XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

08 April 2018 - 14:11

İqtisadiyyat fəlsəfəsi silsiləsindən:"Bazar və ticarət fəlsəfəsi"

 elshen-2.jpg

Elşən NƏSİBOV,

Siyasətşünas alim

 

İqtisadiyyat sistemi mübadilədən, yerdəyişmədən, əvəzlən­mədən formalaşır. İnsanların ilk növbədə təsərrüfatda əldə etdiklərinin yerdəyişmələrindən, qarşılıqlı şərtləndirilmələrdən iqtisadiyyat sistemi meydana gəlir. Bu proseslər, yəni mübadilə sayəsində bütövlüklər, əldə olunan vahidlər birləşir. Eləcə də iqtisadiyyat subyektləri, əl əməyi, zehni əmək birləşir. İqtisadi elementləri birləşdirən kriteriyalar, istiqamətlər mövcud olur. Bu amillər içərisində hadisələr, proseslər məkanı mühüm əhəmiyyət kəsb edir. Hadisələr olaraq ticarət, istehsal, valyuta əməliyyatları, maliyyə-fiskal əməliyyatları, idxal-ixrac və gömrük əməliyyatları, kreditləşmə və digər iqtisadi hadisələr iqtisadi sistemi yaradan, elementləri birləşdirən proseslərdir. Ticarət prosesləri iqtisadi məkanın böyüməsini və şəbəkələnməsini şərtləndirir. Bazar istehsalat münasibətlərinə dəyərlər verir, onu qiymətləndirir. Məhsulun istifadə təyinatını meydana gətirir. Bazarda məhsullardan istifadənin məqsədləri formalaşır. Məhsullar burada son nəticələr üçün istifadə olunur. Bazar iqtisadi etikanın və estetikanın formalaşmasını da şərtləndirir. İstehsalat məhsullarının bu məkanda düzülüşü, forma və zahirən xoşagəlimliyi baş verir. Ticarət bir proses olaraq etikanı, iqtisadi estetikanı şərtləndirir. Ticarət insanlar arasında dəyərlər mübadiləsini şərtləndirir. İqtisadi münasibətlərdə və əlaqələrdə davranış məhz ticarət yolu ilə yaranır. Bu baxımdan da iqtisadi etika meydana gəlir.

İqtisadiyyatda bazar onun strukturları arasında bağlılığı yaradan amildir. Bazar özü də bir strukturdur. Müxtəlif növ məhsullar arasında kompleksliliyi meydana gətirir. Bazar özü istehsalatın çeşidlərini müəyyən ticarət məkanlarında-ticarət obyektlərində cəmləşdirir. Ticarət-məhsulların mübadiləsi və reallaşması (burada istehlak kimi rol oynaması) proseslərini özündə ehtiva edən hadisələr cəmi, iqtisadiyyatın tamamlanmasını və sistemin daxilən və ətrafa doğru genişlənməsini özündə ehtiva edir. Ticarət məhsulların məkandan-məkana yerdəyişməsini təmin edən bir proses kimi əks olunur. Ticarət iqtisadi sistemin uyğunluq prinsiplərini yayır. Məsələn, bir ölkədə istehsal olunan məhsul (avadanlıq, aparat, cihaz və s.) başqa ölkədə eyni qaydaları meydana gətirir. Buna görə də iqtisadi vərdişlər eyniləşir, oxşar məzmun kəsb edir. Bazar və ticarət iqtisadi etika və estetikanı yaradır, iqtisadi məhsullardan istifadə qaydalarını formalaşdırır. Bazar və ticarət məhsullara olan münasibəti və davranışı şərtləndirir. Bazar və ticarət prosesləri cəmiyyətdə iqtisadi əlaqələrin yaranmasını, ictimai münasibətlərin formalaşmasını şərtləndirir. Cəmiyyətin ictimai strukturlarının yaranmasında bazarın da rolu böyük olur. Bazar və ticarət işgüzarlığın yaranmasını şərtləndirir. İşgüzarlıq özü elə ictimai fəaliyyətin tərkibini təşkil edə bilir. Bazar və ticarət cəmiyyətə xidmət edir, dövlətin saxlanması üçün lazımi vəsaitləri təqdim edir.

 Cəmiyyət elə bir bütövlükdür ki, burada bütövlüyü maddi maraqların sintezi və mübadiləsi meydana gətirir. İnsanlar maddi amillər üzərində maraqlarını bütövləşdirirlər, eyniləşdirirlər, oxşadırlar, eyniləşdirir və fərqləndirirlər. Bu maddi maraqlar tələbatların müxtəlifliyindən və eyniliyindən meydana gəlir. Buna görə də bazar və məhsulların mübadiləsi zərurəti meydana gəlmiş olur.

İqtisadiyyat fəlsəfəsində prinsiplər və qaydalar odur ki, insanlar tarazlı həyat yaşamalıdırlar. Bu tarazlılıq müəyyən məkanda iqtisadi bütövlüyü yaradır. İqtisadi bütövlük də gücü, potensialı, qüvvəni müəyyən edir, formalaşdırır. İqtisadi vasitələr mübadilə olunur, bazarlarda alınıb-satılır. Bu gün bazar anlayışı çox geniş şəkildə istifadə olunur. Belə ki, alqı-satqı mərkəzlərinin (dükanların, böyük marketlərin, hiper marketlərin, internet və onlayn marketlərin, hərrac mərkəzlərinin, yarmarkaların, “mall”-ların, shopinqlərin, universam və univermaqların-universal dükanların və digər tip obyektlərin) mövcudluğu və müxtəlif sahələri əhatə etmələri bazarın çoxfunksiyalılığını, çeşidliyini müəyyən etməkdədir.

İqtisadiyyat elə bir strukturdur ki, öz-özünü daxilən təmin edir. Elementlərin dövrü olması iqtisadi sistemin mexanizmlərini formalaşdırır. Bazarda məhsullar və valyuta reallaşır. Bazar iqtisadiyyatın tamamlanmasını təmin edir. İnsan ehtiyaclarının tamamlanmasını yerinə yetirir. Bazar iqtisadi sistemin işlək mütəhərriki kimi əhəmiyyət kəsb edir. Bazar və məhsulların ticarəti iqtisadi detalların təminatını həyata keçirir. İqtisadi detallar isə məhsulların tamamlanmasını və iqtisadi sistemin bütövlüyünü formalaşdırır. Bazar iqtisadi kapitalın təmərküzləşməsini, bütövləşməsini təmin edir. İqtisadi kapitalın bütövləşməsi əmlak sahibliyini meydana gətirir. Əmlak sahibliyi də ictimai mövqeni gücləndirir.

Bazar bir fenomen olaraq real ticarətin, alqı-satqının əsaslarını təşkil edir. İqtisadiyyat fəlsəfəsi onu tələb edir ki, istehsal olunan məhsullar, məhsulların nominal dəyərini müəyyən edən kağız pullar, qiymətli metallar mübadilə olunur. Kağız pullar, eləcə də qiymətli kağızlar əvəzləyici, dəyər əvəzləyən funksiya daşımaqla bərabər, bazarı da formalaşdırırlar. Məsələn, valyuta mübadiləsi özü pul bazarının əsaslarını təşkil edir.

Bazar və ticarət kriteriyaları ona görə iqtisadi fəlsəfədir ki,

-təminat funksiyasını yerinə yetirirlər;

-insanların maddi maraqlarını onların mənəvi maraqları ilə birləşdirirlər;

-çeşidləmə və bolluq yaratmaq funksiyasını yerinə yetirirlər;

-cəmiyyətin tarazlı təminatını və sabitliyi yerinə yetirirlər;

-resursların çeşidli paylanmasını təmin edirlər;

-pulun məhsullara olan dəyər nisbətini müəyyən edirlər;

-pul və valyuta arasında əlaqələr nisbətini müəyyən edirlər;

-qiymətli metalların məhsullara olan münasibətlərini (dəyərlər baxımından) və nisbətlərini müəyyən edirlər;

-məhsulun reallaşmasında dəyərlər prinsiplərini formalaşdırırlar;

-insan əməyinin nəticələrini müəyyən edirlər;

-bazar və ticarət iqtisadiyyatın stimullaşmasını təmin edir;

-əməyin şərti dəyərini stimullaşdırır;

-bazar və ticarət iqtisadi məkanın genişlənməsi və zənginlik prinsiplərini müəyyən edirlər;

-bazar və ticarət istehsalatın modernləşməsini və çeşidlənməsini şərtləndirir və s.

 

Fərdi (birbaşa) kreditləşmə və əhəmiyyəti

 

 

İnsanlar, gəlirləri olan şəxslər öz əmanətlərini banklarda yerləşdirirlər. Bu əmanətlərdən dövlət, şəxslər və banklar gəlirlər əldə edir. Banklar aktivlərin qorunması ilə yanaşı, onun artırılması ilə də məşğul olurlar.

Bu gün kreditləşmə maliyyə-kredit təşkilatları, o cümlədən banklar tərəfindən verilir. Makro və mikro kreditləşmə həyata keçirilir. Kreditləşmədə məqsəd iqtisadi-sosial layihələrin həyata keçirilməsindən ibarətdir. Kreditləşmə şəxslərin iqtisadiyyatda iştirakını təmin etməkdən ibarətdir. Kreditləşmə şaxələnmiş iqtisadiyyatın əsaslarını yaradır. Bu gün banklarda şəxslərin cari hesabları və depozit hesabları açılır. Banklar kreditlərdən gəlirlər, qazanclar əldə edirlər.

Kreditləşmədə birbaşa xətlərdən istifadə etmək lazımdır. Bu, o mənanı verir ki, imkanı olan şəxslərlə kredit götürənlər arasında birbaşa kontaktlar qurulur. Burada kreditlər verən tərəf kimi pulu olan şəxslər iştirak edirlər. Kreditləşmədə banklar vasitəçi olurlar. Gəlirlər isə birbaşa kredit verən şəxsin bank hesabına köçürülür. Bankın xidmət faizləri tutulur. İqtisadiyyatın şaxələndirilməsində bu addımlar böyük rol oynaya bilər. Həmçinin yeni kreditləşmə siyasətinin əsasları yarana bilər. Kredit verənlə alan arasında əlaqələr və ünsiyyət yarana bilər. Eləcə də pulun, kapitalın passivliyi aktivliklə əvəz oluna bilər.

 

Kapital, sərmayə haqqında düşüncələr

 

Kapital insanın iradəsinə məxsus olan nəticədir. İnsanın iradəsi və istəyi sayəsində hərəkətə gətirilən vasitədir. Kapital insanın daxili aləmini onun xarici aləminə bağlayan, bütövləşdirən amildir. İnsan özü də kapitaldır. Yetişmiş insan, kamala çatmış şəxs, mütəxəssislər, kadrlar, müəyyən ixtisas sahibləri, peşəkarlar, fərqli istedada və qabiliyyətə malik olan şəxslər və bütün işçilər, ümumilikdə əməyə sahib olanlar, fayda verənlər kapitaldırlar. Kapital olaraq subyekt və mənbədirlər. Eləcə də kapital daşıyıcıdırlar. Kapitalın realizə olunmasında iştirak edirlər. Məsələn, hər kəs istehsalçı ola bilməz. Ancaq hər kəs istehlakçıdır, tələbat tərəfidir. Hər kəs kapitaldan bu və ya da digər səviyyədə faydalanır. Deməli, kapitalın mənimsənilməsində, istifadəsində iştirak edirlər. Bununla da hərəkət dövriyyəsini təmin edirlər, istehsal və istehlak arasında balans yarada bilirlər. İnsanları bir-birinə, cəmiyyətə, dövlətə bağlayan ünsür, vasitə elə kapitaldır.

İnsan yaradıcılığı və quruculuğu nəticə etibarilə insanın özünü əhatə etməyə, maraqlara uyğun forma təşkil etməyə, maddi və mənəvi vasitələrin əldə olunmasına xidmət edir. İnsanın maddi məzmunu və dəyər ünsürü kapital və sərmayədə əks olunur. Kapitalın qiymətləndirilməsi insanın, ona sahib olanın həyatda maddi dəyərləndirilməsini şərtləndirir. İnsanın maddi sübutu həm də onun məxsus olduğu əmlakda büruzə verir. İnsanın cəmiyyətdə təsdiqi onun hərəkət imkanları ilə ölçülə bilir. Kapital məhz hərəkət üçün elementləri şərtləndirir. Kapital insanın cəmiyyətdə dayaq tutmasına xidmət edir. Onu əhatələndirir və cəmiyyətdə sosial-ictimai parametrlərlə təsdiqləyir. Kapital maddi-mənəvi əlaqələr sistemini özündə daşıyan qiymətli vasitədir. Kapital və onun qarşılıqlı əvəzlənməsi və məkanda dəyərləndirilməsi, ondan lazımi məqsədlərlə istifadə olunması məhz insanın maddi maraqlarının ardıcılı şəkildə ödənilməsinə əsaslanır. İnsan kapitalı hərəkət etdirir və bununla da sistemi yaradır. Müxtəlif tərkibli və təyinatlı kapital vasitələri birləşir və sintez şəkilində bütöv iqtisadiyyatı, bütöv maraqlar şəbəkəsini və vahid sistemi yaradır. Kapital elə bir dəyər ünsürüdür ki, fərdi əhatə edir, onu sübutlayır, eləcə də fərdi kollektivə bağlayır. Bu baxımdan da kapital bağlayıcı, birləşdirici ünsür, element, kriteriya rolunu oynayır. Kapitalın axını iqtisadiyyatın xeyirxah missiyasını əsaslandırır. Kapitaldan düzgün istifadə və təyinat bu vasitənin xeyirxah missiyasını şərtləndirir. Humanitar məqsədlər üçün istifadə olunan məsrəflər, hərəkət axınları məhz kapitalın məzmununu meydana gətirir. İnsan yaradır, forma baxımdan qurur və xammalı formalı, məqsədli kapitala çevirir. Kapitalın birləşdirilməsi məhz iqtisadi bütövlüyü yaradır. Bu anda maraqlar birləşir, sintez olunur. Vahid xeyriyyəçilik müstəvisi meydana gəlir. İqtisadiyyat o halda müdrikləşir ki, onun tərkibi olan kapital vahid sosial rifaha, kollektivçiliyə çevrilir. Vahid məqsədli iqtisadiyyat bütöv potensiallı və güclü olur. Daxilən eyni və oxşar məqsədlər bütövlüyə xidmət edir. Bu halda bütöv və tərkibi çeşidli iqtisadiyyat meydana gəlir. Vasitələrin vahid axarlara yönləndirilməsi onun gücünün axınını yaradır. Tərkibi çox istiqamətli olan, lakin renovasiya olunan iqtisadiyyat daima güclənməkdə olur. Kapital kapitalı şərtləndirir və avanqard və baza elementlərə çevirir. Hər bir kapital vasitəsinin dövriyyədə iştirakı kapital məkanını yaradır. Bu məkanların cəmləşməsi özündə iqtisadi müstəvinin arealını formalaşdırır. İqtisadiyyatın xeyirxah missiyası həm onun daxili sistemində, həm də xarici sistemində formalaşır.

