XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2015 - 15:49

“Rusiyadakı böhran Azərbaycana təsir edəcək”

Vahid Əhmədov: «Sanksiyalar davam etsə, 2015-ci ilin ikinci yarısında vəziyyət çox gərginləşəcək»

«Bu gün səlahiyyət icra hakimiyyəti orqanlarındadır, bələdiyyələrdə səlahiyyət yoxdur»

Millət vəkili Vahid Əhmədov BBC Azərbaycancaya müsahibəsində 2015-ci il büdcəsində xərclər, neft qiymətlərinin aşağı düşməsi, Rusiyadakı böhranın Azərbaycana təsirinin hansı fəsadlar doğura biləcəyi məqamlarına toxunur. Müsahibəni ixtisarla təqdim edirik.

– Bu gün Azərbaycan da daxil olmaqla neft ölkələrinin büdcəsində neftin qiymətinin götürülməsi daha çox müzakirə olunur. O mənada neftin qiymətinin 2015-ci il büdcəsində 90 dollar götürülməsi sizi razı saldımı?

– Neftin qiymətinin 80-90 dollar götürülməsi, 10 dollar fərqi dövlət büdcəsinə 250 milyon manat təsir edir. Ümumiyyətlə, gələn ilin büdcəsinə neftin təsiri 2 milyard manatdır, təxminən büdcənin 11 faizini təşkil edir, mən transferti nəzərə almıram, birbaşa təsirdən danışıram. Amma bütövlükdə neftin qiymətinin Azərbaycan iqtisadiyyatına çox böyük təsiri var, təsəvvür edin ki, Dövlət Neft Fondundan büdcəyə 10,3 milyard manat transfert edirik. Büdcənin təxminən 67 faizi neftdən asılıdır.

– Bu, çoxdurmu?

– Bəli, böyük rəqəmdir.

– O zaman fəsadları nədən ibarət ola bilər?

– Deməli, neftin qiymətinin dövlət büdcəsinə birbaşa təsiri azdır. Amma ümumi götürəndə Azərbaycan iqtisadiyyatına təsiri qaçılmazdır. Çünki əsas ixrac potensialımız neft və qazdır, təxminən 90-92 faiz bu məhsulları ixrac edib onun hesabına valyuta ala bilirik. Elə ölkələr var ki, 2015-ci il büdcəsində neftin qiymətini 60 dollar götürüb, məsələn, Venesuala. Qazaxıstan isə 80 dollar, amma Rusiya 96 dollar götürdü. Iki gün öncə baş nazir Medvedyevin çıxışına baxdım, o, neftin qiymətilə əlaqədar büdcəyə yenidən baxılmalı olacağını dedi. Ancaq mən Azərbaycan büdcəsində neftin qiymətinin 80 dollar götürülməsini istərdim, nəinki 90 dollar. Çünki neftin qiymətini az götürəndə, büdcənin xərc hissəsində müəyyən qədər azalmalar olur. Müzakirələr zamanı əsas qaldırdığımız məsələ büdcənin xərc hissəsinə nəzarət mexanizminin həyata keçirilməsi idi.

– Hesablama Palatasının bu istiqamətdə fəaliyyəti zəifdir, iri layihələri yoxlaya bilmir, iqtisadçılar da, siz özünüz də bu barədə iradlarınızı bildirmisiniz…

– Bəli, həm komitənin iclasında, həm də plenar iclasda məsələ qaldırdım ki, gələn il üçün investisiya layihələrinə 7 milyard manata yaxın vəsait ayrılıb. Bu layihələr necə yoxlanılacaq, ümumiyyətlə, nəzarət mexanizmini həyata keçirən iki təşkilat var: Hesablama Palatası və Maliyyə Nazirliyinin tərkibində Nəzarət Departamenti. Hələ 6 ay əvvəl Hesablama Palatasına demişdim ki, iri layihələrin monitorinq aparılmasına başlanılmalıdır. Parlamentin iclasında da dedim ki, Hesablama Palatası və Maliyyə Nazirliyi iri layihələrin yoxlanılmasına start verməlidir. Bilinsin ki, ayrılan 7 milyarda yaxın vəsaitin xərc istiqaməti bizi qane edirmi? Yaxud əyri yollara imkan yaradılır, ya yaradılmır?

– Bəs şübhələriniz varmı?

– Şübhə həmişə var. Bilirsiniz ki, kölgə iqtisadiyyatı hər yerdə olduğu kimi Azərbaycanda da müəyyən faiz var. Ona görə layihələrin daha çox şəffaf olmasını istəyirik. Düzdür, 6,9 milyardın 1,3 milyardı Avropa Olimpiya Oyunlarıyla bağlıdır, 1 milyarda yaxını da Trans Anadolu Qaz layihəsinə ayrılıb, hər ikisi bizə gərəklidir. Avropa Oyunları Azərbaycanın tanıdılması üçün vacib hadisədir.

