XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

28 Yanvar 2016 - 12:16

Beynəlxalq Valyuta Fondu ilə danışıqlar başlandı: Bakı dörd milyard kredit istəyir

BVFBeynəlxalq Valyuta Fondunun (BVF) və Dünya Bankının (DB) nümayəndə heyəti Azərbaycan üçün mümkün yardım paketinin müzakirə edilməsi məqsədilə Bakıya gəlib.

Bu barədə Trend-ə hökumətdəki mənbədən bildirilib.

Qeyd edək ki, “Financial Time” qəzeti məlumat yaymışdı ki, söhbət 4 milyard dollarlıq təcili yardım paketindən gedir. Nümayəndə heyəti yanvarın 28-dən fevralın 4-ə qədər ölkəmizdə səfərdə olacaq.

Nəşrin məlumatına görə, səfər zamanı texniki yardım və mümkün maliyyə ehtiyaclarının qiymətləndirilməsi müzakirə ediləcək. Dünya Bankının nümayəndəsi bildirib ki, BVF və DB Azərbaycan hökumətilə yerli valyutaya təzyiq və neftin ucuz qiymətlərilə bağlı təxirəsalınmaz və uzunmüddətli tədbirləri müzakirə edəcək.

Trend-in məlumatına görə, Azərbaycan hökuməti və DB maliyyələşdirmənin artırılması ilə bağlı danışıqlara başlayıb.

 

Azərbaycan hökuməti ölkədə iqtisadi islahatlara dəstək proqramı çərçivəsində Beynəlxalq Valyuta Fondundan 3 milyard dollar, Dünya Bankından isə 1 milyard dollar istəyib.

Mənbə bildirib ki, hazırda Azərbaycan hökumətinin artıq reallaşdırdığı və həyata keçirməyi planlaşdırdığı iqtisadi islahatlara dəstək üzrə tədbirlər müzakirə olunur: “Bu tədbirlər dövlət büdcəsinin dəstəklənməsi üçün maliyyələşdirmə ilə müşayiət oluna bilər”.

Bu gün Maliyyə Nazirliyində və Azərbaycan Mərkəzi Bankında görüşlər planlaşdırılıb. Nümayəndə heyətinin əsas tərkib hissəsini Valyuta Fondunun ekspertləri təşkil edir. Onlara Dünya Bankının region üzrə proqram rəhbəri Raşmi Şankar da qoşulub. Qeyd edək ki, Raşmi Şankar və DB-nin Cənubi Qafqazda maliyyə və özəl sektor üzrə qabaqcıl eksperti Anjela Priqojina ötən həftədən Bakıdadırlar.