Kapital (mülk, bu baxımdan daşınar və daşınmaz əmlak, onları qiymətlərlə əvəz edən pul, qiymətli metallar, qiymətli kağızlar, strateji məhsullar, istehsalatı və ticarəti təşkil edən obyektlər və iqtisadiyyatda iştirak edən bütün cisimlər, əşyalar, insan resursları, bilik və qanunvericilik vasitələri) və sərmayə (kapital və onun vasitə kimi forması, qiymətləndirilmiş forması) iqtisadiyyatın əsaslarında qərarlaşır. Kapital iqtisadiyyatın dərinləşməsini, zənginləşməsini və özülünü təşkil edir.

Kapitalın xeyirxah məqsədlərinə, missiyasına o da daxildir ki, maddi vasitələr sintez yaradanda harmoniya və uyğunluq mövcud olsun. İnsan kapitaldan, öz yaradıcılıq məhsulundan cəmiyyətin, ətrafın gözəlləşməsinə və sağlamlaşmasına istifadə etməlidir.

Kapital şəxsiyyətin maddi vəziyyətini qiymətləndirən vasitədir. Həmçinin kapital sistemində iştirak payını müəyyən edən amildir, kriteriyadır.

Kapital xarakterinə görə intellektual məzmunlu olur. İntellektuallıq o deməkdir ki, kapital bir tərəfdən mədəniyyətə xidmət edir, digər tərəfdən əqlə, zəkaya bağlıdır. Başqa bir tərəfdən isə intellektual dərrakənin məhsulu kimi ortaya çıxır. Bilik və düşüncələr də intellektual kapitalın tərkibini təşkil edir. Buradan da zəka, ağıl, düşüncə iqtisadiyyatı formalaşmış olur. Kapitaldan məqsədyönlü şəkildə, ağılla istifadə məhz inetllektual iqtisadiyyatın, elm tutumlu iqtisadiyyatın formalaşmasına səbəb olur.

Kapital və sərmayənin fəlsəfəsini bu şəkildə ümumiləşdirmək olar:

-kapital və sərmayə maddi düşüncələr obyektidir və vasitəsidir. Bu vasitə insanın maddi şəxsiyyətini müəyyən və təyin edir;

-kapital insanı maddi aləmdə qərarlaşdıran elementdir;

-kapital insanı maddi-mənəvi birlikdə uyğunlaşdıran üzviləşdirən amildir;

-kapital maraqları quruplaşdıran və onları oxşar və eyni istiqamətlərə yönəldən vasitədir;

-kapital tələbatlar sistemini yaradan və quruplaşdıran maddi kompleksiyadır;

-kapital insanlar arasında sosial bağlılıq yaradan və onları quruplaşdıran maddi elementdir;

-kapital baza və saxlanc iqtisadiyyatının, yığım və fövqəladə iqtisadiyyatın tərkibidir;

-kapital dövlətin gücünü müəyyən edən vasitədir və dövlət hakimiyyətində vasitə, subyekt və obyektdir;

-kapital insan şəxsiyyətini təsdiq edən ünsürdür və insanın ictimai mövqeyini müəyyən edən maddi dəyərdir;

-sərmayə və onun qoyuluşu insanın cəmiyyətdə xeyirxah iştirakına əsas yaradan vasitə və istiqamətdir;

-sərmayə insan iradəsini hərəkətə gətirən, müəyyən xeyirxah məqsədlərə yönəldən kapitldır;

-sərmayə sosial rifaha xidmət edən kapitaldır və insan mədəniyyətini əks etdirən maddi elementdir;

-sərmayə xeyirxahlıq missiyası vasitəsidir və insanın iqtisadiyyatda iştirak payını müəyyən edən elementdir;

-sərmayə kapitalı daima hərəkətdə saxlayan və onun tərkibini müəyyən edən elementdir;

-sərmayə kapitalı yayan, iqtisadiyyatı genişləndirən və böyüdən maddi elementdir;

-sərmayə idxal və ixrac potensialıdır       , istehsal və istehlak proseslərini müəyyən edəndir;

-sərmayə saxlanc və qazanc iqtisadiyyatının tərkibi üçün kapital qoyuluşudur;

-sərmayə insanın maddi təfəkkürünü onun mənəvi təfəkkürü ilə bağlayan vasitədir;

-sərmayə mədəniyyət elementinin tərkibi olmaqla, mədəniyyət yaradan kompleksiyadır və s.