– Daha çox Nəqliyyat Nazirliyinə ayrılan xərclərlə bağlı narazılıqlar gündəmə gəlir və bu istiqamətdə mətbuatda məqalələr yazılıb, araşdırmalar da aparılıb və mənimsəmələrin olduğu haqqında fikirlər səslənib. Siz nə deyə bilərsiniz?

– Mən də bu barədə mətbuatda oxumuşam, bu gün də müəyyən təhlillər yazılır, salınan yolların, tikilən körpülərin keyfiyyəti məsələləri qaldırılır. Ola bilər, müəyyən əyrintilərə yol verilsin, bu, istisna deyil. Elə buna görə də 7 milyardın üzərində güclü nəzarətin olmasını daim deyirik. Təsəvvür edin, mən neçə dəfə büdcəyə maliyyə nəzarəti haqqında qanun qəbul olunması məsələsini qaldırmışam, cavab verdilər ki, sənəd Avropa Birliyiylə birgə baxılır, hələlik parlamentə təqdim olunmayıb. Bu qanun nəzarət mexanizminin fəaliyyətdə olması üçün vacibdir. Ikinci, büdcənin xərc hissəsində şəffaflıq daha da artırılmalıdır. Yəni bu prosesdə qeyri-hökumət təşkilatları da iştirak etməlidir ki, bilək, görək nə var.

– Hökumət bunda maraqlıdırmı?

– Maraqlı olan və olmayan qüvvələr var. Əgər xərc hissəsində müəyyən yeyintilər varsa, deməli, maraqlı olmayan qüvvələr var.

– Onları konkretləşdirə bilərsinizmi?

– Aydındır kimlərdir. Kim vəsaiti istifadə edir, kim xərcləyirsə, həmin qüvvələrdir.

– Gələn ilin büdcəsində idarəetmə və hüquq-mühafizə orqanlarının əməkhaqqı xərclərinin artımı 200 milyon manat, hüquq-mühafizə sistemi (məhkəmə, polis, prokurorluq) əməkhaqqı xərclərinin artımı 98,6 milyon manat, sosial bloka – təhsil, səhiyyə və mədəniyyətə 45 milyon manat ayrılıb. Bu fərqi hansı arqumentlərlə izah etmək olar?

– Ümumiyyətlə, bu məsələ mütəmadi qaldırılır. Hüquq-mühafizə orqanları deyəndə, belə məlumat yayıldı ki, müdafiə ilə birgə bu sahəyə 3,7 milyard manat ayrılıb. Amma Müdafiə Nazirliyinə 1,7 milyard manat ayrılıb. Düzdür, orda 14 faiz artım var. Bilirsiniz, dünyadakı proseslərə baxmaq lazımdır, nə qədər terror hadisələri baş verir, insan ölümləri olur və s.i. Ona görə hüquq-mühafizə orqanlarının güclü olması, müstəqilliyimizin qorunub saxlanmasında bu sistemin rolu böyükdür. Bizi ən çox narahat edən məsələ prezident diversifikasiya proqramı həyata keçirilir, sənəd qazın-neftin ixracıyla birbaşa əlaqədardır. Yəni boruların qorunması bizim üçün ən əhəmiyyətli məsələdir. Ikincisi, daxildə heç bir terror hadisəsi baş verməməsi üçün hüquq-mühafizə orqanlarına diqqət həddən artıq olmalıdır. Müdafiə sahəsi aydındır, Azərbaycan müharibə aparan ölkədir, Qarabağ işğal olunub, gec-tez torpaqlarımızı hərbi yolla qaytarmağa məcburuq, ona görə dövlət başçısı düzgün addım atıb, ordumuzu gücləndirməklə məşğuldur.

– Mən əvvəlki sualımı başqa formada qoyuram, onsuz da bu sahələrdə çalışanların, yəni idarəetmə, hüquq-mühafizə orqanlarında və sosial blokdakıların əməkhaqqıları arasında fərq 4-5 dəfədən çoxdur, o zaman niyə fərqi bir daha artırırsınız?

– Ola bilər. Amma biz digər sahələrə də baxırıq. Bu dəfə daha ciddi şəkildə həkimlərin və müəllimlərin əməkhaqqısının artırılmasını qaldırdıq.

– Hətta maliyyə naziriylə bu barədə danışdığınız da bildirilir…

– Bəli, həm nazirlə danışmışam, sonra Milli Məclisdə büdcə müzakirəsi zamanı məsələni qaldırdım. Bu barədə təhsil naziri Mikayıl Cabbarov da məlumat verdi. Həkimlərə gəlincə, əməkhaqqı fondunda 5 faiz artım var, müəllimlərlə əlaqədar attestasiyalar gedir, onların maaşları bilik səviyyələrinə uyğun şəkildə artırılacaq.

