XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

26 Yanvar 2018 - 08:30

İqtisadiyyatda yığım və ehtiyat fəlsəfəsi:“Fövqəladə iqtisadiyyat"ın əsasları

Elşən NƏSİBOV,

siyasətşünas-alim

 

I yazı

Yığım, ehtiyat toplama prosesi əməyin tətbiqində meydana gəlir. Əməklə şüurun vəhdəti təyinatı meydana gətirir. Maraqlar və ehtiyaclar kompleksi təyinatı formalaşdırır. İqtisadiyyat sistemi elə maraqların təyinatı sistemi kimi xarakterizə oluna bilir. Burada iqtisadiyyatda maraqlı tərəflər öz mənafelərinə uyğun şəkildə iqtisadiyyat əlaqələri və münasibətləri təşkil edirlər. İqtisadiyyatın aktivləri, passiv və aktiv hərəkətdə olan elementləri yığım və dövriyyə proseslərini təmin edirlər. Yığım ehtiyatları kütləvi olaraq, miqdarca baza iqtisadiyyatı, “arxayın iqtisadiyyatı” meydana gətirir. Baza kapital həm də passiv sərmayə olaraq aktiv sərmayə üçün ehtiyat rolunu oynayır. Baza kapitalın dövriyyəsi özlüyündə miqdarca böyük kapitalı hərəkət vəziyyətində saxlayır. 

Ardıcıl əmək prosesləri ehtiyatların toplanmasını şərtləndirir. Ehtiyatlar öz-özünə yarana bilir. Əmək proseslərinin nəticəsi olan məhsullar ehtiyacları üstələdikdə ehtiyat öz-özünə toplanır. Bazarda məhsul mübadiləsi (bazarın məqsədi məhsulu ticarət yolu ilə paylamaqdan ibarətdir. Tarazlı iqtisadiyyat bazarda nəticələnir. Bazar iqtisadi vəsaitlərin tarazlı ruhunu meydana gətirir. Bazar özü vərdiş olunmuş iqtisadiyyatdan keçidlər edir, sistemi yeni sistemlə əvəzləyir) iqtisadiyyatın tarazlı ehtiyat fəlsəfəsini meydana gətirir.  Bazarda ehtiyacların müxtəlifliyi birləşir, eyniləşir. Eləcə də ehtiyaclar aşkarlanır. Bu baxımdan da bazar ümumiləşdirici, təhliledici və birləşdirici, tarazlayıcı funksiyalar daşıyır. Bazar istehlakı və istehsalı mərkəzləşdirici funksiya kəsb edir. Bazar öz elə fövqəladə iqtisadiyyatın, ehtiyat iqtisadiyyatın əsaslarını əks etdirir. Bazar hərəkətlər yaradır, məhsulların istehsalını və realizə olunmasını təmin edir.

Ehtiyatsız ailə,  cəmiyyət, dövlət və dünya məhvə məhkumdur. Ehtiyat kapital insanın maddi-mənəvi aləmi arasında körpü yaradır, vəhdəti meydana gətirir.  İnsanın maddi-mənəvi dünyası vəhdət şəkilində tarazlı maddiyyata, ölçülüb-biçilmiş qazanclara və məsrəflərə, bu baxımdan da  iqtisadiyyata bağlıdır. Ehtiyat iqtisadiyyatının məqsədləri də onun vəzifələrindən irəli gələrək gələcək kapital yığımına  bağlı olur.  Baza kapital fövqəladə vəziyyətlərin idarə olunması üçün lazımi sərmayələri, aktivləri meydana gətirir.  

Dünyanın mövcud  kapital sistemi və onun idarə olunması sistemi və mexanizmisi özü elə ehtiyatdır, fonddur, yığımdır.  Bunlar maddiyyata söykənən ictimai, mədəni, siyasi və bəşəri  əsaslı fonddur. Fonddur, ona görə ki,  insanlar qaydalarla (təcrübədə sübut olunmuş və tətbiq edilən qaydalarla) vəsaitlərdən istifadə edirlər. Təsərrüfat əlaqələrinə və münasibətlərinə daxil olurlar.  İnsanlar istehsal, təkrar istehsal, xammalın və vasitələrin (formaların) istehsalı ilə, həm də şəbəkəli istehsalı ilə mövcud və gələcək ehtiyatlarını yaradırlar.  Sərmayələrin gələcəyi idarə etmək funksiyaları zamanı qabaqlayır. Fövqəladə iqtisadiyyat gələcək itkiləri sığortalayan iqtisadiyyat sistemi kimi önəm kəsb etməyə başlayır.

