XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

03 Fevral 2018 - 14:38

Elman Rüstəmov:"Manat ilin əvvəlindən 4% möhkəmlənib"

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib.

Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, bunu bankın sədri Elman Rüstəmovİdarə Heyətinin 2017-ci ilin yekunlarına həsr olunmuş geniş iclasında deyib.

E.Rüstəmov bildirib ki, yeni qlobal iqtisadi reallıqlara uyğun olaraq son illərdə həyata keçirilən davamlı stabilləşdirmə tədbirləri nəticəsində ölkədə makroiqtisadi sabitlik və dayanıqlığın əsasları yaradılıb. Tədiyə balansı tarazlaşıb, valyuta ehtiyatlarına təzyiq azalıb, milli valyutanın xarici dəyəri sabitləşmiş və inflyasiya gözləntiləri nisbətən səngiyib. Bu müsbət nəticələr dərin makroiqtisadi manevr və çevik koordinasiya olunmuş makroiqtisadi siyasət çərçivəsinin tətbiqi sayəsində mümkün olub.

E.Rüstəmov qeyd edib ki, Prezident İlham Əliyev ölkədə makroiqtisadi vəziyyətin sabitləşdiyini, inflyasiyanın səviyyəsinin aşağı olmasını, eləcə də manatın məzənnəsinin sabit olduğunu vurğulayıb və ölkənin hərtərəfli inkişafı ilə bağlı bir sıra mühüm göstərişlər verib. Bununla əlaqədar, Mərkəzi Bankın 2017-ci ilin yekunlarına həsr olunmuş toplantısının əsas məqsədinin həm ötən ilin yekunlarını qiymətləndirmək, həm də son müşavirədə Prezidentin tapşırığından irəli gələn vəzifələri müəyyənləşdirmək olduğunu bildirib. Vurğulanıb ki, 2017-ci ildə Mərkəzi Bank yeni pul siyasəti rejimi çərçivəsində makroiqtisadi dayanıqlığa yönəldilmiş siyasət həyata keçirib, siyasət faiz dərəcəsi və pul təklifi mənbələri makroiqtisadi sabitlik və milli iqtisadiyyatın inkişafının təmin edilməsi hədəflərinə uyğun şəkildə tənzimlənib.

2017-ci ildə makroiqtisadi sabitlik meyillərinin yaranması qeyri-neft sektorunda iqtisadi artımın bərpasına şərait yaradıb. Belə ki, ötən il qeyri-neft sektorunda ümumi daxili məhsul real olaraq 2.7% artıb. Xarici tələblə yanaşı daxili tələb iqtisadi artımda mühüm rol oynayıb, dövlət büdcəsi xərcləri daxili tələbə təsir edən mühüm amillərdən biri olub.

2017-ci ildə inflyasiya gözləntiləri stabilləşib. Dövlət Statistika Komitəsinin məlumatına görə valyuta bazarının sabitləşməsi, hətta manatın məzənnəsinin möhkəmləndiyi şəraitdə inzibati qiymətlərin və dünya ərzaq qiymətlərinin artması, bir sıra əmtəə qrupları üzrə tələb-təklif nisbətinin dəyişimi inflyasiyanın səviyyəsinə təsir edən başlıca amillər olub.

2017-ci ildə monetar şərait əsasən fiskal sektorun və bank sisteminin likvidliyə olan ehtiyaclarının təsiri altında formalaşıb. Pul siyasəti alətləri inflyasiya və pul təklifi üzrə hədəflər, eləcə də pul siyasətinin transmissiyası xüsusiyyətləri nəzərə alınmaqla tətbiq edilib. 2017-ci ilə pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 8.7% artıb ki, bu da qeyri-neft sektoru üzrə iqtisadi artım tempini əhəmiyyətli üstələyir. İl ərzində iqtisadiyyatda ödənişlərin vaxtlı-vaxtında həyata keçirilməsi üçün daim kifayət qədər pul olub. Dəyər ölçüsü və ödəniş vasitəsi funksiyası ilə yanaşı, hesabat ilində manat müəyyən qədər yığım vasitəsi funksiyasını da bərpa etməyə başlayıb.

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4% möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib.

Tədiyə balansının profisiti ölkənin strateji valyuta ehtiyatlarının artmasına şərait yaradıb. Strateji ehtiyatlar 2017-ci ilin əvvəlinə nəzərən 4,2 mlrd.$ artaraq ilin sonuna 42 mlrd. ABŞ dolları təşkil edib. Mərkəzi Bankın valyuta ehtiyatları isə 34% artaraq ilin sonuna 5.3 mlrd. ABŞ dolları təşkil edib.

