XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 01:03

 İncə düşünülmüş monetar siyasət: Qiymətli kağızlar bazarının hədəfləri

elcinElçin QURBANOV

 

Ölkədə iqtisadi tarazlığın bərpası üçün ehtiyat variant olaraq, dövlət müəsisələrinin özəlləşdirilməsi ilə bağlı səhmləşdirilməsi və fond birjasına çıxarılması məsələsi, o cümlədən əmanət istiqrazlarının buraxılması kimi kütləvi tədbirlər planının həyata keçirilməsi gözlənilir. Dövlət istiqrazları, bu bazarların stimullaşdırılması məqsədilə fond birjasında yerləşdirilməsi, xarici investorlarla bərabər, sıravi vətəndaşların da prosesdə kütləvi iştirakına şərait yaradılması, fond bazarının dayanıqlı inkişafına səbəb ola bilər. Ümumiyyətlə isə korporativ idarəetmə mədəniyyətinin inkişafı və şəfaf iqtisadi mühitin yaranması üçün münbit şərait yaranar. Bu bazarın inkişafı gələcəkdə qeyri-dövlət resurslarının da  bazara daxil olması və iqtisadiyyatda natural sahənin də inkişafına şərait yarada biləcək.

Amma rəsmilər tərəfindən vətəndaşların manatla əldə edilən istiqrazlara üstünlük veriləcəyi səsləndirildi. Büdcə defisitinin bağlanması məqsədi ilə atılacaq addımın nə üçün fərqli şərtlərlə təklif edilməsi maraq doğurur. Belə ki, sərəncamında xarici valyutası olan vətəndaşlar hərəkətsiz qalan, eyni zamanda saxlanılmasında xərclərin artması risklərindən qurtulmaq üçün pul ehtiyatlarının gəlir gətirməsi məqsədilə istiqrazlara sahib olmaqda maraqlandırılır .

Eyni zamanda, milli valyutaya üstünlük verilməsi əhalinin sərəncamında olan xarici valyutanın kütləvi şəkildə konvertasiya edilməsinə köklənir. Beləliklə də, dövlət  valyuta ehtiyatlarını zənginləşdirir.Digər tərəfdən isə manatla emissiya etdiyi istiqrazlara görə istiqraz sahibinə (benifisara) daha yüksək faiz dərəcəsi (gəlir) təklif edir.

Sual olunur: Bu şərtlər pul təklifinə dair bank faiz dərəclərinin artmasına və tədavüldə iştirak edən pul kütləsinin isə azalmasına şərait yaratmayacaqmı?

Şübhəsiz ki, yarada bilər. Əhalinin sərəncamında olan pul kütləsinin azalması, faiz dərəcələrinin isə artması ilk növbədə investisiya mühitini sıradan çıxaran amildir. Məcmu tələbin isə azalması deməkdir.

Bank faiz dərəcələrinin artması belə mühitdə hər hansı investisiya xərclərinin artmasına səbəb olduğu üçün qiymətlərin artması da təbii xarakter daşıyacaq. Odur ki, bu cür tənzimləmə bir az qəribə görünür.Yox, əgər bu monetar siyasət xarici valyutanın manata məzənnəsini azaltmağa köklənəcəksə, təqdirəlayiqdir. Çünki  tədavüldə iştirak edən manatın kütləsinin azalması, valyuta ehtiyatlarının artması dolların ucuzlaşmasına şərait yarada bilər.

Digər məsələ isə həyata keçirilən tədbirin  siyasi tərəfidir. Çox müdrik və mükəmməl dayaqlara hesablanmış belə monetar siyasət mükəmməl sığorta tələb edir. Əlbəttə ki, bu, sığorta şirkətlərinin fəaliyyəti ilə bağlı məsələ deyil, sırf sosial iqtisadi və siyasi sabitliyin yaradacağı mühitin sığortasıdır.Dövlət borclanan tərəf olaraq vətəndaşların maraqlarının subyekti kimi yeni maddi və mənəvi dəyər yaradır. Maddi dəyər istiqraz sahibinin (vətəndaşın) əmanəti və əldə edəcəyi gəlir, mənəvi dəyər isə siyasi sabitliyin qorunmasıdır. Deməli, vətəndaşlar özləri siyasi sabitliyin qorunmasında maraqlı olurlar. Çünki sabitliyin pozulması əmlak risklərinin  artmasına səbəb olan amil kimi qiymətləndirilir (anlaşılır).