Dövlətlər iqtisadi sistemə məsuliyyət daşıyan tərəflər olaraq, bütün iqtisadi risqləri, iqtisadiyyatı dağıdıcı ünsürləri  (böhranları, təbii fəlakətləri, iqtisadiyyatın tarazlı əsaslarını iflic edən müharibələri) nəzərə alaraq, gələcək üçün ehtiyat fondları təsis edirlər, vəsaitlər toplayırlar. Ümumiyyətlə, insanlar rahat iqtisadiyyat içərisində “Fövqəladə iqtisadiyyat” (“Ehtiyat iqtisadiyyatı”) təşkil edirlər.  Bu,  iqtisadiyyatın öz daxilində, yəni normal proseslərdə, axarda  özünü göstərir. Eyni zamanda yığımda büruzə verir. Deməli, “Fövqəladə iqtisadiyyat” iki prosesdə özünü göstərir: normal iqtisadi axarda, ikincisi, yığımda, məsuliyyətli addımlarda,  ehtiyat bazalarında. Vəsaitlərin toplanmasında əsas  məqsədlər   lazımi anlarda vəsaitlərin pozulmuş tarazlığı bərpa etmək üçün  istifadə prinsiplərini   əsas götürməkdən ibarət olur. Ehtiyat iqtisadiyyatı “Gələcək iqtisadiyyat” (“Arxayın iqtisadiyyat”, “Zəmanətli iqtisadiyyat”)  kimi də adlandırıla bilər. Bu ehtiyatlardan çatışmazlıqları doldurmaq üçün istifadə etmək olar. Çatışmazlıqlar və risqlər, böhranlar anında boşluqlar əlavə resurslarla təmin edilə bilər. Bu təminat da özlüyündə təkrar kapitalı, kapitalın törənməsini  şərtləndirə bilər.

İnsan həyatı elədir ki, ətrafı (onun daxili mahiyyətini, gerçəklikləri, həqiqətləri) öz  şüuruna bağlı şəkildə dərk edərək, zamanı imkanlarla, şəraitlə əlaqələndirir. Şəraiti imkanlarla və həyatın tələbatları ilə uyğunlaşdırır, əlaqələndirir. Əksər hallarda şərait elə tələb edir ki, insanların tələbatları, ehtiyac meyarları ilə qazancları arasında kəskin uyğunsuzluq, uçurum, ahəngsizlik yaranır. Belə halda tarazlı sistem qeyri-tarazlı sistemə keçidlər edir. Belə vəziyyətlərdə  insanların  ruhu da sarsılır. İqtisadi fəalllıq, iqtisadi passionarlıq (aktivlilk, enerji dolu potensial, güc)  aşağı enir.  İnsanlar çətin günlərdən ehtiyat edərək gələcək üçün yığım, ehtiyat strategiyasını və taktikasını seçirlər. Qazanclarla xərclər arasında uyğunluq yaratmağa çalışırlar. Ehtiyacların ödənilməsi üçün əvəzləyici elementlər əldə etməyə çalışırlar. İnsan həyatı sistem və tərkiblərdən, mexanizm və strukturlardan ibarət olduğundan,  bu tərkiblərin hərəkəti üçün əvəzləyici, hərəkətləyici elementlər tələb olunur. İnsanlarda imkanlar, vəsaitlər azaldıqda həyatın normal sistemi öz miqyasını, tərkib miqdarını və kəmiyyətini itirir. Ölçülər azalır. Balanslı kəmiyyət itir. Bu anların yaşanmasının qarşısını almaq üçün insanlar kollektiv, birgə təsərrüfata üstünlük verirlər. İmkanlarını birləşdirirlər və əmək bölgüsünə gedirlər. Bu halda vəsaitlərin paylanılması prosesləri baş verir. Birgə zəka, birgə düçüncə və əmək fəaliyyəti insanların ehtiyat fondlarını yaradır. Belə deyək ki, iqtisadiyyat bir sistem olaraq öz-özlüyündə elə ehtiyatları və yığımları təşkil edir.  İqtisadiyyatın mərkəzi strukturları və trayektoriyaları təşkil edən xətlər iqtisadi elementlərlə yüklənir. Sistemin dövriyyədə olan ehtiyatı, dövriyyəni yaradan elementlər cəmi, kapital və onun dövriyyəsi məhz ehtiyatları yaradan amil kimi çıxış edir. 

