XƏBƏR LENTİ

20 Sentyabr 2020
19 Sentyabr 2020

Digər Xəbərlər

22 Noyabr 2018 - 22:40

“Türkmən neftinin dünya bazarına çıxarılması Azərbaycan üzərindən həyata keçirilir” –İlham Şabandan şərh

“Azərbaycanla Türkmənistan arasında son iki ildə enerji sahəsində müxtəlif istiqamətdə əməkdaşlıq dinamik inkişaf edir”.

Bunu Teleqraf.com-a açıqlamasında neft məsələləri üzrə ekspert İlham Şaban deyib.

O qeyd edib ki, iki ölkənin münasibətləri əvvəllər monoton idi:

“Türkmən nefti ancaq Azərbaycan üzərindən, yəni Bakı-Tbilisi-Ceyhan boru xətti ilə daşınırdı. İldə təxminən 2-3 milyon ton türkmən neftinin Azərbaycan vasitəsilə dünya bazarına çıxarılması nəzərdə tutulurdu. Azərbaycanın açıqladığı rəsmi rəqəmlərə görə, ötən il ümumilikdə 6,4 milyon ton nəqletmə olub. Çox böyük göstəricidir. Bu da Türkmənistan şelfində neft hasilatının artması ilə əlaqədardır”.

İ.Şaban qeyd edib ki, ikinci uğur Türkmənbaşı neft emalı zavod kompleksinin avro-5 standartlarına uyğun məhsullar buraxmasıdır: “Onun dünya bazarına çıxarılması da Azərbaycan üzərindən həyata keçirilir. Həm Azərbaycan gəmiçiliyi vasitəsilə xüsusi xidmət təklif edilir, həm də Azərbaycan dəmiryolları vasitəsilə Gürcüstan limanlarına çıxışlar təmin edilir. Azərbaycanın Kulevi limanında məhz neft məhsulları üçün xüsusi terminallarının olması bizim bu qonşu və dost ölkə ilə əlaqələrimizin genişlənməsinə səbəb olub”.

Ekspert bildrib ki, 2016-cı ilin dördüncü rübündən etibarən Azərbaycan həm də Türkmənistanla qaz-alqı satqısını İran üzərindən həyata keçirir: “Düzdür, bu, birbaşa olmayıb. Yəni, İran üzərindən “dəyiş-düyüş” – mübadilə şəklində olub. Ancaq istənilən halda əlaqələrin nə qədər genişlənməsidir.

Başqa bir məqamı da qeyd edim. Sumqayıt Texnoparkında hazırlanan xüsusi avadanlıq və mexanizmlərin artıq ötən ildən Türkmənistana ixrac edilməsinə başlanılıb ki, bu da sözügedən ölkənin neft-qaz sənayesində istifadə üçün istismardadır”.

İ.Şabanın sözlərinə görə, bütün bunlar Azərbaycanla Türkmənistan arasında son illərdə məhz neft-qaz sektorunda əlaqələrin genişləndirilməsində qazanılan uğurlardır.

Qeyd edək ki, Prezident İlham Əliyev noyabrın 21-22-də Türkmənistanda rəsmi səfərdə olub. Səfər çərçivəsində dövlət başçıları birgə bəyanatla çıxış edib, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb.