XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

27 Fevral 2018 - 19:49

“Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın koordinatorları Bakıda toplaşdı –FOTOlar

Fevralın 27-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və ÜGT-nin “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ının koordinatorlarının illik iclası başlayıb.

DGK Mətbuat Xidmətindən Strateq.az-a verilən məlumata görə, iclasın açılış mərasimində “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın ÜGT-dən olan baş koordinatoru Norbert Steyln 50-dən çox ölkəni əhatə edən layihənin əsas məqsədinin konteyner daşımalarına nəzarətin səmərəliliyinin artırılması olduğunu bildirib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyindən məmnunluq duyduqlarını ifadə edən ÜGT təmsilçisi bu görüşün gələcəkdə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində mühüm imkanlar yaratdığını vurğulayıb.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirib ki, iqtisadi sahədə mühüm nailiyyətlər əldə etmək, güclü iqtisadiyyata malik olmaq üçün gömrük infrastrukturunun inkişaf etdirilməsi ən vacib amillərdəndir. Səfər Mehdiyev qeyd edib ki, gömrük işinin təşkili istiqamətində də mühüm nailiyyətlər əldə olunub. Son illər həyata keçirilən mütərəqqi islahatlar, müasir tətbiqlər hesabına gömrük orqanları dinamik şəkildə inkişaf edərək nəinki ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi, eyni zamanda, beynəlxalq ticarətin təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsində mühüm rol oynayan quruma çevrilib.

Tarixi İpək Yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin üzərində yerləşdiyi üçün Azərbaycanın beynəlxaq ticarətdə müstəsna rol oynadığını vurğulayan DGK sədrinin birinci müavini Prezident İlham Əliyevin təşəbbüsü ilə istifadəyə verilən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi və Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tranzit daşımalarının sürətlənməsinə və ticarətin sadələşdirilməsinə şərait yaratdığını da diqqətə çatdırıb.

Konteynerlərin yükdaşımada əhəmiyyətli roluna toxunan Səfər Mehdiyev bölgə ölkələri vasitəsilə yüzminlərlə konteynerlərin hərəkətini nəzərə almaqla, yüklərin təhlükəsiz və sürətli daşınmasını təmin edən gömrük əməkdaşlarının bu sahədəki bacarıqlarının artırılması məqsədilə Bakı şəhərində ÜGT-nin Konteyner və Karqo üzrə Təlim Mərkəzinin yaradıldığını bildirib.

Son illər Azərbaycanda qaçaqmalçılığa qarşı mübarizə sahəsində əldə olunan nailiyyətlərdən də danışan Səfər Mehdiyev gömrük xidməti tərəfindən əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi məqsədilə hədəflərin idarə olunması sistemi və mobil qrupların yaradıldığını, peşəkar kadrların cəlb edilməsi, müasir texnika və avadanlıqların tətbiqi hesabına uğurlu nəticələrin əldə olunduğunu deyib.

ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin nümayəndəsi Aydın İmaşev təmsil etdiyi ofisin fəaliyyəti barədə məlumat verib və tədbirin beynəlxalq ticarətin təhlükəsiz və səmərəli şəkildə həyata keçirilməsində mühüm rol oynayacağına əminliyini ifadə edib.

İclasda “Konteyner daşımalarına nəzarət üzrə Qlobal Proqram”ın regional ofislərinin 10-dan çox nümayəndəsi iştirak edir. İclas çərçivəsində regional ofislərin koordinatorlarının təqdimatları nümayiş olunacaq, kommunikasiya, sosial media, müsadirədən sonrakı proseslər, statistik məlumatların mübadiləsi, vahid terminologiyadan istifadə, texniki avadanlıqlarla təchizat və digər məsələlər barədə müzakirələr aparılacaq, ÜGT-nin və BMT-nin ekspertləri məruzələrlə çıxış edəcəklər.

İclas martın 1-də başa çatacaq.