İnsanlar  daima ehtiyatlı və azuqəli yaşamaq məqsədlərini güdürlər. İnsanlarda təbiətə inamla yanaşı, inamsızlıq da mövcud olur. İnsanların fəaliyyəti onların güzaranlarını təmin etməyə yönəlir. İqtisadiyyat sistemi bu məqsədlə təşkil olunur. İqtisadiyyat sistemi insanların mövcud və gələcək zaman üçün azuqələrinin toplanması məqsədilə təşkil olunur. Bu azuqələr ehtiyata ona görə verilir ki, lazımi zamanlarda çatışmayan məkanları doldura bilsin.  İqtisadiyyat  ehtiyatlar (makrodan mikroya qədər)  üçün təşkil olunur. İnsanlar öz ehtiyatlarını vəsaitlərin çatışmazlığı anına yığırlar, toplayırlar.

İqtisadiyyatın planlaşdırılması və proqnozlaşdırılması məhz gələcək ehtiyat yığımı prinsiplərinə əsaslanır. İqtisadiyyatın proqnozlaşdırılması ehtiyatların yığılmasına (şərait, məkan və zaman uyğunluğunda)  söykənir. Proqnozlaşdırılma istehsalın, istehlakın və bütün iqtisadi elementlərin tələb və təklif əsasında şərtləndirilməsinə söykənir. Proqnozlaşdırılma və planlaşdırılma uyğunluğun və vəhdət halında iqtisadi sistemin yaranmasına görə müəyyən edilir.

Dövlət özünün strukturlarını, cəmiyyəti və xalqı, eləcə də dünya üzrə iştirak və məqsədlərini təşkil etmək və təminatını həyata keçirmək üçün büdcə formalaşdırır. Dövlət büdcəsi vergi fəlsəfəsinə uyğun şəkildə formalasdırılır.  Dövlət büdcəsi dövlətin və xalqın resurslarının, qazanclarının tarazlı əsaslarla yığılmasına və paylanılmasına əsaslanır. Dövlət büdcəsinin məqsədi iqtisadi sistemin bütövlüyünün tərkib elementlərinin fəaliyyəti üçün qarşılığı (əvəzləməni)  verməkdən ibarətdir. Deməli, iqtisadi sistemin və bütün digər sistemlərin elementlərini hərəkət etdirmək məqsədilə qarşılıqlı şərtlər lazım gəlir. Qüvvə tələb olunur. Bu baxımdan da iqtisadi sistemin elementləri enerji ilə hərəkət vəziyyətində olur. Qüvvə enerjini yaradır, enerji də qüvvəni tətbiq edir. Ehtiyat fondlarının, cari fondların məqsədi məhz hərəkəti təmin etməyə əsaslanır.

Dövlətin ehtiyat fondlarının əsas məqsədləri dövlətin vəsaitlərindən səmərəli istifadə etməkdən və onları gələcək nəsillərin mənimsəməsinə layiqincə təqdim etməkdən ibarət olur. Dövlət büdcəsi dövlət hakimiyyətinin aparatlarının və digər siyasət institutlarının saxlanılması məqsədlərinə də sərf olunur. Hakimiyyətin, idarəetmə qrupunun formalaşması məqsədilə lazımi vəsaitlər, hərəkətəgətirici elementlər lazım gəlir. Ehtiyat fondları və büdcələr məhz bu kimi funksiyaları yerinə yetirirlər. Dövlət büdcəsi və dövlət fondları baza kapital rolunu oynayır. Dövlətin fondları həm əvəzləyici qiymətli metallar, həm iqtisadiyyat məhsulları (strateji məhsullar-xammal və istehsal məhsulu şəkilində), həm də milli və beynəlxalq valyutalar ola bilər.

