlədən bu sahələrə güzəştli kreditlərin verilməsinin davam etdirilməsi barədə tapşırıqlar verilib.

İclasda idxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi, eləcə də qeyri-neft məhsullarının ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğu bir daha vurğulanıb. Nazirlər Kabinetinin iclasında Prezident İlham Əliyev ticarət nümayəndəliklərinin yaradıldığı və ixrac missiyalarının təşkil edildiyi ölkələrə və bölgələrə ixracın həcminin artırılması barədə tapşırığının icrası məqsədilə Nazirliyin struktur bölmələrinə müvafiq göstərişlər verilib.

Qeyd olunub ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir. Bildirilib ki, ixracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi artıq öz nəticələrini verir. İndiyədək bu mexanizm çərçivəsində şərab, pambıq ipliyindən məmulatlar, konservlər, sular, şirələr, fındıq və digər məhsullar üzrə Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və s. ölkələrə ixrac müqabilində sahibkarlara 2,9 mln. manatı 2017-ci ildə olmaqla 3,5 mln. manata yaxın vəsait ödənilib.