“Azərbaycanın "Şahdəniz-2” gəlirləri 3 kateqoriya üzrə çeşidlənəcək. Birincisi, qazın satışı, ikincisi, kondensatın satışı, nəhayət üçüncüsü, nəqletmədən gələn gəlirlər. Layihə kommersiya yönümlüdür. Ona verilən kreditlər həm də şirkətlərə verilir. Dövlət zəmanəti olmadan, bank özünü doğrultmayan layihələrin maliyyələşdirilməsinə imza atmaz”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban "Cənub Qaz Dəhlizi” layihəsinin perspektivini kaspi.az-a şərh edərkən deyib.
Onun sözlərinə görə, bu layihəyə Azərbaycanın kapital yatırmasının düzgün seçim olub-olmaması uzun müddət müzakirə edilib: "2013-cü ildə əsas arqument ondan ibarət idi ki, həm "Şahdəniz-2”, həm də 3 ayrı-ayrı boru kəmərinin – toplam 40 milyard dollar dəyərində bir layihənin reallıqda özünü doğrultması şübhəlidir. Buna görə də belə kapitalyönümlü layihənin reallaşdırılmasına indiki şəraitdə riskə getmək olmazdı. Belə arqument gətirənlərə qısa cavab həmişə bu olub ki, belə olan təqdirdə, "Şahdəniz-2” layihəsi gerçəkləşməyəcəkdi və Azərbaycan ancaq "Şahdəniz-1” layihəsi ilə qane olmalı idi. O zaman həmin qrupdan olanlar qeyd edirlər ki, "Şahdəniz-2”ni işləmək vacibdir, ancaq boruların çəkilişində Azərbaycan iştirak etməməli idi. Yəni öz qazını öz sərhədində xaricilərə təhvil verib məsələyə nöqtə qoya bilərdi. Təklif edirdilər ki, Azərbaycan qaz siyasətini Türkmənistan kimi aparsaydı, daha yaxşı olardı. Ola bilərdi, ancaq dünyada qaz ehtiyatlarına görə 4-cü yeri tutan Türkmənistanın bu gün məhz belə siyasət nəticəsində hansı vəziyyətə düşdüyü hər kəsə məlumdur”.
Cənub Qaz Dəhlizinin mərkəzi axın hissəsi ümumi uzunluğu 3500 km olacaq 3 qovşaqdan – Cənubi Qafqaz Boru Kəməri, TANAP, TAP-dan ibarətdir. Azərbaycan qazını Türkiyəyə nəql etmək üçün Cənubi Qafqaz Boru Kəmərinin (Bakı-Tbilisi-Ərzurum qaz kəməri) tikintisi 2004-cü ildə başlayıb və 2006-cı ilin sonunda başa çatıb. Cənubi Qafqaz Boru Kəmərinin uzunluğu 691 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 248 km-i Gürcüstanın payına düşür.
2011-ci ildə Avropa İttifaqı və Azərbaycan Xəzərdən Avropaya birbaşa qaz nəql edən marşrutların yaradılmasını dəstəkləyən Birgə Bəyanat imzalayıb. Bu, "Cənub Qaz Dəhlizi” layihəsi üçün əsas məsələ olub. Birgə Bəyanat TANAP və TAP ilə bağlı Hökumətlərarası sazişlər ilə birlikdə uzunmüddətli qaz satış müqavilələri üçün zəmin yaradıb. Daha sonra 2012-ci ildə Türkiyə və Azərbaycan siyasi rəhbərliyinin fəaliyyəti nəticəsində TAP kəmərinin tikintisi ilə bağlı razılıq əldə edilib.
TANAP Türkiyə-Gürcüstan sərhədindən başlayıb, 20 şəhərdən keçərək Türkiyə-Yunanıstan sərhədində bitəcək. Müqavilə Azərbaycanın "Şahdəniz” yatağının ikinci fazasından çıxarılan qazın ildə 16 mlrd. kubmetrinin Türkiyəyə nəqlini nəzərdə tutur. Bu həcmin 6 mlrd. kubmetri ölkənin daxili tələbatına yonəldiləcək, 10 mlrd. kubmetri isə Türkiyə üzərindən Avropa bazarlarına çıxarılacaq.