XƏBƏR LENTİ

03 Dekabr 2020
02 Dekabr 2020

Digər Xəbərlər

01 Noyabr 2018 - 12:23

“Doing Business” hesabatı açıqlandı –Azərbaycanda biznes qurmaqla bağlı vəziyyət yaxşılaşıb

Dünya Bankı oktyabrın 31-də “Doing Business” (Biznes Qurmaq) hesabatını açıqlayıb.

Strateq.az Azadlıq radiosuna istinadən bildirir ki, bu hesabatda dünyanın 190 ölkəsində biznes qurmaq və mülkiyyət hüquqlarının qorunması indikatorları dəyərləndirilir.

Buraya biznesə başlamaq, tikinti üçün icazənin alınması, elektrikin əldə olunması, mülkiyyətin qeydiyyatı, kredit almaq, minoritar investorların qorunması, vergi ödəmək, sərhədlərarası ticarət, kontraktların qüvvəyə minməsi və problemlərin həlli daxildir. “Doing Business” adətən, əmək bazarının tənzimlənməsini də ölçür, amma builki reytinqdə bu göstərici yer almayıb.

Azərbaycanın builki reytinqdə yerini gözəçarpan dərəcədə yaxşılaşdırdığı vurğulanır, 190 ölkə içində 25-ci yeri tutub. Ötən il Azərbaycan 57-ci yerdə idi.

Builki reytinqdə Azərbaycan “Müəssisələrin qeydiyyatı” indikatoru üzrə 9-cu, “Mülkiyyətin qeydiyyatı” indikatoru üzrə 17-ci, “Kreditlərin alınması” üzrə 22-ci, “Minoritar investorların müdafiəsi” üzrə 2-ci, “Vergitutma” indikatoru üzrə 28-ci yeri tutub.

Ötənilki hesabatda Azərbaycanın irəliləməsi yerli ekspertlər tərəfindən birmənalı qarşılanmamışdı. Bəzi iqtisadçılar bunun səbəbini “indeksin metodologiyasında problemlər”, hesabatın rəsmi sənədlər əsasında hazırlanması, alternativ fikirlərə yer verilməməsi ilə izah edirdilər.

Azərbaycanın qonşularından Gürcüstan 6, Ermənistan 41, Rusiya 31, İran 128-ci yerdədir. Mövqeyini yaxşılaşdırmış digər ölkələr Əfqanıstan, Cibuti, Çin, Hindistan, Toqo, Keniya, Fİl Dişi sahili, Türkiyə və Rvandadır. BRIC ölkələri – Braziliya, Rusiya, Hindistan və Çin ümumilikdə 21 islahat gerçəkləşdiriblər.