– Vahid müəllim, bütün hallarda az deyilmi ki, idarəetmə orqanlarında çalışanlara 200 milyon, təhsil və səhiyyədə çalışanlara 45 milyon manat artım fondu ayrılır?

– Mən tamamilə dediklərinizlə razıyam. Sosial sahədə çalışan insanların əməkhaqqında problem var, xüsusilə həkimlərin və müəllimlərin maaşında. Hətta onların maaşı orta aylıq əməkhaqqından 2 dəfə aşağıdır. Bu, çox ciddi məsələ olduğundan hökumətin ciddi işləyib müəyyən qərarlar qəbul etməsinə ehtiyac var.

– Konkret olaraq, sizi razı salırmı ki, yerli icra hakimiyyətlərinin saxlanmasına 37,6, təhsilin saxlanma xərcləri 3 faiz artırılıb?

– Tamamilə yox, bu məsələdə də disbalans var. Ümumiyyətlə, məni daha çox bələdiyyələrin durumu narahat edir. Niyə bələdiyyələrə vəsait az ayrılır, bu barədə komitələrin iclasında da danışdım. Bələdiyyələri inkişaf etdirmək lazımdır, Türkiyə təcrübəsi bu yöndə vacibdir.

– Bəlkə icra hakimiyyəti orqanları bələdiyyələrin inkişafına mane olur?

– Əlbəttə, mane olanlar da var. Bu gün səlahiyyət icra hakimiyyəti orqanlarındadır, bələdiyyələrdə səlahiyyət yoxdur.

– Hökumət də Avropa Birliyi qarşısında bununla bağlı öhdəlik götürüb, sadəcə, yerinə yetirilmir…

– Öhdəlik götürülüb, artıq xeyli müddətdir bu institut fəaliyyət göstərir, amma mən hələlik bələdiyyələrin ciddi fəaliyyətini görmürəm.

– Rusiyadakı böhran yeni mərhələyə qədəm qoyur, bu gedişatla ora qazanc arxasınca gedən azərbaycanlıların ailələrinə göndərdikləri də azalacaq. Belə olacağı təqdirdə şimal ölkəsindən axın gözləyirsinizmi?

– Rusiyada gedən böhran Azərbaycana təsir edəcək. Birincisi bizim orda soydaşlarımız işləyir və bunun hesabına Azərbaycana külli miqdarda vəsait göndərirlər. Həmin vəsait azalacaq, çünki rubl kəskin şəkildə dəyərdən düşür. Hələ bu gün aydın hiss olunmur, əgər sanksiyalar davam etsə, 2015-ci ilin ikinci yarım illiyində vəziyyət çox gərginləşəcək. Hətta Rusiya üçün rublu qorumaq problem olacaq. Yox, Ukrayna məsələsi öz həllini tapsa, Rusiyada problem aradan qalxacaq, əks təqdirdə, çox ağır olacaq.

– Belə olacağlı təqdirdə, azərbaycanlıların axını gözlənilirmi?

– Hər şey ola bilər. Ümumiyyətlə, iki ölkə arasında mədəni-iqtisadi əlaqələr yüksək səviyyədədir. Cənab Ramiz Mehdiyevin rəhbərliyi altında mütəmadi konfranslar keçirilib. Biz Rusiyayla bütün əlaqələri qurmağa hazırıq, başqa istəyimiz yoxdur, amma müstəqil dövlət kimi. Rusiyanı bütün məsələlərdə müdafiə edə bilərəm, ancaq Krımın ilhaqını, yaxud Donbas, Luqansk hadisələriylə bağlı siyasətini qəbul etmirəm. Baxın, Gürcüstanda Abxaziya, Osetiya, Azərbaycanda Qarabağ, Moldovada Dnestryanı, indi Ukrayna hadisələrini yaradıb, bunlar kimə lazımdır, heç kimə. Ziyanı da Rusiyaya dəyəcək, bu cür davam etsə, iqtisadiyyatları çökəcək. Ötən 10 ayda 40 milyard dollara yaxın vəsait itiriblər.

– Siz Qərbin sanksiya qoyduğu Rusiya şirkətlərilə Azərbaycanın əməkdaşlığını necə dəyərləndirirsiniz? Söhbət sanksiyaya məruz qalmış Rosneftlə SOCAR-ın əməkdaşlığından, yaxud Dövlət Neft Fondunun VTB bankda səhmlər saxlamasından gedir…

– Əlbəttə, bu məsələdə ehtiyatlı olmaq lazımdır. Biz birinci öz daxili maliyyə bazarımızı qorumalıyıq ki, əziyyət çəkməyək. Bu isə banklardan asılıdır, rublun enməsinə ehtiyatla yanaşmalıdırlar.