Hindistanın maliyyə naziri Arun Jaitley Nyu- Dehlidə azərbaycanlı həmkarı Samir Şərifovla görüşüb.
Bu barədə Strateq.az-a Hindistanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Nazirlər görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq əlaqələrinin, xüsusilə də, ticarət və investisiya, ticarət və biznes nümayəndə heyətlərinin mübadiləsi sahələrinin genişləndirilməsi yollarını müzakirə edib. Tərəflər həmçinin, üzərində danışıqlar aparılan ikitərəfli sazişlər, İkitərəfli İnvestisiya Sazişi və İkiqat Vergitutmanın Aradan Qaldırılması Sazişi ilə bağlı da müzakirələr aparıb.
Hindistan və Azərbaycan arasında tarixi əlaqələrə əsaslanan yaxın dostluq münasibətləri və inkişaf edən ikitərəfli əməkdaşlıq mövcuddur. Hindistanın ONGC Videsh şirkəti Azərbaycanın neft və qaz sektorunda paya malik tərəfdaşdır. 2017-ci ildə Hindistanın Azərbaycana ixracı 60 faizdən çox artıb, ölkələr arasında ümumi ikitərəfli ticarət 460 milyon ABŞ dollarına çatıb. Azərbaycanlı peşəkarlara və tələbələrə Hindistanın müəssisələrində xərclərin tam qarşılandığı təlim proqramları təklif edən Hindistanın Texniki və İqtisadi Əməkdaşlıq Proqramı (İTEC) üzrə Hindistan və Azərbaycan arasında bilik və bacarıqların artırılması sahəsində inkişaf edən əməkdaşlıq mövcuddur.
Strateq.az