 

Dövlət fondunun məqsədləri haqqında düşüncələr

 

Dövlət humanitar siyasət tərəfidir. Qayğı göstərəndir. Yardım mənbəyidir. Dövlət maddi-mənəvi kapital fondudur. Dövlət aktiv və passiv kapital yığım mənbəyidir. Dövlətin ehtiyat fondları onun yardım mənbəyi kimi formalaşmasını şərtləndirir. Dövlət ona görə humanitar qurumdur ki, özünün tərkib  elementlərini qorumaq funksiyasını yerinə yetirir. Dövlət özü elə sosial, mədəni və iqtisadi fonddur.  Dövlət cəmiyyətdə özünə yer tapmaq iqtidarında olmayan tərəflər üçün ehtiyat, yığım fondlarını, kapital mənbələrini formalaşdırır. Lazımi anlarda yardım göstərmək vəzifələrini icra edir. Dövlətin fondları onun humanitar məqsədlərinin icrasını təmin etmək üçündür. Dövlət fondunun məqsədləri təyinatı baxımından çoxaspektlidir, əhatəlidir, genişdir. Ehtiyat fondları lazımi anlarda dövriyyəyə elementlər buraxır ki, iqtisadi kapitalın ardıcıl axın səviyyəsi aşağı düşməsin, çatışmazlıqlar üzərə çıxmasın. Ehtiyat fondları iqtisadi başlanğıcla artım tempini müəyyən etmək funksiyasını yerinə yetirirlər. 

Dövlət cəmiyyət, xalq, əhali, sakin, xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər üzərində nəzarət funksiyasına malikdir. Onların hərəkətləri dövlət tərəfindən istiqamətləndirilir. Haqları, vəzifələri müəyyən edilir. Dövlət insanların ümumi və məxsusi hüquqlarını başlıca olaraq onların cəmiyyətdə olan mövqeləri ilə müəyyən edir. Cəmiyyətin mövqeyinin müəyyən olunmasında dövlət özü də iştirak edir. Dövlətə bu funksiyanı xalqın özü bəxş edib, eləcə də dövlətin qoşulduğu beynəlxalq hüquq, dövlətlərin yaratdıqları beynəlxalq hüquq bu vəzifəni, hüquqları bəxş edib. Xalq dövləti öz cəmiyyətini  himayə etmək üçün təşkil edib. Nəzarət edən, bu baxımdan idarə edən tərəfə çevirib. Cəmiyyət ümumilikdə dövlətin himayəsindədir, dövlət də cəmiyyətin əmanətidir.

Dövlət cəmiyyətin maddi-mənəvi irsi olan iqtisadiyyat üzərində nəzarətə sahiblik hüququna malikdir. Dövlət insanların təsərrüfat hüquqlarını müəyyən edir, əmək hüquqlarını formalaşdırır. Bu hüquqlar ilə hərəkətlərin miqdarı, ölçü və sferası müəyyən olunur. İnsanların təsərrüfat fəaliyyəti genişləndikcə, subyektlərin və obyektlərin sayı çoxaldıqca dövlətin də himayəçilik fəaliyyəti böyüyür. Dövlətin iqtisadiyyatda tənizmləmə və sahiblik hüquqları, bunlardan irəli gələrək sərəncam vermək və vərəsəlik hüquqları da böyüyür.