Onu da nəzərə almaq lazımdır ki, yerli və xarici investorların nəinki kapital bazarında, ümumiyyətlə digər sahibkarlıq sahələrində iştirakı üçün stimullaşdırıcı tələb məhkəmə hüquq sisteminin mükəmməlliyidir.Məhkəmələrin (xüsusilə iqtisad məhkəmələrinin) fəaliyyətinin elektron formada, açıq, şəffaf ədalət mühakiməsi prinsipləri əsasında ictimai nəzarətin məhdudlaşdırılmadan həyata keçirilməsi vacibdir. Bu sahədə yenidənqurma işləri aparılmalıdır.

Digər tərəfdən, uzun illərdir ki, qiymətli kağızlar bazarının əhalinin üzünə açıq olmaması, belə bir iqtisadi durğunluğun yaşandığı bir zamanda anidən əhalinin bu bazarda fəal iştirakının səviyyəsi müəmmalı görünür. Hər halda adaptasiya üçün zaman amili də özünəməxsus rol oynayır. Sabitlik amilinin mövcud olmasını və milli psixologiyanı nəzərə alsaq, qorxuram ki, insanlar asan yolla gəlir əldə etdikləri halda, natural təsərrüfatla məşğul olmaqdan da imtina etsinlər.

Tədbirin vergi yığımlarına təsirinə gəldikdə isə, onu deyə bilərəm ki, vergitutma mənbələri zənginləşəcək, yəni divident mənbələr artacaq, amma bu, əvvəlki vergi daxilolmaların həcmindən kəskin fərqlənməyəcək. Mənə görə, büdcədən asılı bir çox dövlət idarə və müəsisələrinin, o cümlədən nazirlik və komitələrin ləğv edilməsi, bəzi xidmət departamentlərinin isə təsərrüfat hesabına keçirilməsi reallaşdırılmalıydı. Təəssüf ki, bu proses çox uzandı.

Əgər dövlət genişlədirici fiskal siyasət həyata keçirirsə, onun ardınca hökmən daraldıcı fiskal siyasətə keçmək də tələb olunur. Bunun üçün vergi daxilolmalarının həcminin artırılması vacibdir. Bu zaman dövlət xərcləri qismən məhdudlaşdırılaraq, əldə edilən gəlirlərin bir hissəsi daxili və xarici borcların qaytarılmasına yönəldilir.

Mövzuyla əlaqədar olaraq, bu yaxınlarda hazırladığım “Antiböhran layihəsi”ndə “Dövlət xərcləri üzrə məhdudiyyətlər və qənaətlər” bölməsində bu kateqoriya üzrə nəzərdə tutulan təklifin bir hissəsini təqdim etmək istərdim:

1. Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin işçilərinin sayının və xərclərinin azaldılması.

2. Yerli icra hakimiyyətlərinin mərkəzləşdirilməsi, xüsusilə Bakı şəhərinin ərazisinə görə 12 rayon icra hakimiyyəti ilə idarə edilməsinin məhdudlaşdırılması.

3. Gömrük və Vergi orqanlarının fəaliyyətinin tam elektronlaşdırılması, mərkəzləşdirilməsi və ixtisarı.

4.  Əmək və Əhalinin Sosial Müdafiə Fondunun xidmətlərinin elektronlaşdırılması və yerli qurumlarının ləğv edilməsi.

5. Standartlaşdırma Metrologiya və Patent üzrə Dövlət Agentliyinin ləğv edilməsi, patent nişanlarının verilməsi səlahiyyətlərinin İqtisadiyyat Nazirliyinə həvalə edilməsi.

6. Nazirlik və komitələrin əsas vəsaitləri üzrə yalnız zəruri xərclər saxlanılmaqla digər xərclərinin məhdudlaşdırılması.

7. Nəqliyyat nazirliyinin ləğv edilməsi və nəqliyyat departamentinin yaradılması. Bir sıra struktur vahidlərinin, o cümlədən, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi  QSC, “BBDTL” QSC-nin, “Dəmir Yolları” QSC-nin, “Azal” DK-nin əsas xidmət departamentlərinin təsərrüfat hesabına keçirilməsi.

8. Yüksək Texnologiyalar Nazirliyinin nazirlik statusundan çıxarılması, bir sıra struktur vahidlərinin və xidmət departamentlərinin təsərrüfat hesabına keçirilməsi.

9. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin keçmiş fəaliyyətinin,maliyyə hesabatlarının təftiş edilməsi, hüquqi qiymət verilməsi və bu sahənin fərdi yerli şirkətlərə həvalə edilməsi.

10. “Azəryolservis” ASC-nin dövlətin təbii inhisar obyekti xüsusiyyətlərinin ləğv edilməsi, bu sahənin ixtisaslaşdırılmış və rəqabət doğuran bir neçə şirkətlərə, firmalara həvalə edilməsi və. s .

Bu cür reformalar vergidən yayınmaların azalması, vergi daxilolmalarının isə əhəmiyyətli dərəcədə artması ilə müşahidə olunacaq.