XƏBƏR LENTİ

24 Sentyabr 2020
23 Sentyabr 2020

Digər Xəbərlər

16 Fevral 2018 - 10:20

Ekspert Rövşən Ağayev:“Azərbaycanın xarici borcu təhlükəli həddə deyil”

“Azərbaycanın hazırkı xarici borcu həddi təhlükəli olmasa da, son illərin artım tempi sürətlənib”.

Bu barədə iqtisadçı ekspert Rövşən Ağayev Meydan TV-yə deyib.

Onun sözlərinə görə, neft böhranı olan dövr, yəni 2015-ci ilə kimi Azərbaycanın xarici borcunun Ümumi Daxili Məhsulda payı 7-8 faiz idisə, hazırda 22 faiz həddindədir: “İkinci, xarici borc artımı elə bir dövrə təsadüf edir ki, neft bazarının gələcəyi ilə bağlı qeyri-müəyyənliklər var. 2008-2014-cü illərdə olduğu kimi gələn böyük neft pullarının təkrarlanacağı şübhə altındadır. Təhlükə ondadır ki, borclarımızın sürətlə artması xarici valyutada gəlirlərin kəskin az olduğu dövrə düşür”.

R.Ağayevin sözlərinə görə, üçüncü məqam odur ki, bu borclar heç də dövlət statistikasını tam əhatə etmir: “Ümumiyyətlə, Azərbaycanın xarici borc statistikasının təsnifatında problem var. Məsələn, Rusiyada borclar deyiləndə yalnız dövlət borcları nəzərdə tutulmur, burda dövlət sektoru bütövlükdə götürülür. Azərbaycanda isə hökumətin aldığı və zəmanət verdiyi borclar nəzərdə tutulur”.

R.Ağayevin sözlərinə görə, Beynəlxalq Valyuta Fondunun “60 faizə qədər ÜDM-də kritik hədd deyil” açıqlaması inkişaf etmiş dövlətlərə aiddir. İnkişaf etməkdə olan dövlətlərdə 40 faiz kritik hədd sayılır: "Bu mənada Azərbaycanın dövlət sektorunu da götürsək, açıqlanan rəqəm az deyil, əksinə kifayət qədərdir”.

Xatırladaq ki, Maliyyə Nazirliyinin açıqladığı rəsmi məlumata görə,  Azərbaycanın 10 milyard dollara yaxın xarici borcu var. Bildirilib ki, bu il yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,398.3 milyon dollar təşkil edib. Borc manatla ifadədə 16 milyarda yaxındır.