Dövlətin iqtisadiyyat hüquqlarının tərkibini iqtisadiyyatda maddi yığım və ehtiyat normaları, ideyaları, fəaliyyətləri təşkil edir. Dövlət daima kapitalının ardı kəsilməyən ehtiyat fondları yaradır və onları iqtisadi gedişata müvafiq olaraq artırır. Ehtiyat fondlarının baza məqsədi dönərli və artan iqtisadi tempə dəstək verməkdən ibarət olur.  Dövlət özü iqtisadi kapital yığımını  əks etdirən dövlət və özəl fondların yaranmasında maraqlı olur. Özəl fondların formalaşdırılması mikro və makro iqtisadiyyata dəstək amalına xidmət edir. İqtisadiyyatda arxayınçılığı və sərbəst dönərliliyi yaratmaq üçün özəl fondlar lazım gəlir. Özəl fondlar həmçinin iqtisadi sahədə yığımın müstəqil və sərbəst olmasına söykənir. Dövlətə məxsus olan fondlar isə (bu fondlar sahəvi və ümumi ola bilər) daha çox sosial-iqtisadi mahiyyət kəsb edir. Eləcə də siyasi məzmunu özündə əks etdirir.  Dövlət ehtiyat fondlarını iqtisadi mərkəzlər üçün şərt edir.  Ehtiyat fondları iqtisadi dalğalanmalar üçün, eləcə də iqtisadi müstəvilərin zənginləşməsi üçün çatışmayan və artması zəruri olan elementlərin təminatı funksiyasını yerinə yetirir. Ehtiyat fondları şəbəkələr üçün şərt olur və şəbəkələnmə funksiyasına malik olur. İqtisadi resursların paylanılmasında və mərkəzləşməsində ehtiyat fondlarının rolu həlledici olur. İqtisadi resursların paylanılması isə özlüyündə güclü olan tarazlı iqtisadiyyatın yaranmasını şərtləndirir. Tarazlı iqtisadiyyat da tarazlı sosial siyasətin təminatını yerinə yetirir. Ehtiyat fondlarının başlıca funksiyası sosiallığın yüksək səviyyəsini müəyyən etməkdən ibrarət olur. Yüksək sosiallıq isə öz növbəsində iqtisadi sabitliyin əsaslarını formalaşdırır.

Dövlət ehtiyat fondları passiv və aktiv olmaqla iki baza funksiya daşıya bilirlər. Dövlət büdcəsi və sosial fondlar əsasən aktivdir. Onların aktivləri daima hərəkətdə olur. Mədaxil və məxaric arasında balans daima hərəkətdə olur. Dövlət büdcəsinə yığım sürətli olur, aktivlər sürətlə daxil olur. Dövlət büdcəsindən məxariclər də sürətlə həyata keçirilir. Digər fondlar isə passiv ola bilir. Burada yığım sürəti yuxarı ola bilir. Məxaric isə aşağıdır. Bu fondlara transfertlər sürətlə daxil olur. Passiv fondlar daha çox “Fövqəladə iqtisadiyyatı”ın dayağı hesab oluna bilər. Ona görə ki, bu fondlardan köçürmələr üçün zaman amili çox uzundur. Təyinatın zamanı, məqsədlərin zamanı çox uzundur. Məsrəflər isə az-az, aramla həyata keçirilir. Makro təyinatlı və məqsədli fondlar əsasən passiv fondlar ola bilir. Ona görə ki, bu fondların vəsaitləri daha çox fövqəladə günlər üçün saxlanılır. Passiv makro fondlardan aktiv fondlara köçürülmələr ona görə aparılır ki, iqtisadi passionarlıq təmin edilə bilsin. Passiv fondların vəsaitləri mikro və makro iqtisadiyyatdan formalaşa bilir. Makro passiv fondların idarəçiliyi daha çox ali siyasətə xidmət edir. Dövlətin ümumi dayaqlarını təşkil edir. Passiv makro fondlar pul, qiymətli kağızlar, qiymətli metallar, strateji təyinatlı məhsullar, beynəlxalq bazarlarda strateji məqsədlər üçün satılan məhsullar şəkilində ola bilər. Makro passiv fondlar dövlətin uzun müddət saxlanılmasına xidmət etmək funksiyalarını da özündə daşıya bilər. Passiv ehtiyat fondlarının özləri aktiv iqtisadiyyatdan formalaşır.

Yüksək əmək haqları, gəlirlər,  makro və mikro istehsalat müəssisələrinin özləri də fondları təşkil edir. Bunlar daha çox aktiv fondları əks etdirirlər.