XƏBƏR LENTİ

18 Sentyabr 2020
17 Sentyabr 2020

Digər Xəbərlər

31 Avqust 2018 - 11:27

Hökumət bədxərcliyə son qoymaq istəyir –Yaxın üç ildə dövlət büdcəsinin həcmi azaldılacaq

 

Azərbaycan hökuməti yaxın üç ildə dövlət büdcəsinin həcmini azaltmağı planlaşdırır. 2019-cu ildə büdcə gəlirlərinin cari illə müqayisədə 3.5 milyard daha az – 18 milyard 790 milyon manat, xərclərin isə 4 milyard azaldılaraq, 18 milyard 919 milyon manat olacağı proqnozlaşdırılır. Plana görə 2021-ci ilə qədər azalma hər il davam edəcək.

İqtidaçı Rəşaq Həsənov bu azalmanı 25 avqustda təsdiqlənən «Dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya» ilə bağlayır. Deyir ki, gəlirlər hissəsində əsas azalma neft fondundan transferlərdə müşahidə oluna bilər: “Büdcənin xərclərində isə daha çox azalma investisiya xərclərinə düşəcək. Büdcə sistemi haqda qanuna əsasən müəyyən xərclər qorunandır. Müdafiə, sosial xərclər toxunulmazdır. Ümumiyyətlə bu istiqamətlərdə azalmaya getmə də məntiqli deyil. Çünki pensiya, əməkhaqqı ilə azalmaya gedilməsi gözlənilən deyil. Əsas azalma infrastruktur təyinatlı xərclərdə olacaq”.

Rəşad Həsənov onu da əlavə edir ki, bu proqnozlar yeni imzalanan büdcə haqda strategiyaya əsaslanır. Amma o, sözü gedən strategiyaya nə qədər əməl olunacağına o qədər də əmin deyil. Prezident İlham Əliyev avqustun 25-də dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiyanı təsdiqləyib. Bundan başqa avqustun 29-da da “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası” təsdiq edilib və Yeni Büdcə qaydasına dair qanuna dəyişikliklər qüvvəyə minib.

Bir çox müstəqil eskpertlər bu sənədlərin qəbulunu yüksək qiymətləndirirlər. İqtisadçı Rövşən Ağayev öz Facebook hesabında yazır ki, buna bənzər təklifləri illər öncə hökumətə təklif ediblər. Onun fikrincə, qaydalar ölkədə nəticə əsaslı büdcəyə keçid üçün əsas addımlardan biridir. “Lakin müstəqil ekspertlərin təkliflərinin reallaşması üçün bəzən hətta 10 il gözləmək lazım gəlir” – deyə ekspert qeyd edir.

Maliyyə Nazirliyinin rəsmi açıqlamasında isə sənədlərin mahiyyəti belə izah olunur: “2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydasının tətbiqi nəzərdə tutulur. Bu dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına və büdcə intizamının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsinə töhfə verəcək…. Burada əsas məqsəd xam neft qiymətlərinin yüksək olduğu illərdə və hətta xalis maliyyə aktivlərinin imkan verdiyi halda belə büdcə xərclərinin kəskin artımının qarşısının alınmasıdır”.

Açıqlamada vurğulanır ki, qabaqcıl beynəlxalq təcrübəyə uyğun büdcə siyasətinin gerçəkləşməsi, ölkə iqtisadiyyatının daxil olduğu post-neft dövrü üçün olduqca əhəmiyyətlidir.

Maliyyə Nazirliyi bu qərarını dayanaqlı büdcə sisteminin yaradılması ilə izah edir. İqtisadçı Rəşad Həsənov deyir ki, dayanıqlı büdcə üçün hökumət avqustun sonlarında yeni strategiya və qaydalar da qəbul edib: “Amma Azərbaycanda o təcrübə də var ki, il ərzində büdcəyə iki dəfə baxılır. Belə olan halda biz əminliklə deyə bilmirik ki, 2021-ci ilə qədər nəzərdə tutulan azalma həqiqətən baş tutacaq, ya yox. Yeni büdcə sistemində nəzərdə tutulan qaydalar, azalmalar tətbiq olunacaqsa, gəlirlər və xərclər hissəsində azalma baş verəcək”. (Azadlıq Radiosu)