 

Sağlam məzmunlu iqtisadi rəqabətin əsasları

 

Sağlam hərəkətlər (bir çox hallarda belə hərəkətlərə orijinal, fərdi, subyektiv, təsdiq və inkar məzmunlu, xalis, asılı olmayan, öz ağılına, sərbəst məntiqə əsaslanan aktlar kimi də ad vermək olar) sərbəst, azad və başqalarının mənafelərinə zərbələr vurmayan, eləcə də müstəqil, əsaslı və rasional düşüncələrə söykənən aktlardır. Burada məntiqi nəticələr, özünə və ətrafa faydalar gətirən nəticələrin hasil olması, dolğun və estetik görünüş, forma və məzmun sağlamlığın sübutudur. Sağlam hərəkətlər sayəsində əməyə düzgün qiymətlər verilməsi, haqq-ədalət prinsiplərinin tətbiqi və ədalətli mühitin aşkarlanması və təzahürü meydana gəlir. Sağlam hərəkətlər bütöv və “yaralı” olmayan sistemin formalaşmasına şərt verir. Bunun sayəsində cəmiyyətə, dövlətə, xalqa, bütünlükdə bəşəriyyətə xidmət edən iqtisadi sistem yaranır. Sağlam iqtisadi fəaliyyət nəticə etibarilə humanitar iqtisadiyyatın yaranmasına şərt verir. Sağlam rəqabət potensialın səfərbər olunmasına səbəb olur. Eləcə də əldə edilən keyfiyyətli və çoxçeşidli məhsullar sayəsində rəngarənglik meydana gəlir. Tələbatın tarazlı ödənilməsi üçün lazımi vəsaitlər əldə oluna bilir. Bu rəngarənglik sayəsində tarazlı təminat formalaşır. Tarazlı təminat da sabitliyin yaranmasında əsas şərt kimi çıxış edir. Deməli, sağlam rəqabət ictimai sabitliyin və azad iqtisadi mühitin formalaşmasına səbəb olur. Azad iqtisadi mühit resursların səfərbərliyini yaradır. Maliyyə aktivlərinin cəlb olunmasını şərtləndirir. Sağlam iqtisadi rəqabət maliyyə qazanclarını artırmaqla bərabər, ilkin və təkrar, dönərliyi olan sərmayə qoyuluşuna şəraitlər yaradır. Sağlam iqtisadi rəqabətin obyektivliyi onda olur ki, bu fəaliyyət zamanı aktlar real və ideal proseslərə, eyni zamanda bu proseslərin təzahürü və daxili qaydaları və prinsipləri olan qanunauyğunluqlara söykənir.

Rəqabət (yarışma) bir xətt üzərində və ya da müxtəlif xətlər üzərində, paralel və müxtəlif istiqamətlərlə həyata keçirilən hadisələr və proseslər məcmusudur. Rəqabət zamanı aktlar uyğunlaşdırılır, eləcə də fərqli məzmun və forma alır. Bu da nəticədə eyni təyinatlı və ya da müxtəlif təyinatlı məhsulların əldə olunmasına səbəb olur. Rəqabət zamanı istehsalat prosesləri, xidmət prosesləri oxşarlaşdırılır. Eləcə də oxşar xətlər üzrə sürətləndirilir. Bu baxımdan rəqabətin formasında sürət amili, həmçinin modelləşdirmə, keyfiyyətlər üçün səmərəliləşdiricilik mühüm əhəmiyyət kəsb edir. Sağlam rəqabət məkan uğrunda mübarizə kimi də forma kimi xassələndirilə bilər.

Sağlam rəqabət azad, qeyri-gərgin, üzərində ciddi maneələr, ciddi rejimlər olmayan iqtisadiyyat sisteminin tərkibində olan azad və sərbəst, ağılla stimullaşdırılan təsərrüfat aktlarının əsasıdır, özüdür. Azad iqtisadiyyat, liberal sistemlər imkanları (burada rahat və inamlı şəkildə sərmayə qoyuluşu və əməyin və biliklərin sağlam istifadəsi, istehsalın və qeyri-istehsalın ürəklə, həvəslə təşkil edilməsi və s.) maksimum dərəcədə üzərə çıxara bilir. Azad iqtisadiyyat sistemində təsərrüfat əlaqələri məkana və bazara müvafiq olaraq qurulur. Burada yeni iqtisadi ideyalar layihələndirilir. Bu baxımdan da azad iqtisadi rəqabət yeni iqtisadi ideyaların formalaşmasına yol açır. İqtisadiyyat mühitinin özü azad və sağlam rəqabətin meydana gəlməsini şərtləndirir. Azad rəqabət baza üzərində törəyici iqtisadiyyatın yaranmasına səbəb olur. Sağlam rəqabət bazarda sağlam qiymətlərin müəyyən olunmasını şərtləndirir. Eləcə də nəzarət olunan və “sərbəst üzən” qiymətlərin yaranmasına səbəb olur. Sağlam rəqabət sağlam düşüncələrin və sağlam şüurun formalaşmasına şərt olur. Sağlam rəqabət uzunmüddətli sərmayə qoyuluşunun əsasıdır.

Azad bazar, azad və sərbəst istehsalat iqtisadi yarışmaları şərtləndirir. İqtisadi yarışmalar çeşidli və keyfiyyətli məhsulların əldə olunmasını zəruri edir. İqtisadiyyat şaxələndirici müstəvidən və elementlərdən ibarətdir. İqtisadi yarışmalar məhz şaxələndirməni zəruri edir. İqtisadi yarışmalar iqtisadi müstəvinin zənginləşməsinə və iqtisadi fəallığa səbəb olur. İqtisadi rəqabət zamanı elmin, biliyin, sistemliliyin əsasları məhsul istehsalına və xidmətlərə., infrastrukturlara öz təsirlini göstərir. Bazara daha keyfiyyətli, yeni görünüşlü və asan təyinatlı, asan istifadəyə uyğun, zamana və əmək sərfiyyatının qısa olmasına uyğun məhsullar çıxarılır. İqtisadi sağlam rəqabət istehlakın səmərəliliyini təmin edir. Bazara yeni məhsullar iqtisadi etikanı və estetikanı da təkmilləşdirir.

Azad iqtisadi rəqabət iqtisadi renovasiyaların, islahatların və dəyişikliklərin əsaslarını yaradır. Bu dəyişikliklər fonunda yeni tələbatlar və tələbatların ödənilməsi axınları meydana gəlir.

Sağlam rəqabət özü sağlam təsərrüfatın yaranmasına səbəb olur. Sağlam təsərrüfat da sağlam siyasi sistemə və sağlam hakimiyyət tənzimləməsinə gətirib çıxarır. Sağlam iqtisadi rəqabət yumşaq dövlət tənzimləməsini meydana gətirir. Sağlam rəqabət aktiv enerjili iqtisadi ruhun formalaşmasına səbəb olur. Sağlam rəqabət sağlam münasibətlərin və sağlam əlaqələrin yaranması üçün münasib vərdişləri aşılayır.

