XƏBƏR LENTİ

06 İyun 2020
05 İyun 2020

Digər Xəbərlər

24 Aprel 2015 - 10:03

“Hökumət elə bir siyasət aparmalıdır ki,..” – Ekspertdən təklif
Qanun Məcəlləsinə dəyişiklik edilməsi ilə bağlı hazırlanan qanun layihəsinə əsasən, iki il dalbadal kənd təsərrüfatı torpağından təyinatı üzrə istifadə etməyənlər inzibati cəza alacaq.
Kənd Təsərrüfatı Nazirliyindən Turan-a verilən məlumata görə, layihədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə mülkiyyət hüququ yarandıqdan sonra həmin torpaq sahələrinin dalbadal iki il müddətində istifadəsiz qalmasına yol verilməməsi təklif edilir. Həmçinin belə torpaqların reyestrini aparan dövlət strukturu müəyyən ediləcək.
Torpaq icarəyə veriləndə torpaq mülkiyyətçisi icarəçini ona məxsus torpaq sahəsinin istifadəsiz torpaq sahələrinin reyestrində olduğu barədə məlumatlandırır və bununla bağlı məlumatlar icarə müqaviləsində əks olunur. Icarə müddətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə edilməyə görə məsuliyyəti icarəçi daşıyır.
IXM-ə edilən dəyişiklik layihəsinə əsasən, fiziki şəxslər hər hektara görə bir şərti bal üçün 0,3 manat miqdarında, hüquqi şəxslər hər hektara görə bir şərti bal üçün 0,5 manat miqdarında cərimə edilir. Kənd təsərrüfatı təyinatlı torpaq sahələri dalbadal üç il ərzində istifadə edilmədikdə nəzərdə tutulmuş cərimələr iki dəfə artırılaraq üçüncü il üçün tətbiq edilir.
Xatırladaq ki, bu təşəbbüslə çıxış edən prezident Ilham Əliyev bir çox hallarda ayrı-ayrı şəxslərin icarəyə verdiyi kənd təsərrüfatı təyinatlı torpaq sahələrində növbəli əkindən yayınma hallarının olduğunu bildirib. Dövlət başçısı müşavirədə kənd təsərrüfatının inkişaf etdirilməsi və monopoliyanın aradan qaldırılmasını vurğulayaraq torpaqların hasarlanmamasını bildirib.
Maraqlıdır, kənd təsərrüfatında baş alıb gedən problemləri həll etmədən, fermerlərə şərait yaratmadan cərimə məsələsini ortaya qoymaq nə dərəcədə doğru yanaşmadır?
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, torpaqlarda deqradasiya prosesinin getdiyi, məhsuldarlığın az olduğu, şoranlaşma və şorakətləşmənin baş verdiyi şəraitdə, bu problemləri həll etmək vacibdir. Doğrudur, həmin torpaqlardan fermerlər və kəndlilər istifadə etsə də, nəticə heç də müsbət deyil:
“Torpaqlarda məhsuldarlıq az olduğu üçün yaxşı nəticə əldə edə bilmirlər. Ona görə də fermerlər əkinlə məşğul ola bilmirlər. Hökumət həmin torpaqların məhsuldarlığını artırmaq üçün onların bərpası istiqamətində müəyyən addımlar atmalıdır. Yəni meliorasiya işlərini həyata keçirməlidir. Fermerlər əkin işi aparmadığı sahələrdə onlara hansısa formada təzyiq göstərirlər. Cərimə olunmaq, hətta torpaq sahələrini onların əlindən almaq kimi addımlar da ola bilər. Həmin torpaqlar məhsuldar və münbit olsaydı, fermerlər ondan istifadə edərdi. çünki rayon və kəndlərdə torpaq çatışmazlığı var. Qanunun qəbul olunduğu təqdirdə nəzərdə tutulan cərimələr tətbiq olunarsa, həmin torpaqlar istifadəsiz qalacaq. Ondan heç kim istifadə etməyəcək. Heç kim qeyri-məhsuldar torpaq sahəsinə investisiya qoyaraq maliyyə vəsaitini batırmaq istəməz. Fermerlər əkin-biçin işini münbit torpaqlarda həyata keçirmək istəyir ki, gəlir əldə etsin”.
V.Məhərrəmov qeyd edir ki, fermerlərin problemləri saysız-hesabsızdır. Onlar hətta münbit torpaqlarda əkin edərkən toxum, gübrə, texnika çatışmazlığı, güzəştli kreditlərin əlçatmazlığından əziyyət çəkirlər. Ekspertə görə bütün bu məsələləri həll etmədən fermerlərə təzyiqlər göstərmək ədalətsizlikdir:
“Hökumət elə bir siyasət aparmalıdır ki, onlar istehsalda maraqlı olsun, torpaqların münbitləşməsindən müsbət nəticə əldə etsin. Fikrimcə, sözügedən cərimələrin tətbiqi bu sahənin inkişafına deyil, əksinə, ciddi problemlərə gətirə bilər”.