XƏBƏR LENTİ

27 Sentyabr 2020
26 Sentyabr 2020
25 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 09:30

Neftin kəskin ucuzlaşmasının sirri –CNN Trampın dolaşıq manevrlərini əsas göstərir

CNN-nin biznes yazarı Matt Egan qeyd edir ki, neft qiymətlərinin düşməsi, demək olar, hamı üçün gözlənilməz olub.

Cəmi bir neçə həftənin ərzində xam neftin qiyməti son dörd ilin ən yüksək həddindən 30 faiz düşüb. Halbuki təhlilçilər barreli 100 dollara olan neftin üfüqdə görünməsindən danışmağa başlamışdılar.

“Neft qiymətləri düşür, əladır! Sanki Amerika və dünya üçün böyük vergi ixtisarı baş verir. Kef edin! Sağ ol, Səudiyyə Ərəbistanı, amma qiyməti bir az da salaq”.

Lakin Egan bu qənaətdədir ki, qiymət düşümünü bir tvitlə izah etmək olmaz. Səudiyyə Ərəbistanına “sağ ol” düşür, amma bir o qədər də yox. Bu ilin əvvəllərində Tramp administrasiyası İranın neft ixracını sıfra endirəcəyini bəyan etmişdi. Bu qətiyyətli səslənən bəyanat neft qiymətlərini dramatik şəkildə qaldırmışdı.

Bundan əvvəl Trampın təzyiqi altında Səudiyyə Ərəbistanı hasilatı rekord səviyyəyə çatdırmışdı.

Egan yazır: “Bu, kritik əhəmiyyətə malik idi, çünki Səudiyyə Ərəbistanı, bir növ, neftin mərkəzi bankı kimidir… Rusiya və ABŞ da hasilatı sürətləndirmişdi. Lakin Tramp bu ayın əvvəllərində İrana daha yumşaq münasibət göstərməklə neft bazarını şoka salıb…”

Trampın İran neftinin idxalı üçün verdiyi istisnalar Çin və Hindistanın ürəyindən olub. Bu ölkələr İran neftini almaqda davam edir.

İran “sapması” bazarı çaşdırıb. İndi bazar daşmaq təhlükəsi ilə üzləşib. Qiyməti dirçəltmək üçün OPEC gələn ay Vyanada keçiriləcək sammitində hasilatı ciddi şəkildə ixtisar etmək məsələsini həll etməli olacaq.

Egan yazır ki, Səudiyyə Ərəbistanını tərifləyən Tramp tvitində Amerikanı unudub. Son vaxtlarda ABŞ neft hasilatında Rusiya və Səudiyyəni geridə buraxıb və 1973-cü ildən bəri ilk dəfə olaraq ən böyük hasilatçıya çevrilib.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, ABŞ-ın neft hasilatı 2018-ci il ərzində günə 2 milyon barrel həddinə çatmalıdır. Gələn il ABŞ neft hasilatının bundan da çox artacağı gözlənilir.

Neft tacirlərinin ən böyük qorxusu bundandır ki, bu qədər Amerika nefti bazara lazım olmaya bilər. 2014-cü ildə neft qiymətinin çökdüyü zaman da belə olmuşdu. Lakin neft qiymətlərinin düşməsi təkcə ifrat təchizatla bağlı deyil. Qlobal iqtisadiyyatın yavaşıması neftə tələbatı da azaldıb.

Ötən ay Beynəlxalq Valyuta Fondu 2019-cu il üçün ÜDM proqnozunu ticarət müharibəsi ilə bağlı həm ABŞ, həm də Çin üçün azaldıb. Egan yazır ki, bu, neft üçün yaxşı xəbər deyil.

Ekspertin firkincə bu, 2014-cı ildə qiymətin bir barrel üçün 26 dollara düşdüyü vaxtı xatırladır.

(Azadlıq radiosu)