XƏBƏR LENTİ

14 Avqust 2020
13 Avqust 2020

Digər Xəbərlər

25 May 2018 - 21:28

“200 manatlıqlar inflyasiya gözləntilərini artıracaq” –Ekspert rəyləri

«200 manatlıq əskinasların emissiyası inflyasiya və deflyasiya gözləntilərinin artmasına səbəb olacaq».

İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu Azərbaycan Mərkəzi Bankının yeni 200 manatlıqları tədavülə buraxmasını şərh edərkən belə deyib.

Onun fikrincə, 200 manat bir həkimin orta əməkhaqqına və müharibə veteranının aldığı müavinətə bərabərdir, əhalinin ona ehtiyacı yoxdur.

«Bu məntiqlə, gərək ABŞ-da 5000, 10000 dollarlıq əskinaslar buraxılaydı», – deyən iqtisadçı hesab edir ki, 200 manatlıq əskinaslar daha çox rüşvət əməliyyatlarına cəlb olunacaq, oradakı hesablamaların sadələşdirilməsinə xidmət edəcək.

Maliyyə hüququ üzrə ekspert Əkrəm Həsənov isə hesab edir ki, iri nominallı əskinasların buraxılması devalvasiya və inflyasiya prosesləri ilə bağlıdır: «Onlar olub və gələcəkdə də gözləniləndir. Neftin qiymətinin yüksəlməsi baxımından hazırda milli valyutanın məzənnəsinin düşməsi üçün obyektiv səbəb yoxdur. Amma neft indekslərinə təsir edən qlobal siyasi proseslərin gözlənilməz olması və istehsalın azalması şəraitində bu perspektiv növbəti beş ildə gözləniləndir».

Ekspertin fikrincə, bu əskinasların buraxılması onu göstərir ki, manatın məzənnəsi artmayacaq.

«Vaxt uğurlu seçilib: manatın məzənnəsində nisbi sabitlik var, bazarda həyəcan yoxdur, əhəmiyyətli tarixlər – Heydər Əliyevin 95 illik yubileyi və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi keçirilir. Yeni əskinas böyük əməliyyatlar üçündür və dollar yığılmasına təsir göstərməyəcək», – Ə.Həsənov deyib.

Xatırladaq ki, Azərbaycanda yeni 200 manatlıq pul nişanının tədavülə buraxılması barədə qərar qəbul edilib.

Bunu mayın 23-də Mərkəzi Bankın (MB) sədri Elman Rüstəmov deyib. O, mərhum prezident Heydər Əliyevin 95 illik və Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileylərinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış xatirə pul nişanlarının, yeni 200 manatlıq əskinasların təqdimat mərasimində çıxış edib.

E.Rüstəmov bildirib ki, 200 manatlıq pul əskinasların tədavülə buraxılması qərarı ölkə iqtisadiyyatının dinamik inkişafı, dövriyyədə olan nağd pulun strukturunda baş verən dəyişikliklər nəzərə alınaraq verilib. Onun fikrincə, eləcə də nağd pul sferasında səmərəliliyin yüksəldilməsinin təmin edilməsi məqsədi güdülüb.

Əskinasın üzərində Heydər Əliyev Mərkəzi əks olunub.