Sağlam iqtisadi rəqabət haqqında əlavə olaraq bu kimi düşüncələrdə olmaq olar:

-Sağlam rəqabət cəmiyyətin bütün üzvlərinin mənafeyinə toxunmayan aktlar məcmusudur;

-sağlam rəqabət nəticə etibarilə fondların, büdcələrin zənginləşməsinə, vəsaitlərinin artmasına əsaslanan aktlar məcmusudur;

-sağlam rəqabət iqtisadi humanitar siyasətin həyata keçirilməsi üçün lazım olan vəsaitlərin səfərbər olunmasına hesablanan aktlar məcmusudur;

-sağlam rəqabət iqtisadi sistem üçün şablonların təmizlənməsini həyata keçirən aktlar mühitidir;

-sağlam rəqabət yüksək qazanclara nəticə verən və işsizliyin qarşısını alan, eləcə də sosial bazanı gücləndirən aktlar məcmusudur;

-sağlam rəqabət inflyasiyanın qarşısını alan iqtisadi aktlar cəmidir;

-sağlam rəqabət sosial dövlətin yaranması üçün kasıbçılığın azaldılmasına yönələn iqtisadi aktlar məcmusudur;

-sağlam rəqabət iqtisadi özündərkin və iqtisadi mənliyin, iqtisadi şəxsiyyətin formalaşmasına səbəblər verən aktlar məcmusudur;

-sağlam rəqabət iqtisadi nüfuzun artmasına şərtlər verən aktlar məcmusudur;

-sağlam rəqabət iqtisadi aktivliyin, iqtisadi passionarlığın yaranmasına şərtlər verən aktlar məcmusudur;

-sağlam iqtisadi rəqabət imkanların kompleksli səfərbərliyinə əsaslanan aktlar məcmusudur;

-sağlam rəqabət kapitalın azad şəkildə dövriyyəsinə və sərbəstliyə əsaslanan aktlar məcmusudur;

-sağlam rəqabət şəffaf iqtisadiyyatın əsaslarını təşkil edir və s.

 

 Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadiyyat haqqında düşüncələr

 

Dünya bütövlüyü reallığı və ideallığı onu deməyə əsas verir ki, hər bir şəxs öz ölkəsi ilə yanaşı, həm də dünya sakinidir. Milli və dünya səviyyəsində qayğı ilə əhatələnir. Bu hal şəxsi sərhədlərdən kənara çıxarır. Eləcə də dünya potensialından istifadə etmək üçün imkanları yaradır. Dünyanın imkanlarını sərhədlər daxilinə gətirir. İnsanlıq amilinə, dünyalılığa və milliliyə görə də milli və dünya vəzifəsinə sahibdir. Milli və dünya səviyyəsində qorunan hüquqlara məxsusdur. Dünya böyük planetar məkan olmaqla öz təcrübi və nəzəri vəhdətinə sahibdir. Dünya iqtisa­diyyatının təşkili, qorunması, sistemləşməsi, strukturlaşması və inkişafı məhz planetar məkanın insan üçün əhəmiyyətli olması anlamına gəlir. Planetar imkan dünya sakinlərinin qayğısı üçün əsas mənbədir. Planetar məkanın vəzifəsi dünyanı qorumaqdan və öz daxili dəyərlərini qorumaqdan ibarətdir. Dünya dəyərdir, incidir, qlobal nemətdir, sərvətdir. Buna görə də öz potensialını daxilinə səfərbər edir ki, özünü saxlaya və gələcəyə ötürə bilsin. Dünya iqtisadiyyatının mahiyyəti də məhz qlobal bəşəriyyətlə bağlıdır. Bu baxımdan da belə bir prinsip ortaya çıxır: “Dünya bəşəriyyət-bəşəriyyət dünya üçündür”. Dünya iqtisadiyyatı elə bir sistemdir ki, burada ümumi bir mənbədə, ümumi bir müstəvidə fərdi imkanlara yol açılır. Milli iqtisadiyyat dünya iqtisadiyyatı ilə inteqrasiyada zənginləşir. Tərkibini rəngarəngli edir.

Hər bir şəxsdə bəşəri vicdan mövcuddur. Bütün dünya resurslarından hər bir şəxsin müəyyən dərəcədə yararlanmaq hüquqları var. Eləcə də hər bir şəxs dünyaya dəyərlər bəxş etmək öhdəliyinə malikdir. Dünya iqtisadi sistemi və onun ötürücü (daxili ötürücü) mexanizmisi olan beynəlxalq iqtisadi sistemlər milli əsasların dünya səviyyəsində qovuşmasını təmin edir. Xətti əlaqələr yaradır. Bununla da milli dəyərlər beynəlxalq aktlar yolu ilə birləşir, ümumdünya xarakteri alır.

Dünya iqtisadi sistemində vəzifə və öhdəlik, eləcə də hüquqlar və məsuliyyət bir-birini tamamlayır. Dünya iqtisadiyyatının mahiyyətində də vəzifələr, prinsiplər və öhdəliklər kimi məhz bu kimi prinsiplər qərarlaşır: dünyanı qorumaq, ondan istifadə etmək, bəşəri duyğularla birləşdirmək, dünyanın maddi və mənəvi irsini qorumaq və nəsillərə ötürmək, dünyanı sağlam şəkildə yaşatmaq. Hər bir şəxsin milli və dünya mənliyi mövcuddur. Dünya iqtisadiyyatı dünyanın təsərrüfat subyektlərinə (dövlət, dövlətlərin daxillərində olan subyektlər) status bəşx edir. Bu sistem sayəsində dövlətlərin təsərrüfat şəxsiyyətləri formalaşır. Dövlətlərin və təsərrüfat subyektlərinin iqtisadi gücləri dövlətlərin təsir imkanlarını ortaya qoyur. İqtisadi mərkəzlərin təsnifatı yaranır. İqtisadi mərkəzlərin bir-birinə bağlanılması sayəsində iqtisadiyyatın ümumi mənafeyi və ümumi amalları, ümumi məqsədləri formalaşmış olur.

Dünya iqtisadiyyatı ona görə təşkil olunur ki, milli çatışmazlıqları aradan qaldırsın. Dünya xalqlarının bütövləşmə münasibətlərində və əlaqələrində boşluqları aradan qaldırsın. Dünya iqtisadiyyatı ümumdünya sabitliyinin təmini məqsədilə həyata keçirilir. Dünya iqtisadiyyatı ümumdünya kapitalının artırılması məqsədilə təşkil olunur.

Dünya iqtisadiyyatı struktur və forma baxımından milli iqtisadiyyatların strukturlarının xətti birləşməsindən yaranan müstəvidir, strukturlar cəmidir. Dünya iqtisadiyyatı baza və üst iqtisadi strukturlaşmadan meydana gələn mexanizmlər, strukturlar cəmidir. Dünya iqtisadiyyatı və beynəlxalq iqtisadiyyat dünyanın bütövləşməsi, vahid amallar uğrunda mübarizəsi, fəaliyyəti məqsədilə təbii olaraq yaranır. İqtisadiyyat zərurətdən meydana gəlir. Dünya iqtisadiyyatı iqtisadiyyatla bağlı vərdişlərin, biliklərin paylanılmasını şərtləndirir. Beynəlxalq iqtisadiyyat dünya iqtisadiyyatının bütövləşməsi mexanizmlərini özündə əks etdirir. Beynəlxalq iqtisadiyyatın başlıca vəzifəsi milli iqtisadiyyatları birləşdirmək və bundan dünya iqtisadiyyatını yaratmaqdır.

