XƏBƏR LENTİ

26 May 2020

Digər Xəbərlər

26 Aprel 2018 - 16:24

NİYƏ RUSİYA QAZ STRATEGİYASINI DƏYİŞİR? –Ukrayna tranziti Qərb üçün geostrateji məsələyə çevirib

 

 “Şimal axını – 2” Baltik qaz kəməri ətrafında yaranmış mübahisədə “Qazprom” şirkətinin idarə şurasının sədr müavini Aleksandr Medvedyev Ukrayna ilə yeni tranzit müqaviləsinin imzalanacağını istisna etmir. Almaniya kansleri Angela Merkel (Angela Merkel) də təzyiq göstərib, ancaq bu, yeganə səbəb deyil.

Almaniyanın “Die Welt” nəşrinin jurnalisti Daniel Vetsel (Daniel Wetzel) belə hesab edir.

Bu vaxtadək Rusiyanın Qərbə nəql etdiyi təbii qazın böyük bir hissəsi Ukrayna vasitəsilə həyata keçirilib. Kiyev buna görə ildə 2 milyard dollar həcmində tranzit rüsumu alıb.

Müəllif yazır ki, son illər Rusiya Ukraynanın qaz sistemi pis vəziyyətdə olduğu üçün dəfələrlə şikayət edib, həmçinin Ukraynanı qaz oğurlamaqda ittiham edib. 2009-cu ilin qışında Rusiya və Ukrayna arasında qaz mübahisəsi tədarükün dayandırılmasına gətirib çıxarıb. Bu da Şərqi Avropa ölkələri və Almaniyanın qaz təchizatında fasilələr yaradıb.

Məqalədə deyilir ki, Rusiyanın Krımı ilhaq etməsi Ukrayna tranzitini Qərb üçün geostrateji məsələyə çevirib, Baltik dənizinin dibi ilə ikinci qaz kəmərinin tikintisi isə AB-də güclü siyasi müqavimətlə üzləşib.

Vetsel qeyd edir ki, Avropa Komissiyası və Rusiya arasında mübahisədə Almaniya əvvəlcədən neytral mövqe tutub. Qaz kəmərinin tikintisində rus müəssisələri ilə yanaşı, bir sıra Qərb konsernləri də iştirak etmək istəyir ki, onların arasında Almaniyanın “Wintershall” və “Uniper” şirkətləri də var. Almaniya hökuməti hesab edir ki, Avropa istiqamətinə hər bir qaz kəməri enerji təchizatının etibarlılığına səbəb olur və ona görə, müsbət qarşılanmalıdır.

Lakin apreldə Ukrayna prezidenti Petr Poroşenko ilə baş tutan danışıqlardan sonra Angela Merkel əvvəlki mövqeyini yenidən nəzərdən keçirib və bildirib ki, “Şimal axını – 2” layihəsinin inşası Ukrayna tranzitinin gələcək roluna aydınlıq gətirilmədən mümkün deyil.

Məqalə müəllifi şərh edir: “Birmənalı şəkildə iddia etmək olmaz ki, yeni Almaniya hökuməti Ukraynadan keçən qaz tranzitinə Rusiyanın münasibətinin yumşaldılmasına təsir göstərib. ABŞ da neçə aydır “Şimal axını – 2” qaz kəmərinin inşasına qarşı aktiv fəaliyyət göstərir və layihəyə kritik münasibət bəsləyən ölkələri, məsələn Polşanı dəstəkləyir. ABŞ tənqidini siyasi və geostrateji arqumentlərlə əsaslandırsa da, müşahidəçilər iqtisadi motiv də görür: ABŞ yeni qaz kəmərinin maye qazın ixracı ilə rəqabət aparacağını hesab edir”,- müəllif yazır.

AB-də təbii qaza olan tələbat yaxın illərdə xeyli artacaq. Çünki Şimal dənizinin Britaniya, Hollandiya və proqnozlara əsasən, Norveçə aid sektorlarında yerləşən yataqların ehtiyatları tezliklə tükənəcək. (Xpressa.net)