XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

25 May 2018 - 11:18

“Əhalinin problemli kreditlərinin həlli üçün 5 milyard manat lazımdır”  –Ekspert şərhi

“Problemli kreditlərin həcmi ilə bağlı açıqlanan rəqəm reallığı əks etdirmir”.

Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli  “Yeni Müsavat” qəzetinə açıqlamasında problemi şərh edərkən deyib. Ekspertin sözlərinə görə, əslində onun həlli istiqamətində birinci devalvasiyadan sonra hökumət tərəfindən zəruri addımlar atılmalıydı: “Lakin nədənsə bu addımlar atılmadı. İkinci devalvasiya isə problemi qat-qat ağırlaşdırdı. Həm banklar, həm vətəndaşlar çətin duruma düşdülər. Bu gün rəsmi rəqəmlərə görə, problemli kreditlərin ümumi kredit qoyuluşunda payı 16 faizə çatır.

N.Cəfərli deyib ki, beynəlxalq agentliklərin hesablamalarına görə, bu rəqəm 30 faizdən yuxarıdır. Ekspert vurğulayıb ki, bütün dünyada problemli kreditlərin həcmi 3 faizi keçən kimi həyəcan təbili çalınır: “Görünən də budur ki, nə banklar bu məsələni təkbaşına həll edə, nə də vətəndaşlar kreditləri qaytara biləcəklər. Məhkəmələrə kredit işinə görə edilən müraciətlərin sayı isə gündən-günə artır. Amma bu, məhkəmə yolu ilə də həll olunası məsələ deyil.

N.Cəfərli vurğulayıb ki, burada əsas məsələ problemin həllindən ötrü zəruri olan maliyyə qaynaqlarının tapılmasıdır. Ekspert deyib ki, problemli kreditlər məsələsinin kökündən həll olunmasından ötrü təxminən 5 milyard manat vəsaitə ehtiyac var. Onun fikrincə, bundan ötrü mənbə dövlət büdcəsi və ya Neft Fondu ola bilər: Birinci devalvasiyadan sonra problemi 1.2-1.3 milyard manatla həll etmək olardısa, indi bu məbləğ 5 milyarda çatıb. Bir qədər də keçsə, məbləğ daha da yüksələcək.