XƏBƏR LENTİ

23 Sentyabr 2020
22 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 14:17

Azərbaycan Mərkəzi Bankı bu il inflyasiyanı6-8% civarında saxlamağa çalışacaq

Hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaq. Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcək. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcək.

Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan Mərkəzi Bankının(AMB) sədri Elman Rüstəmov Mərkəzi Bankın İdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında çıxışı zamanı bildirib. 

AMB sədri deyib ki, Mərkəzi Bankın 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi qarşıda duran başlıca vəzifədir. Onun sözlərinə görə, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir.

"Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaq. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaq."

Sədr bildirib ki, xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaq. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcək. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaq.