XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

11 January 2015 - 15:50

Dünyanın neft bazarında ABŞ-ın rolu

Məhəmməd Talıblı

İqtisadi Təhlil İnsitutunun rəhbəri

ABŞ dünyanın iki fərqli siyasi qütbünün ən güclü cinahıdır. Digər qütbünə hələlik Rusiya iddia edir. Bu şərtlər altında dəyisən dünya sürətlə birqütblü sistemə keçid etməyə hazırlaşır. Rusiyanın söküş əlamətləri ortada. Beynəlxalq sanksiyalardan Rusiya iqtisadiyyatı depressiyaya düşüb. Neft-qaz gəlirlərinin akkumlyasiya olunduğu Ehtiyat Fondunun aktivləri sürətlə xərclənir. Bir tərəfdən AB və ABŞ-ın Rusiyaya yönəlik sanksiyalarının təsiri olaraq Rusiya neft-qaz ixracatından əldə etdiyi pulları sürətlə xərcləyir, digər tərəfdən isə neftin qiymətinin aşağı düşməsi fonunda isə aktivləri artmır. Əvəzində fiskal siyasətdə neqativ tendensiyalar güclənir. Defisit büdcə riskləri artır və ölkənin gəlir mənbələri olan maliyyə axın kanalları isə daralır. Makroiqtisadi göstəricilərində neft faktorunun dominant yükü artır. Belə bir vəziyyətdə isə Rusiyanın çox böyük güvəndiyi karbohidrogen resurslarının dünyada da qiyməti sürətlə aşağı düşür. Belə bir vəziyyət ABŞ üçün isə strateji baxımdan da ən yaxşı zaman fürsətidir ki, dünyada neftin qiymətinin azalmasına təkan verəcək hər hansı ssenaridə rol almaqla Rusiya kimi rəqib bir dövləti çətin fakt qarşısında saxlayacaq prosesə qatılsın. Ona görə ABŞ yaxın illərdə heç vaxt görmədiyimiz bir cəsarətlə neft bazarında aktiv bir oyunçu kimi görünməyə başlayıb. Bunlar səbəbsiz deyil. Əvvəllər də ABŞ neftin konyuktur qiymət səviyyəsinə təsir etmək üçün müxtəlif üsullarından istifadə edib. (bu barədə az sonra) Sadəcə indi ABŞ-ın təsir alətləri dəyişib. Bunun üçün 50 il bundan əvvələ qayıdar. Ötən əsrin 70-80-ci illərdə də dünyanın neft bazarında analoji proseslərə diqqə edək.

Ötən əsrin neft savaşında təklənmiş ABŞ

Məlumdur ki, dünyada neftin qiymət səviyyəsi daha çox hasilatın həcminə bağlıdır. Belə ki, dünyada neftin qiyməti yüksək olanda transmilli neft şirkətləri daha çox neft hasil etməyə, qiymət aşağı olanda isə nisbətən daha az hasil etməkdə maraqlı olurlar. 1970-80-ci illərdə dünyada baş verən neft böhranı zamanı ABŞ-ın özü neft hasil etmədiyi üçün qiymətlərin artımına heç bir vəclə imkan vermirdi. Şirkətlər isə maraqlı deyildilər ki, ABŞ-da olan neft quyularında neft istehsal etsinlər. Amma 1981-ci ildə OPEK ölkələri dünyada neftin qiymətinin daha da artırmasına nail olandan sonra çox şey dəyişdi. Bundan sonra ABŞ neft qiymətinə nəzarəti aradan götürdü və ABŞ-da neft istehsalı artdı. Bu qiymətə təsir edən ABŞ-da neft istehsalı ilə məşğul olan şirkətlərə özünün təsir imkanını saxladı. Maraqlıdır ki, o zaman neftin qiymətinin daha yüksək və aşağı qiymətləri uzun illər ərzində ABŞ-da şirkətlərin istehsal etdikləri neftin miqdarını artıra və azalda bilirdilər. Neftin qiyməti inflyasiyaya uyğunlaşdırılırdı. (Mənbə: Economic Report of the President, 1996; Monthly Energy Review, Sept.1995) Beləliklə, ABŞ bir tərəfdən neft hasilatını artırdı, digər tərəfdən isə benzinə qənaət edən maşınlar istehsal etdi. Mal və xidmət istehsal edən metodlar hazırladılar. Beləliklə, dünyada neftin qiyməti aşağı düşməyə başladı.

1970-ci illərdə OPEK neft təklifini xeyli azaltmışdı. Qərb ölkələri ilə müqayisədə Sovet İttifaqına daxil olan respublikalarında neft təklifi olduqca böyük idi. Sovet dövləti düşünürdü ki, özünün malik olduğu nefti Qərbin texnologiyaları və istehlak malları ilə mübadilə etsin. Neft böhranı başlananda neftin 1 bareli 5 dollar idisə, 80-ci illərdə bu rəqəm 40 dollara çatdı. Sovet İttifaqı bu böhrandan olduqca böyük gəlir götürdü. Beləliklə, o vaxt Sovet respublikalarında hökm sürən ərzaq qıtlığını aradan qaldırılmasına nail olundu. Ölkə idxal hesabına zəruri istehlak malları ilə ölkə təmin edildi. Xüsusilə elektrotexnika və tekstil məhsulları böyük partiyalarla ölkəyə idxal olundu. Cəmi 6 il “üzü gülən” sovetlərin sonrakı illərdə neftin qiymət enişləri yenidən sarsıtmağa başladı. Beləliklə, 1986-cı ildə neftin 1 bareli 4 dəfə aşağı düşərək cəmi 10 dollar təşkil etdi. Uzun müddət qiymət artımından böyük gəlir əldə edən Sovet İttifaqı ondan sonra neft hasilatını kəskin sürətdə aşağı salmağa başladı. O zaman Sovet İttifaqının əlinə düşən fürsətlərdən lazımınca istifadə edildi. ABŞ çətin vəziyyətə düşmüşdü. İndi yarım əsrdən sonra də tarix yenidən təkrarlanır. Sadəcə bu dəfə ABŞ-ın xeyrinə. XXI əsrin əvvəlində necə deyərlər, enerji oyununda ABŞ hücumda oynayır.

Çağdaş dövrün enerji savaşında ABŞ-ın üstünlüyü

Əgər ötən əsrin 70-80-ci illərində ABŞ dünyada istehlak olunan neftin payındakı böyük payla qiymətə təsir imkanından istifadə edə bilirdisə, indi özünün neft rezervindən istifadə imkanı və digər üsullarla ilə prosesə yeni çalar gətirir. Söhbət ABŞ-ın yeni neft istehsalına sürətlə başlamasından, şist nefti(qazı), soyuq sintez üsulu ilə enerji alınmasından gedir. Soyuq sintez üsulu ilə enerji alınması artıq ABŞ-ın nəzarətindədir. Soyuq nüvə sintezi artıq reallığa çevrilir. Sınaq üçün ABŞ-ın Şimali Karolina ştatında istehsal edilən bu məhsula qoyulan investiyanın geriyə dönüşü olduqca böyükdür. Məsələn, bir dollar investisiya qoyulan bu soyuq nüvə sintezi özü ilə on bir dollar qazandırmaq gücündədir. Bu üsulun tətbiqi ABŞ-in neftlə bağlı idxal asıllığını ciddi sürətdə azalda bilər ki, buna da ABŞ çox böyük ümidlə baxır.

Eyni zamanda ABŞ uzun illərdir ki, preventiv tədbirlər üzərində işləyərək alternativ enerji mənbələrinə çıxış imkanına sahiblənmək uğrunda da savaş aparırdı. Bu məsələdə də Amerika xeyli məsafə qət edib. Məsələn, son illər külək enerjisindən istifadə ilə bağlı ABŞ-in gördüyü işlər diqqəti cəlb edir. Məlumat üçün bildirək ki, 2011-ci ildə ABŞ-ın özündə 3500-ə yaxın külək turbinləri yaradılıb. Təkcə külək enerjisinin payı ABŞ-ın enerji istehlakından payının 6-7%-i yaxındır. Bununla yanaşı ABŞ şist neft, şist qaz və digər qeyri-ənənəvi mənbələrdən istifadə etməyə başlayıb. “Qeyri-ənənəvi neft mənbələrindən – şist nefti, neftli qum və bioyanacaq üzrə artan hasilatın 2020-ci ilə qədər qlobal neft təchizatında xalis artımın hamısını və 2030-cu ilə qədər artımın 70%-dən çoxunu təmin edəcəyi gözlənilir. 2030-cu ilə qədər hasilatın artması və tələbatın azalması ABŞ-ın xalis enerji sahəsində 99% müstəqil olması ilə nəticələnəcək; belə ki, ABŞ 2005-ci ildə yalnız 70% müstəqil olmuşdur. Eyni zamanda, güclü iqtisadi inkişaf davam etməklə Çin və Hindistan kimi bazar iqtisadiyyatını formalaşdıran böyük ölkələr enerji idxalından getdikcə daha çox asılı olacaqlar.” (Mənbə: “BP-nin Qlobal Enerji Perspektivlərinə Baxışı–2030” hesabatı: www.bp.com/energyoutlook) Enerjiyə tələbin artması ilə yanaşı alternativ enerji mənbələrindən istifadə ilə bağlı ABŞ-ın stretegiyası dünyada resurs üstünlüyü olan tənbəl hökumətləri və onların şıltaq hökumət başçılarını olduqca çətin vəziyyətə salıb. Onların resurs “lənətindən” məhrum dövlətlərlə danışıq ritorikaları bundan sonra dəyişməyə başlayacaq.