Dünya iqtisadiyyatı ona görə təşkil olunur ki, dünya resurslarından, dünya sərvətlərindən birgə istifadə olunsun. Dünya iqtisadiyyatı dünya kapitalının vahid, bütöv dövriyyəsini yaradır. Bu halda dünya sərvətlərindən lazımınca, həm də birgə şəkildə istifadə olunur. Bütün dünya sakinləri yararlanır. Dünya iqtisadiyyatı dünyanın vahid iqtisadi əlaqələr müstəvisini, vahid iqtisadi münasibətlər müstəvisini yaratmaq üçündür. Dünya iqtisadiyyatı milli mənbələrdən ibarətdir ki, bu milli mənbələr də dünya iqtisadiyyatının tərkibini meydana gətirir. Dünya iqtisadiyyatında paylanmalar bu sistemin daxildən elementlər hesabına zənginləşməsinə xidmət edir. Dünya iqtisadiyyatı dünyanın sərvətlərindən paylanılmış şəkildə istifadə məqsədlərini güdür. Dünya iqtisadiyyatı beynəlxalq iqtisadiyyat vasitəsilə bir tərəfdən təminat, digər tərəfdən də müdafiə funksiyasını yerinə yetirir.

Dünya iqtisadiyyatı dünyanın vahid iqtisadi humanitar sistemidir. Qeyd olunduğu kimi, bura milli iqtisadiyyat (ölkə iqtisadiyyatı) və ölkələrarası iqtisadi əlaqələr (beynəlxalq iqtisadi əlaqələr) sistemi aiddir. Dünya iqtisadiyyatı dünya sakinlərinin əmək vərdişlərini, əmək qabiliyyətlərini və əldə olunan nəticələri birləşdirir. İqtisadi münasibətlərin və əlaqələrin oxşar məzmununu yaradır. Ayrı-ayrı ölkələrdə olan iqtisadi çatışmazlıqların aradan qaldırılmasında rol oynayan beynəlxalq iqtisadiyyatın xarakteri məhz humanitar məzmunlu olur. Dünya iqtisadiyyatı beynəlxalq iqtisadiyyat yolu ilə böyük iqtisadi mərkəzlərin nəzarət və təminat mexanizmlərini yaradır. Bu da özlüyündə böyük iqtisadi güclərdən orta və kiçik güclərin yararlanmasını meydana gətirir. Dünya iqtisadiyyatının humanitar məzmunu onun daxili humanizmini və bəşəri amallarını sübuta yetirir. Dünya iqtisadiyyatı milli iqtisadiyyatda bir tərəfdən eqonun qarşısını alır. Yeni texnologiyaların sərhədlərdən kənarda meydana gəlməsi eqonu azaldır. Digər tərəfdən isə texnologiyalara sahib olan tərəflərdə eqonu artırır.

  

İşgüzarlıq (biznes)  və sahibkarlıq fəlsəfəsi

 

Hər bir şəxs iqtisadiyyatda iştirak edir. İstər istehsalçı, istərsə də istehlakçı ola bilir. Hər kəs istehsalçı olmasa da, ancaq istehlakçı ola bilir. İqtisadiyyatda iştirak, onun idarəçiliyində iştirak ictimai yaradcılığı və quruculuğu  meydana gətirir. Bu da özlüyündə mədəniyyətdə iştirak demək olur. Deməli, işgüzarlıq və sahibkarlıq bir mədəniyyətdir, mədəni hadisədir. İqtisadiyyatda iştirak zəruri olduğundan, həm də bir hüquq və vəzifədir. Bu baxımdan da istehsalat, ticarət, xidmət sahələrində çalışan sahibkarların, işgüzar şəxslərin və ümumilikdə hər bir şəxsin öz mövqeyinə görə hüquqları və vəzifələri mövcud olmuş olur. İşgüzarlıq və sahibkarlıq insan hüquqlarının tərkibi olan iqtisadi hüquqları meydana gətirmiş olur.

İqtisadiyyatda iştirak imkanlara və istəklərə bağlı olur. İqtisadiyyatda iştirak, onun təşkili əslində insanın təbii ruhundan qaynaqlanan xarakterdir. Ona görə ki, insan mədəni, yəni, yaradıcı və qurucu ünsürdür. Əmək fəaliyyəti ilə ruhunu aşkarlayır, davranışlarını müəyyən edir. Bununla da xarakteri meydana gəlir. Sahibkarlıq və işgüzarlıq mədəni faktor olmaqla yanaşı, insan davranışının əsaslarını ortaya qoyur.

İqtisadiyyat sistemi tərkib strukturu və subyektilik baxımından hissələrə, sahələrə bölünür. Dövlət və qeyri dövlət subyektləri formalaşmış olur.  Burada dövlət təsərrüfat subyektidir. Eləcə də fiziki və hüquqi şəxslər də təsərrüfat və kommersiya, o cümlədən, istehsalat, ticarət subyektləridir. İqtisadiyyatın başlıca qayəsini təminat funksiyası təşkil edir. Bu baxımdan da dövlətlə yanaşı, qeyri-dövlət (özəl) qurumlar da iqtisadiyyatın təminat funksiyasını icra edirlər. İqtisadiyyatın funksiyaları ilə məqsədləri bir-birini tamamlayır və şərtləndirir. Məqsədlər və vəzifələr insanlığın təminatına hesablanır. İqtisadiyyat sistemində olan pay bölgüsü (burada dövlət və özəl sektorun, eləcə də özəl sektorlar arasında olan bölgü) işgüzarlıqdan, sahibkarlıqdan yaranır. Dövlətlə yanaşı özəl sektorun sahibkarlığı və işgüzarlığı bir tərəfdən iqtisadiyyatı gücləndirir, digər tərəfdən də imkanların bölgüsü hesabına potensialı artırır, həmçinin özəl sektora olan arxayınçılığı yaradır.

İşgüzarlıq və sahibkarlıq fəlsəfəsi əslində işgüzar subyektin, tərəfin iqtisadiyyatda hansı əsaslarla və necə, nə kimi amallarla xidmət etməsindən asılı olan düşüncələr sistemidir. Eləcə də sahibkarlığın və işgüzarlığın əhəmiyyəti barədə olan fikirlər məcmusudur.  İşgüzar şəxsin (fiziki və hüquqi şəxlsərin) iqtisadiyyatda iştirak xarakterləri, davranışları məhz iqtisadiyyat fəlsəfəsini təşkil edir. İşgüzarın və sahibkarın məsuliyyəti onların şərəf və vicdanları ilə həmahəng təşkil edir.  İşgüzar şəxsin və sahibkarın (burada kapitalı olan şəxsin, şirkət, firma təsisçisinin, əmlak sahibinin) amalları cəmiyyətin, dövlətin və insanlığın inkişafına, sağlamlığına xidmət etməkdən ibarətdir. Vəsaitin yönləndirilməsinə layiqincə başlanılması və onun istifadəsinin vicdanla  strukturlaşdırılması, imkanların və qabiliyyətin səfərbər edilməsi məhz iqtisadi əxlaqı təşkil edir.   İqtisadi əxlaq ümumi insan əxlaqının ictimai və sosial əxlaqın əsasları ilə birləşir, daha doğrusu onlardan törəyir. Kapital və işgüzarlıq qabiliyyəti insan əxlaqından iqtisadi əxlaqı törədir.