Çıxışda qeyd edilib ki, xarici şoklara adekvat olaraq həyata keçirilmiş siyasət tədbirləri nəticəsində 2017-ci ildə yeni makroiqtisadi sabitlik çərçivəsi formalaşdırılıb, ölkənin xarici və daxili balansı yaxşılaşmağa başlayıb. Bu prosesdə Maliyyə Sabitliyi Şurası makroiqtisadi koordinasiya üçün effektiv platforma rolunu oynayıb.

E.Rüstəmov iclasa yekun vuraraq Mərkəzi Bankın qarşısında duran başlıca vəzifələrə diqqəti çəkib. Bildirib ki, prezidentin irəli sürdüyü inkişaf strategiyasına, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi”nin başlıca hədəf və vəzifələrinə, eləcə də Mərkəzi Bankın 2018-ci il və orta müddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatına uyğun olaraq makroiqtisadi sabitliyin dayanıqlığının gücləndirilməsi qarşıda duran başlıca vəzifədir.

Həmçinin qeyd etdi ki, 2018-ci il və ortamüddətli dövr Azərbaycanda yeni iqtisadi inkişaf modelinə keçid və dayanıqlı iqtisadi artıma nail olmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Bu dövrdə makroiqtisadi və maliyyə sabitliyinin qorunması dayanıqlı iqtisadi artım üçün baza şərti olacaqdır. Mərkəzi Bank mandatına uyğun olaraq özünün stabilizasiya xarakterli balanslı pul siyasəti ilə əldə olunmuş makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığının təmin edilməsinə zəruri dəstək verəcək, hökumətlə birlikdə öz siyasətini inflyasiyanın birrəqəmli səviyyədə saxlanılmasına yönəldəcək, inflyasiyaya təsir imkanlarını artırmaq üçün pul siyasətinin strateji və əməliyyat çərçivəsini daha da təkmilləşdirəcək, bununla əlaqədar bütün istiqamətlərdə zəruri islahatların aparılması diqqətdə saxlanılacaqdır.

Daha sonra bildirdi ki, hökumətin birrəqəmli inflyasiya proqnozunu da nəzərə almaqla sərəncamındakı alət və mexanizmlərdən istifadə edərək Mərkəzi Bank 2018-ci ildə inflyasiyanı 6-8% civarında saxlamağa çalışacaqdır. Fiskal siyasətdəki nisbi yumşalmanı nəzərə almaqla Mərkəzi Bank konservativ pul siyasətini davam etdirəcəkdir. Bunun üçün Mərkəzi Bank adekvat monetar şəraitin formalaşmasını təmin edəcəkdir. Xarici şokları effektiv absorbasiya etmək qabiliyyətini nəzərə alaraq Mərkəzi Bank çevik məzənnə rejimini saxlayacaqdır. Mərkəzi Bank milli valyutanın fundamental makroiqtisadi amillərdən irəli gəlməyən qısamüddətli dəyişkənliyinin qarşısının alınması məqsədilə məhdud sayda və həcmdə valyuta bazarına müdaxilə edə bilər. Pul təklifinin həcmi iqtisadi artım və inflyasiya proqnozları, habelə maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyi nəzərə alınmaqla tənzimlənəcəkdir. Bununla belə ödənişlərin fasiləsizliyini təmin etmək, iqtisadiyyatın zəruri həcmdə likvidliyə olan tələbatını ödəmək bundan sonra da diqqətdə saxlanacaqdır.

Siyasət qərarları qəbul edilərkən pul siyasətinin transmissiyası xüsusiyyətləri də nəzərə alınacaq, qərarlar qabaqlayıcı rejimdə qəbul ediləcəkdir. Pul bazarının inkişaf səviyyəsindən asılı olaraq pul siyasəti alətlərinin təkmilləşdirilməsi davam etdiriləcəkdir. Əməliyyat hədəfinə effektiv şəkildə nail olmaq, alətlər üzrə kəmiyyət parametlərini adekvat müəyyən etməyə imkan verən likvidliyin monitorinqi və proqnozlaşdırılması sisteminin təkmilləşdirilməsi işləri davam etdiriləcəkdir.

Pul siyasətinin transmissiya effektinin gücləndirilməsi və maliyyə sektorunun resurs bazasının möhkəmləndirilməsindəki rolunu nəzərə alaraq Mərkəzi Bank nağdsız ödənişlərin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcəkdir. Ölkənin nağdsız cəmiyyətə transformasiyasına dair Mərkəzi Bank tərəfindən hazırlanmış dövlət proqramının qəbul edilərək reallaşması yaradılmış müasir ödəniş infrastrukturundan istifadəni əhəmiyyətli yaxşılaşdıra bilər. Mərkəzi Bank son dövrlərdə sürətlə populyarlaşan blokçeyn texnologiyalarının tətbiqi üzrə beynəlxalq prosesləri də izləyir və bu texnologiyalar əsasında maliyyə sektorunda müştəri-bank münasibətlərində rəqəmsal identifikasiya sisteminin yaradılması üzrə pilot layihənin reallaşdırılması nəzərdə tutulur.