XƏBƏR LENTİ

24 Sentyabr 2020

Digər Xəbərlər

05 Fevral 2018 - 14:52

177 dövlət obyekti satışa çıxarıldı –Növbəti hərrac

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən martın 6-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərrac keçiriləcək.

İnvestorların özəlləşdirilmə prosesinə marağını nəzərə alaraq, budəfəki hərraca çıxarılan əmlakların çeşidi artırılıb. Belə ki, növbəti hərraca 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 42-si kiçik dövlət müəssisəsi, 82-si qeyri-yaşayış sahəsi, 35-i isə nəqliyyat vasitəsidir.

ƏMDK-dan AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə aiddir. Özəlləşdirilməyə çıxarılan əmlaklardan 17-si xidmət, 8-i kənd təsərrüfatı, 5-i iaşə, 6-sı təmir, qalanları isə sənaye sahəsinə aiddir.

Özəlləşdirilməyə çıxarılan əksər əmlaklar sərmayəçilər üçün yaxşı gəlir mənbəyidir. Belə obyektlərə Gəncə şəhərində yerləşən 69 saylı ictimai iaşəni nümunə kimi göstərmək olar. Bu əmlakın ümumi faydalı sahəsi 164,2 kvadratmetrdir. Həmin obyekt investorlar üçün iaşə sahəsində əlverişlidir. Bundan başqa xidmət sahəsində də investorları cəlb edəcək əlverişli əmlaklar var. Yevlax şəhərində yerləşən 50 saylı mağaza belə obyektlərdəndir. Həmin əmlakın ümumi faydalı sahəsi 230 kvadratmetrə yaxındır.

Sənaye sahəsində də fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşdirilməyə çıxarılıb. “Qazax ərazi yun tədarükü və qəbulu idarəsi” belə əmlaklardandır. Bu əmlakın ümumi faydalı sahəsi 562.5 kvadratmetr, torpaq sahəsi isə 17 min kvadratmetrə yaxındır. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, əmlakın torpaq sahəsi ilə birgə özəlləşdirilməsi də iqtisadi potensialı artıran səbəblərdəndir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.

Kənd təsərrüfatı sahəsi üçün də yararlı olan əmlaklar hərraca çıxarılıb. Belə obyektə Daşkəsən rayonunda yerləşən Yardımçı təsərrüfatı nümunə göstərmək olar. Həmin əmlakın ümumi faydalı sahəsi 2 min kvadratmetrə yaxın, torpaq sahəsi isə 40 min kvadratmetrdən çoxdur. Obyekt torpaq sahəsi ilə birgə özəlləşdirilir.

Əlverişli əmlaklardan olan Kirayə Təmir Sahəsi Neftçalada yerləşir. Ərazi baxımından kifayət qədər optimal obyektdir. Həmin əmlakın torpaq sahəsi 11 min 500 kvadratmetrə yaxın, ümumi faydalı sahəsi isə 300 kvadratmetrdən çoxdur.

Hərraca çıxarılan səhmdar cəmiyyətlər sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərə sırasında “Zaqatala Fındıq”, “Anar”, “Xəzər Avtonəqliyyat”, “Salyan Kəndkimya”, “Lənkəran Mebel”, “Əli Bayramlı Aqrotəmir” və digər bu kimi səhmdar cəmiyyətlər aiddir. Qeyd edək ki, hərraca çıxarılan səhmdar cəmiyyətlər paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən 64-ü paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bunlardan 13-ü paytaxtın Nərimanov, 11-i Binəqədi, 6-sı Yasamal, qalanları isə Sabunçu, Nizami, Qaradağ, Səbail, Xətai və Pirallahı rayonlarında yerləşir. Regionlar üzrə qeyri-yaşayış sahələri Gəncədə, Sumqayıtda, Ucarda, Mingəçevirdə və başqa bölgələrdə yerləşir. Belə əmlakların sahəsi 10 kvadratmetr ilə 420 kvadratmetr arasında dəyişir. Nəqliyyat vasitələrinin isə markaları müxtəlifdir. Həmin avtomobillərin ilkin start qiyməti 1372 manatla 2595 manat arasında dəyişir. İstehsal tarixləri isə 2008-2009-cu illəri əhatə edir.

Özəlləşdirilməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumatı http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3525 linkindən əldə etmək mümkündür.

Qeyd edək ki, əhalinin istənilən təbəqəsindən olan şəxslər hərraclara iştirakçı qismində qatıla bilirlər. Eyni zamanda, proseduru ziyarətçi kimi canlı izləmək də mümkündür. Yaradılan bu imkan özəlləşdirmədə iştirak etmək istəyənlərin işini rahatlaşdırır. Yenilik olan Elektron hərracın köməyilə özəlləşdirilmə prosesi daha da sürətlənir. Bununla istənilən şəxs, ölkə daxilində və ya xaricində istənilən vaxt müraciət edərək tamamilə elektron şəkildə hərraca qatılmaq hüququ əldə edir.