Pozitiv düşüncələrə görə işgüzar şəxsin istəyi və əməlləri, fəaliyyəti əslində iqtisadiyyatın daxili məzmununu təşkil etməlidir. İqtisadiyyatın xeyirxah və humanitar funksiyalarına xidmət göstərməlidir. İşgüzarlıq və sahibkarlıq fəlsəfəsi bir-birini tamamlamalıdır. Belə ki, sahibkar və işgüzar olan şəxslər əllərində olan iqtisadi sərmayəni sosial problemlərin həllinə yönəltməlidirlər. Buradan da iqtisadiyyat əxlaqı meydana gəlir. Sahibkarın əxlaqı odur ki, o, öz sərmayəsini passiv və donmuş vəziyyətdə saxlamır. Kapitalı sərmayə kimi aktiv edir, ona görə ki, iqtisadi sistemdə aktivliyini yaratsın, qazanclar əldə etsin. Sahibkarın borcu odur ki, sərmayəsini iqtisadi üsullarla həm artırsın, həm də ehtiyacı olan tərəflərə yönləndirsin. İqtisadi genişlənmə yolu ilə işsizliyin qarşısını alsın. Onun sərvətləri artaraq genişlənərsə, bu halda sahibkar və işgüzar şəxs humanitar iqtisadiyyatın  tərkibinə çevrilə bilir, onun aktiv subyeklərini əks etdirə bilir.

Sahibkarlıq fəlsəfəsinin fiziki mahiyyəti odur ki, insan öz yaradıcılığından, bilik və bacarığından istifadə edir və kapital dövriyyəsini lazımi istiqamətlərə yönləndirə, mexanizmləşdirə bilir. Bu baxımdan da iqtisadiyyatın idarəçiliyində iştirak və kapitalın hərəkətə gətirilməsi iqtisadi humanizmin təmin olunmasında mühüm rola malik olur. İşgüzarlıq  və sahibkarlıq konstruktiv iqtisadiyyatın (ardıcıl və davamlı şəkildə strukturlaşan iqtisadiyyatın) formalaşmasına səbəb ola bilir. İşgüzarlıq və sahibkarlığın makro forması konseptuallığı yaradır və strateji planlı iqtisadiyyatın yaranmasını təmin edir. İşgüzarlıq və sahibkarlıq cəmiyyətin təmin olunmasında əsas icraçı yükü öz üzərinə götürə bilir və bu yöndə dövlətin iqtisadi təminatına kömək edir. İşgüzarlıq və sahibkarlıq cəmiyyətin qayğı yükünü öz çiyinlərində daşıya bilir. Bu əslində iqtisadiyyat fəlsəfəsinin tərkibidir. Məsuliyyət bu kimi funksiyanı yerinə yetirir.

İşgüzarlıq və sahibkarlıq fəlsəfəsində belədir:

işgüzar və sahibkar dövlətin müəyyən etdiyi hüquqlardan istifadə edir, eləcə də yeni hüquqların yaranmasında iştirak edir;

-işgüzar və sahibkar şəxs ədalətlə və hər bir şəxsin hüququnu nəzərə alaraq iqtisadiyyatda iştirak edir;

-işgüzar və sahibkar şəxs öz fəaliyyətini dövlətin və beynəlxalq aləmin iqtisadi ruhu ilə vəhdətləşdirir və harmoniya yaradır;

-işgüzar və sahibkar şəxs öz kapitalını və əməyini iqtisadi ləyaqətin, şərəfin, nüfuzun qorunmasına yönəldir və bundan da özünün ümumi iqtisadi müstəvidə nüfuzunu təsdiqləyir;

-işgüzar və sahibkar şəxs öz kapitalını və biliyini sərmayələrə yönəldir, sərmayəni təşviq edir və işgüzarlığı artırır;

-işgüzar və sahibkar cəmiyyətdə yoxsulluğun və kasıbçılığın azaldılması üçün öz vəsaitlərini səfərbər edir. Bununla da vicdanlı şəxsə çevrilir;

-işgüzar şəxs və sahibkar iqtisadi sistemdə ürəkdən və həvəslə çalışır və mövcud iş sistemi əsasında gələcəyə yönəlik layihələri həyata keçirir;

-işgüzar şəxs və sahibkar öz qazanclarını şəffaf şəraitdə əldə edir, gəlirlərin rəqəmlərini  cəmiyyətə açıq elan edir və cəmiyyətin rifahı naminə istifadə edir;

-işgüzar şəxs və sahibkar cəmiyyətdə iqtisadi boşluğun doldurulması üçün əlindən gələni əsirgəmir və vəsaitini lazımınca səfərbər edir;

-işgüzar şəxs və sahibkar öz resurslarını və iqtisadi sistemlərini fövqəladə iqtisadiyyatın inkişafına yönəldir;

-işgüzar şəxs və sahibkar qayğı iqtisadiyyatının təşkilində yaxından iştirak edir;

-işgüzar şəxs və sahibkar vəsaitlərdən məqsədyönlü şəkildə, qənaətlə istifadə edir və bununla da zəmanətli iqtisadiyyatın əsaslarının təşkilində iştirak edir;

-işgüzar və sahibkar şəxslər iqtisadiyyatın renovasiyasında yaxından iştirak edirlər və iqtisadi sistemin daxildən təmizlənməsində və yeni ruhla əvəzlənməsində mühüm rol oynayırlar;

-işgüzar şəxs və sahibkar öz fəaliyyətləri ilə cəmiyyətə, dövlətin təsərrüfat sisteminə və tənzimləmə sisteminə yaxından, üzvi olaraq bağlanır;

-işgüzar və sahibkarın fəlsəfəsində o da qərarlaşır ki, bu kimi şəxslər əllərində olan imkanlardan yararlanaraq iqtisadi spekulyasiyalara, destruktiv şərait yarada biləcək manevrlərə yol vermirlər. Sabit və dinamik inkişaf edən iqtisadiyyatı təşkil edirlər;

-işgüzar və sahibkar şəxslər üçün iqtisadiyyatın mənəviyyatını (təmiz iqtisadiyyatı, müdrik iqtisadiyyatı, humanitar iqtisadiyyatı) onların öz mənəviyyatı təşkil edir;

-işgüzar və sahibkar şəxs tarazlı iqtisadiyyatın təşkilində iştirak edirlər və hərətəfli, əhatəli təminat funksiyasını həyata keçirirlər;