Dünyada ener
ji tələbi və dəyişən rollar

2035-ci ilə qədər dünyada enerjiyə tələb 30 faizdən çox artacaq. Amma 2030-35-ci illərə qədər neftin əsas yanacaq növləri arasında ən zəif artan yanacaq növü olacağı və neftə olan tələbatın orta hesabla ildə 0.8% artım təşkil edəcəyi gözlənilir. Təkcə Çin də bu tələb 50 faiz təşkil edəcək. Çinin də enerji rezervləri artan tələbı ödəmək üçün yetərli olmadığı üçün yeni əməkdaşlıq platforması axtarışında olacaq. Belə ki, Çinin təsdiq olunmuş neft ehtiyatları (17.3 mlrd.barel) İrandan (157 mlrd.barel) 9 dəfə azdır. Qaz ehtiyatlarında isə Çin(3,1 trilyon) İrandan (33,6 trilyon) 11 dəfə geridə qalır. Eyni zamanda Çin çox böyük neft istehlakçılarından olduğu üçün onun istehlakının səviyyəsi neftin qiymətinə təsirsiz ötüşmür. Çində(13%) daxil olmaqla dünyada neft istehlakının müəyyən bir qismini əldə edən dövlətlərin istehlakçı davranışları dünyada neftin qiymətinə birbaşa təsir göstərir.

ABŞ-ın dünyanın neft istehlakındakı payı 20 faizdir. Sutka ərzində 18,5 mln. barel neft istehlak edən ölkənin 4-5 mln. bareli idxal hesabınadır. Təbii ki, ABŞ-ın neft sahəsində nə hasilat səviyyəsi, nə də təsdiq olunmuş neft-qaz ehtiyatları Rusiyadan üstün olmasını ifadə etməyə imkan vermir. Çünki, ABŞ (35 milyard barrel) təsdiq olunmuş neft ehtiyatları üzrə Rusiyadan (87 milyard barrel) 2 dəfədən də azdır. Təsdiq olunmuş qaz ehtiyatları üzrə isə də ABŞ-ın rezervləri (8,5 trilyon kub) Rusiyadan (32,9 trilyon kub) təxminən 4 dəfə azlıq təşkil edir. Bütün bunlar enerji asıllığından qurtulması üçün yeni axtarışlar və fərqli ssenarilər qurmağı tələb edir. ABŞ bunun üçün qeyri-ənənəvi üsullardan istifadə edərək enerji hasilatın artırır. BP Qrupunun baş iqtisadçısı Kristof Ruhl qeyd edir: “ABŞ-da böyük qeyri-ənənəvi ehtiyatlar kəşf olunmuşdur, neft və qaz hasil olunur. Bu nailiyyət təkcə resurslar və texnologiyanın hesabına yox, həm də güclü və rəqabətədavamlı xidmət sektoru, xüsusi mülkiyyətə əsasən torpaqdan istifadənin asanlaşması, maye bazarları və əlverişli normativ-hüquqi şərtlər kimi “yerüstü” faktorlar sayəsində qazanılmışdır.” ABŞ “yerüstü” imkanlarını daha da effektiv qurmaqla zəif olan “yeraltı” rezervləri kompensasiya etmək istəyir. Nəinki, bütün bu addımlar hesabına ABŞ enerji asıllığını azaldacaq, əksinə özünü enerji ilə tam təmin etmək imkanlarına gəlib çatacaq. Bununla bağlı Beynəlxalq Enerji Agentliyinin “Dünya Enerji Mənzərəsi” adlı Hesabatında(2012) qeyd edir ki, 2020-ci ildə ABŞ yeni qaz istehsalçısına çevriləcək. 2035-ci ilə qədər isə ABŞ özünü enerji ilə tam təmin edəcək. Ən maraqlı məqam ondan ibarətdir ki, 2020-ci ilə qədər ABŞ hətta dünyanın 1 nömrəli neft istehsalçısı olan Səudiyyə Ərəbistanını da keçərək dünyanın ən böyük neft istehsalçısı olacaq. Amma bütün bunlar neftin hasilatı hesabına baş verməyəcək. Çünki, Səudiyyə Ərəbistanı dünyada hazırda ən böyük neft hasilatçısı olmaqla hələ uzun illər bu üstünlüyü qoruyub-saxlayacaq. Belə ki, təsdiq olunmuş neft ehtiyatları 266 mlrd.barel, qaz ehtiyatları isə 8,3 trln. kub metr təşkil edir. Bunun isə hazırkı bazar qiymətləri ilə hesabladıqda 33 trilyon dollar həcmində qiymətləndirmək olar. ABŞ-da isə bu rəqəm 28,5 trln. dollar səviyyəsində qiymətləndirilir. Deməli, dünyanın enerji coğrafiyasında ABŞ-ın mövqeyi indidən başlayaraq sonrakı illər üzrə möhkəmlənməkdə davam edəcək. Artıq neft-qaz faktoruna arxayın olaraq resurs üstünlüyü olan avtoritar dövlətlər demokratik dünyanı bu alətlə təhdid etmək imkanı mümkün olmayacaq. Bu son illərin qlobal enerji siyasətindən çıxardığımız ən mühüm dərslərindəndir.

(ardı var)