XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

20 Aprel 2015 - 06:41

Neft bazarında qiymətlərin sürətlə artması gözlənilir – təhlil

OPEK öz siyasətini uzun müddətə və ciddi şəkildə dəyişib

“Der Spiegel” dərgisi (Almaniya) yazır ki, investorlar çaşqınlıq içndədirlər: ekspertlər kürəsəl neft qiyməti böhranından danışmağa başlayıblar.

Neft qiymətlərinin çökməsi bazar qanunlarının uzunmüddətli dəyişiminə gətirib çıxartdı – ekspertlər belə iddia edirlər. Onların sözlərinə görə, investorlar çaşqınlıq içindədirlər ki, bu da xeyli bahalı layihələrin maliyyələşməsini təhlükə altında qoyur. İstehlakçılar isə yaxın perspektivdə qiymətlərin artmasına hazırlaşmalıdır.

Araşdırmaların nəticəsinə əsasən, neftin kürəsəl qiymət böhranı riski artıb. “Yaşıllar”ın sifarişi ilə Hamburqdakı “Energycomment” analitik şirkətin hazırladığı məruzədə indiki son dərəcə aşağı qiymətlərin “uzunmüddətli neft layihələrinə yatırımın sürətlə azalması” təhlükəsi yaratmasından danışır.

Bu xüsusən Arktika şelfinin tədqiqinə, Braziliyanın dərin sulardan çıxarılan neftinə, Kanadanın neftli qumlarının araşdırılmasına, həmçinin sinteik və bioloji yanacağın istehsalına aiddir. Ən yaxın onilliklərdə bu yataqlarda hasilat gözlənmir. Sənəddə deyilir: “Bununla bağlı qiymət riskləri önəmli şəkildə artır”.

Neftin qiymətləri 2014-cü ilin yayından, demək olar, 50% düşüb və hazırda hər barrelə (159 litr) görə, təxminən, 60 dollar təşkil edir. Eyni zamanda, “Energycomment”-in rəhbəri və “Neft XXI əsrdə” məruzəsinin müəllifi Şteffen Bukold iddia edir ki, son bir neçə onillikdə ilk dəfədir, qiymətlərin çöküşü iqtisadi böhranla şərtlənməyib. Onun sözlərinə görə, neft qiymətlərinin tənəzzülü indiyədək neft sahəsində müşahidə olunmamış dünya bazarı uğrunda mübarizə ilə şərtlənib.

Bir tərəfdən, ABŞ-da neft hasilatı əsaslı şəkildə artıb. Digər tərəfdən, OPEK öz ənənəsini dəyişdi və bazarda neft bolluğunun ortaya çıxmasını önləməkdən ötrü hasilatı azaltmadı.

Bukold istisna etmir ki, OPEK öz siyasətini uzun müddətə və ciddi şəkildə dəyişib. çünki kartelin ən iri üzvü Səudiyyə Ərəbistanı rəqibləri müflisləşdirmək və yeni satış bazarları tutmaqdan ötrü yaxın vaxtlardan bəri aşağı qiymətlərdən istifadə edir.

İstehlakçılar bu cür nisbətən azad bazarda önəmli vəsaitə qənaət etməyə nail olacaqlar. İnvestorlar isə bundan iki dəfə uduzurlar:

-neftin qiymətləri indiki səviyyədə qalsa, gəlir bu il bir trilyon dollar azala bilər. Lakin bu, yeni yataqların işlənməsinə xərclərin azalması demək olardı.

-indiki anda neft bazarında vahimə hökm sürür. Bukold yazır: “İnvestorlar on illiklər ərzində bazardakı durumu təyin edən mexanizmə daha güvənə bilmirlər. Bu mexanizmə uyğun olaraq, neftin qiymətləri arta bilərdi, lakin uzun müddət ərzində düşə bilmədi”.

Bu iki amilin birləşməsi dünya neft bazarını “1980-ci illərdən başlayaraq ən iri srtuktur dəyişikliklərinə gətirib çıxartdı”, investorları isə “dərin çaxnaşmaya məruz qoydu”.

Bukold yazır ki, bununla bağlı olaraq konsern və bank rəhbərlərinin iri yataqların işlənməsinə vəsaitin ayrılmasını təqdir etməsi ehtimalı sıfıra yaxındır.

“Energycomment”-in qiymətləndirməsi digər ekspertlərin də rəyləri ilə səsləşir. Xüsusən də Amerikanın “Goldman Sachs” bankı dünya neft bazarındakı mümkün investisiya böhranı barədə hələ dekabrda xəbərdarlıq etmişdi. Bu sahənin bilicilərinin sözlərinə görə, yataqların işlənməsi üzrə bir çox təkəbbürlü planlar qiymət çöküşü halında “zombi layihələr”ə çevrilmək təhlükəsi qarşısındadır. Hətta hər barrelə görə orta qiymətin 70 dollara qədər düşməsi zamanı xeyli layihələr üçün təhlükələr meydana çıxacaq. Bu layihələrin işlənməsi bu günki dünyada neftə tələbatın, demək olar, dörddə birini bağlayır.

İnvestisiya böhranının nəticələri artıq indidən aydındır. Energetika statistikası Agentliyinin məlumatına görə, ABŞ-da şistli neftin hasilatı üzrə işə salınmış qazma platformalarının sayı artıq iki dəfə azalıb. Yayın əvvəlində istehsalın əsaslı surətdə azalmasını gözləmək mümkündür.

İnvestisiya böhranı uzansa, onda onun nəticələri, həqiqətən də, dağıdıcı ola bilər. Növbəti onilliyin axırına qədər neftə kürəsəl tələbat indiki gündəlik 90 milyon barreldən 103 milyon barrelə qədər arta bilər.

“Goldman Sachs” xəbərdarlıq edir ki, əgər investisiyalar azalsa, onda 2025-ci ilə yaxın neft qıtlığı gündə 7, 5 milyon barrel təşkil edə bilər. Həm də hətta qıtlıq əhəmiyyətli dərəcədə az olsa, neftin qiyməti görünməmiş hədlərə qalxacaq.

Buna görə də “yaşıllar” “neft dövrü”nün çox tezliklə başa çatmasına təkid edirlər. “Yaşıllar” partiyası sədrinin müavini Oliver Krişer (Oliver Krischer) deyir ki, “İndiki “fasilə”yə baxmayaraq, araşdırmada neft qiymətlərinin təzədən sürətlə qalxacağına dair dəlillər gətirilir. Hökumət yenilənən və daha effektli enerji qaynaqlarının inkişafı üzrə tədbirlər görməlidir ki, lap yaxın gələcəkdə vətəndaşlarımızın pul kisələri boşalmasın”.

Ştefan Şults (Stefan Schultz)

“Verunsicherte Investoren: Forscher warnen vor globaler ölpreiskrise”

(19.04.2015)

qaynaq: inosmi.ru