-işgüzar və sahibkar şəxslər iqtisadiyyat əxlaqından irəli gələrək cəmiyyətlə dövlət arasında sağlam əlaqələr qururlar, münasibət vasitəçisinə çevrilirlər;

-işgüzar və sahibkar şəxslər dövlətin və cəmiyyətin zəngin yaşaması üçün öz vəsaitlərindən lazımınca istifadə edirlər. Lazımi anlarda dövlət büdcəsinə vəsaitlər köçürürlər;

-işgüzar və sahibkar şəxslər cəmiyyətin iqtisadi sığortalanmasında iştirak edirlər və rəvan iqitisadiyyatın təşkili üçün makro və   mikro təsərrüfat subyektlərinə çevrilirlər;

-işgüzar və sahibkar şəxslər milli iqtisadiyyaı dünya iqtisadiyyatına bağlaya bilirlər və dünya resurslarından tarazlı istifadəni təmin edirlər. Dünya resurslarını tarazlı olaraq bölürlər;

-işgüzar və sahibkar şəxslər cəmiyyətin iqtisadi liberallaşmasında və modernləşməsində, zahirən və daxilən yenilənməsində iştirak edirlər;

-işgüzar və sahibkar şəxslər öz kapitallarından dövlət və ictimai büdcələrin zənginləşdirilmısində istifadə edirlər;

-işgüzar və sahibkar şəxslər iqtisadiyyatın ortaq, mərkəzi və orta xəttini təşkil edirlər.

 

 Münasibətin potensialı və iqtisadi münasibətlər müstəvisinin enerjisi haqqında

 

Məlumdur ki, insanlar münasibət, ünsiyyət, əlaqə, mövqe, təmas ünsürləridir və həyatlarını və təbiətlə, ətrafla olan  əlaqələrini məhz ünsiyyətləri ilə təşkil edirlər. Ünsiyyət, əlaqə həyatın stimullaşmasına və obrazlanmasına rəvaclar verir. İnsanlar düşüncələrini ünsiyyətləri ilə reallığa çevirirlər, tətbiq edirlər. Nəticədə lazım olanı əldə edə bilirlər.  İnsanların yaradıcılığı və quruculuğu da münasibət və əlaqə ilə formalaşır. Yaradıcılıq və quruculuq münasibət və əlaqə müstəvisini meydana gətirir.   Münasibət, fikir, əlaqə və ondan yaranan forma yeni münasibətləri, yeni fikir və düşüncələri yaradır. Başlanğıc şərt sonrakı nəticələrə rəvac verir. Münasibət (ikitərəfli və çoxtərəfli) müəyyən bir məkanda (sivil məskənlərdə) böyük bir müstəvini əhatə edir. Özündə yeni təsdiq və inkarları, yeni hərəkət yönlərini cəmləşdirir.  Bu müstəvi enerji mənbəyinə çevrilir. Ona görə ki, bu müstəvidə enerji qaynaqlanır. İdeyalar törəyir.  İdeyalar yeni ideyaları, yeni yönləri və axarları, eləcə də yeni model və formulaları yaradır.  Yeni modellər və formulalardan da yeni ideyalar, yeni yanaşmalar, yeni hadisələr,  yeni forma və məzmunlar törəyir. Münasibətlərin kütləsi sivil cəmiyyətlərdə, yaşayış məskənlərində daha çox olur. Buna görə də sürətli inkişaf aktivliyin nəticəsi olaraq meydana gəlir.  Münasibətlərin kütləsi müstəvinin immunitetini özündə ifadə edir. Münasibət müstəvisində ideyaların bolluğu yeni-yeni axarları, ixtira və kəşfləri  meydana gətirmiş olur. İdeyaların törəməsi, onların yeni formalara çevrilməsi, yeni əsasları özündə cəmləşdirməsi əslində islahatçılığı, renovasiyanı sintezləşdirir. Prosesləri birləşik formada artırır. Bir ideya beyində fizioloji baxımdan yeni ideyaların işıqlanmasına səbəb olur. Bu baxımdan da münasibətlərdə dialoqlar, mübahisələr, disskusiyalar silsilə ideyaların yaranmasına əsas verir. Bu da nəticədə müstəvinin daxilən zənginləşməsinə gətirib çıxarır.

Münasibətlər cəmində, münasibətlər mənbəyində bu kimi proseslər yaşanır:

-formalar beyində inikas olunur. Yeni formaların yaranmasına şərait yaranır;

-məzmunlar yeni formalar hesabına dəyişir, təkmilləşir;

-ideyalar inkar olunur, yeni ideyalar törəyir;

-kəşflər və ixtiralar bir-birini əhatəli şəkildə əvəzləyir;

-ideyalar sintezləşir, makro vəhdət yaranır. Bu da özlüyündə  ideyalar və  yeniliklər cəmiyyətinin formalaşmasına səbəb olur;

-etika və estetika mənbəyi zənginləşir, ideallıq və reallıqlar kontekstləri birləşir və s.

Sivil cəmiyyətlərdə daima dəyişən şəraitlər və şərtlər müstəvinin elementlərlə zənginləşməsinə səbəb olur.  İqtisadi münasibətlər müstəvisinin zənginliyi iqtisadi potensialın artmasına rəvac verir. Sivil cəmiyyətlərdə çoxtərəfli iqtisadiyyat, şəbəkələnmiş sistemlər xarakterik olur. İqtisadi müstəvidə nə qədər çox subyekt və vasitə olarsa, bir o qədər potensial zəngin olar. Bu zənginlik iqtisadi ehtiyacları artırır. İqtisadi tələbatlar yeni modellərin meydana gəlməsini zəruri edir. Yeni modellər yeni meyarları aşkarlayır. Bu da özlüyündə daxili yeniliklərlə müşahidə olunan iqtisadi sistemləri yaradır. İqtisadi məkanlarda elementlər çoxaldıqca  məkan uğrundan artan mübarizə onun genişlənməsinə səbəb olur. Bu da nəticədə iqtisadi inkişafın şərtlənməsini əsaslandırır.  İqtisadi ideyaların bolluğu inikasın sayını və miqdarını artırır. Modellərin inikasından yeni təyinatlı modellər formalaşır. Bu da təyinatların rəngarəngliyini ortaya qoymuş olur. Yeni ideyalar və əlaqələr, yeni yanaşma tərzi və əmək fəaliyyəti çoxmməqsədli iqtisadiyyatın yaranmasına gətirib çıxarır. Çoxməqsədli iqtisadiyyat da əhatəli təminatı yaradır, sosial bazanı gücləndirir.

İqtisadi ideyalar zənginləşəndə yeni münasibətlər ortaya çıxır. Yeni münasibətlər yeni tələbatları formalaşdırır. İqtisadiyyat müstəvisinin enerjisi müstəvidə iştirak edən subyektlərin hesabına artır. Bu artan enerji mənbəyi bir tərəfdən daxili təmin edir, digər tərəfdən də xaricə təsir edən gücü ortaya çıxarır.