XƏBƏR LENTİ

27 May 2020
26 May 2020

Digər Xəbərlər

29 Yanvar 2018 - 12:43

Daha 74 dövlət obyekti hərraca qoyuldu –"Seyidlər üzüm emalı zavodu"satışa çıxarıldı

Əmlak Məsələləri Dövlət Komitəsinin fevralın 27-də keçiriləcək növbəti hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.

Özəlləşdirilməyə çıxarılan 74 əmlakdan 23-ü səhmdar cəmiyyət, 21-i kiçik dövlət müəssisəsi, 25-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.

Komitədən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aiddir. Özəlləşdirilməyə çıxarılan əmlaklardan 11-i xidmət, 3-ü sənaye, 3-ü təmir, qalanları isə müvafiq olaraq kənd təsərrüfatı və səhiyyə sahələrinə aid olan müəssisələrdir.

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektə Bakının Sabunçu rayonunda yerləşən 7 saylı kafeni nümunə kimi göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 214,7 kvadratmetr, torpaq sahəsi isə 250 kvadratmetrdən çoxdur. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişlidir. Qeyd edək ki, obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Bundan başqa sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşdirilməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Bu əmlakın ümumi faydalı sahəsi 3 min 500 kvadratmetrə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazımi xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Yeyinti sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektlərə "Seyidlər üzüm emalı zavodu" dövlət müəssisəsini nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 221 kvadratmetr, torpaq sahəsi isə 26 min kvadratmetrdən çoxdur. Həmin obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Təmir sahəsinə aid olan “Avtomobillərə texniki qulluq stansiyası” da əlverişli əmlaklardandır. Bərdə şəhərində yerləşən əmlak ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 1500 kvadratmetr, ümumi faydalı sahəsi isə 100 kvadratmetrə yaxındır.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 21-i paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Belə əmlakların sahəsi 13 kvadratmetr ilə 514 kvadratmetr arasında dəyişir.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr var. Belə səhmdar cəmiyyətlərə “Mingəçevir Qum-Çınqıl“, “Ağcabədi Aqrotexservis”, “Astara çay-3”, “Yevlax Kəndkimya Təchizat”, “Xaçmaz Mexanizasiya Nəqliyyat“, “Şıxlar Broyler” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45 faizini təşkil edir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Mingəçevir Qum-Çınqıl“ ASC-dir. Bu əmlakın səhminin 30 faizi 155 min manata yaxındır.

Özəlləşdirilməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3483 linkindən əldə etmək mümkündür.

Hərraca çıxarılan əmlaklar iqtisadi baxımdan olduqca cəlbedicidir. Hərraclara həm iri biznes layihələrinin, həm də kiçik sahibkarlığın reallaşdırılması üçün əlverişli əmlaklar çıxarılır. Bu isə investorların seçim imkanını artırır. Həmin əmlakların iaşə obyekti, ofis kimi, gəlir gətirə biləcək digər sahələrdə fəaliyyətini qurmaq olar. Eyni zamanda, əmlakı icarəyə verib yaxşı qazanc əldə etmək də mümkündür. Belə ki, özəlləşdirilməyə çıxarılan əksər obyektlər infrastruktur baxımından əlverişli mövqelərdə yerləşirlər. Hərraca çıxarılan əmlaklar paytaxtla yanaşı, respublikanın digər şəhər və rayonlarında yerləşir.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşdirmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Belə ki, əvvəlcədən hərrac barədə ətraflı məlumat toplamış şəxslər sonradan alıcı qismində iştirak edən zaman daha optimal qərar qəbul edə bilir. Hərracda iştirak üçün prosedurlar olduqca sadədir. Bunun üçün “privatization.az” portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10 faiz məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Yenilik olan Elektron hərracın köməyi ilə də özəlləşdirilmə prosesi daha da sürətləndirilir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.