XƏBƏR LENTİ

26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Fevral 2018 - 16:19

“Ölkəyə ərzaq mallarının idxalı dəfələrlə artıb, ixrac isə azalıb”-Ekspertdən diqqətçəkən ŞƏRH

Ötən il Azərbaycan dünyanın 187 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.

Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir ki, Azərbaycandan 116 ölkəyə məhsul ixrac olunub. 179 ölkədən isə Azərbaycana idxal həyata keçirilib. Azərbaycandan ixracın 31,9 faizi İtaliyanın, 9,9 faizi Türkiyənin, 4,6 faizi İsrailin payına düşüb. İdxalda isə Rusiya öndədir. İdxal olunmuş məhsulların ümumi dəyərinin 17,7 faizi bu ölkənin payına düşür.

İdxalın qalan 14,5 faizi Türkiyədən, 9,7 faizi Çindən, 5,2 faizi ABŞ-dan, 5,2 faizi Ukraynadan, 5,1 faizi isə Almaniyadan reallaşdırılıb. Gömrük orqanlarının qeydiyyat məlumatına görə, ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri də nəzərə alınmaqla ötən il xarici ticarət dövriyyəsi 24257,6 milyon dollar olub. İxracın dəyəri 15475,6 milyon, idxalın dəyəri isə 8782,0 milyon dollar təşkil edib. DSK 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yarandığını bildirir. Komitənin məlumatına görə, 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyəsi faktiki qiymətlərlə 12,3 faiz artıb.

Ancaq real ifadədə 10,7 faiz azalıb. İxrac-idxal həcmi də azalıb – uyğun olaraq 7,1 və 16,1 faiz. 2017-ci ildə 1538,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib. Komitə bildirir ki, bu göstərici 2016-cı ilə nisbətən faktiki qiymətlərlə 24,4, real ifadədə isə 22,2 faiz çoxdur. 2017-ci ildə əvvəlki illə müqayisədə təzə meyvə ixracı 21,6, təzə tərəvəz 84,5, kartof 50,7, çay 52,1, meyvə- tərəvəz şirələri 57,3, çay 52,5, təbii üzüm şərabları 97,9 faiz, tütün 2,1, pambıq lifi də 4,3, bentonite gili 2,9 faiz artıb.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov deyir ki, bu ilin ilk aylarında da Azərbaycanda çay ixracı kəskin azalıb. Əvəzində isə idxalın 50 faiz artdığını söyləyir: “Bu ilin yanvarında ölkənin çay ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 47 faiz azalıb. Ümumiyyətlə ölkənin ərzaq təhlükəsizliyinə olan təminatı zəifləyib. Bu ilin birinci ayında ərzaq mallarının idxalı dəfələrlə artıb, ixracı isə azalıb. İxracda, bitki və heyvan mənşəli piylər və yağlar – 2,3 dəfə, şəkər – 2,7 dəfə azalıb. İdxalda isə ət – 50 faiz, kəsim üçün nəzərdə tutulan ətlik diri heyvanlar – 2,4 dəfə, süd – 2,5 dəfədən çox, buğda – 2 dəfədən çox, bitki və heyvan mənşəli piylər və yağlar isə 4 dəfədən çox artıb”.

Vahid Məhərrəmov digər ərzaq mallarının, kənd təsərrüfatı məhsullarının idxalında da kəskin artım olduğunu deyir. (Meydan TV)