XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

22 November 2018 - 13:48

Azərbaycanda ilk dəfə –680 fermer torpaqlarını birləşdirdi, kooperativ yaratdılar (FOTO)

“Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı”na və Strateji Yol Xəritəsinə uyğun olaraq vətəndaşların könüllü birləşməsi əsasında Sabirabad rayonun Yaxadəllək və Beşdəli kəndlərinin ərazisində “Birlik” İstehsal Kooperativi yaradılıb.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə noyabrın 22-də Yaxadəllək kəndində kooperativin açılış mərasimi keçirilib.

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov mərasimi açaraq, rayonda aqrar sahədə görülən işlərdən, əldə olunan nailiyyətlərdən və perspektiv layihələrdən danışıb. Bildirib ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Yaxadəllək və Beşdəli kəndlərinin vətəndaşlarına 1100 hektar torpaq sahəsi verilib və 680 torpaq sahibi birləşərək “Birlik” İstehsal Kooperativini yaradıb. Bu torpaq sahəsinin hazırda 850 hektarı kooperativin tərkibində birləşib.

Kənd təsərrüfatı naziri İnam Kərimov açılış mərasimində çıxış edərək ölkəmizdə aparılan torpaq islahatlarından, istehsalçılara göstərilən dövlət dəstəyindən söz açıb. Kooperasiyanın inkişaf etdiyi ölkələrin aqrar sahədə çox böyük uğurlara imza atdıqlarını vurğulayan İnam Kərimov deyib: “Pay torpaqlarının birləşdirilməsi fermerlərin təkbaşına üzləşdikləri çətinlikləri birlikdə dəf etməsini asanlaşdıracaq. Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi olaraq Beşdəli və Yaxadəllək kənd sakinlərinin təşəbbüsünü alqışlayırıq. Kənd təsərrüfatı kooperativlərinin yaradılması torpaqlardan daha səmərəli istifadəyə imkan verir və fermerlərin gəlirlərini daha da artırır. Bu, həmçinin rəqabət qabiliyyətli məhsul istehsalını, xarici bazarlara çıxışı asanlaşdırır. Digər tərəfdən fermerlər torpaq və əmlakı birləşdirməklə kooperativə iri investisiya layihələri cəlb edə, mövcud texnikadan daha səmərəli yararlana, daha uyğun şərtlərlə yeni, müasir texnika ala biləcəklər”.

Diqqətə çatdırılıb ki, Kənd Təsərrüfatı Nazirliyi kooperativlərin inkişafını dəstəkləyir. “Bu iş könüllülük əsasında həyata keçirilir, heç kimi kooperativ yaratmağa məcbur edə bilmərik. Lakin biz də Kənd Təsərrüfatı Nazirliyi olaraq kiçik pay torpağı olan vətəndaşların öz torpaqlarını birləşdirərək kooperativ yaratmasını həmişə dəstəkləmiş və təbliğ etmişik. Bildiyiniz kimi, nazirlikdə Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsi fəaliyyət göstərir. Biz Azərbaycanda kooperasiyanın gələcəyinə ümidlə baxdığımız üçün bu şöbəni təsis etmişik”, – deyə nazir bildirib.

İnam Kərimov deyib: “Ölkədə kooperasiyanın inkişafına dair 2017-2022-ci illəri əhatə edən Dövlət Proqramı hazırlanıb. Biz fermerlərin kooperativ yaratmaq təşəbbüsünü dəstəkləmək məqsədilə bir sıra tədbirlər həyata keçirməyi düşünürük. Belə tədbirlərdən biri kooperativlərdə birləşən fermerlərə daha çox subsidiyanın ayrılması ola bilər. Nazirlik bu və digər stimullaşdırıcı tədbirlər üzərində çalışır”.

Sonra təcrübəli pambıqçı, Prezident təqaüdçüsü Fatma Hüseynova, “Birlik” İstehsal Kooperativinin sədri Şamil Əliyev, Fermerlər, assosiasiyalar və kooperativlərlə iş şöbəsinin müdiri Araz İsmayılov çıxış ediblər. Bildirilib ki, birgə kooperativin yaradılması aqrar sektorun inkişafının effektivliyinin təşkilinə, torpaqlardan səmərəli istifadəyə, fermerlərin gəlirlərinin artırılmasına öz töhfəsini verəcək. Fermerlərin və kənd təsərrüfatı məhsulları istehsalçılarının kooperativ təsərrüfatlarda birləşməsi onların təsərrüfat maraqlarının qorunmasına, aqrar istehsalın səmərəliyinin yüksəldilməsinə, məhsulların rəqabət qabiliyyətinin artmasına əhəmiyyətli təsir göstərəcək.

Qeyd olunub ki, kooperativdə birləşən şəxslərdən 380 nəfəri kişi, 300 nəfəri isə qadındır. 680 nəfərlik kooperativdə orta hesabla adambaşına 1,25 hektar torpaq sahəsi düşür.