XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

10 Dekabr 2018 - 15:29

Daha 110 dövlət əmlakı hərraca qoyuldu –Şəkidə istirahət mərkəzi satışa çıxarıldı

Dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərraclardan biri yanvarın 15-də reallaşacaq.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsindən açıqlama verilib.

Məlumata əsasən, komitə tərəfindən təşkil olunan budəfəki hərraca ümumilikdə 110 dövlət əmlakı çıxarılacaq. Onlardan 72-si kiçik dövlət müəssisə və obyekti, 18-i qeyri-yaşayış sahəsi, 20-si səhmdar cəmiyyətidir. Özəlləşməyə çıxarılacaq kiçik dövlət müəssisələri respublikanın müxtəlif şəhər və rayonlarında yerləşir. Yenidən qurulması daha çox gəlir qazandıra biləcək bu dövlət obyektlərinin ümumi faydalı sahəsi 20 kvadratmetr ilə 3813 kvadratmetr arasındadır.

Əlverişli biznes imkanlarına malik dövlət obyektlərinə Qaxdakı əmlak kompleksini, paytaxtın Mərdəkan qəsəbəsindəki restoranları, Şəki rayonundakı istirahət zonası misal göstərilə bilər.

İnvestor üçün maraqlı ola biləcək 14 saylı yeməkxana isə Yevlax şəhərində yerləşir. Adıçəkilən bu dövlət əmlakının ümumi faydalı sahəsi 95,2 kvadratmetrdir. Xidmət fəaliyyəti ilə məşğul olmaq istəyənlər üçün Bakı şəhəri, Zirə qəsəbəsi, N.Hüseynov küçəsindəki 91 saylı mağaza uyğun seçim ola bilər. Bu dövlət obyektinin ümumi faydalı sahəsi isə 190,5 kvadratmetrdir.

Bu dəfə hərraca çıxarılan istifadəsiz qeyri-yaşayış sahələrindən 5-i Sumqayıt şəhərində, qalanları isə paytaxtda yerləşir. Dövlət əmlaklarının ümumi faydalı sahəsi 14,4 kvadratmetr ilə 1612 kvadratmetr intervalındadır.

Xidmət və ya ofis obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrindən biri Səbail rayonu, Badamdar qəsəbəsindədir. Ümumi faydalı sahəsi 14,4 kvadratmetr olan dövlət əmlakı üçün investor 750 manat beh ödəyərək sifarişçiyə çevrilə bilər.

Dövlətə məxsus səhmlərini özəlləşməyə çıxarıldığı səhmdar cəmiyyətləri sırasında isə kənd kimya, nəqliyyat, inşaat, təmir və digər sahələrə aid müəssisələr var. Hərraca 30 -45 faizlik səhm paketləri çıxarılan əmlaklara “Bərdə Kərpic”, “Şamaxı Dəmir Beton”, “Xırdalan Nəqliyyat“, “Kürdəmir Quşçuluq” və digər bu kimi səhmdar cəmiyyətləri aiddir.

Qeyd olunub ki, özəlləşdirməyə çıxarılan kiçik dövlət müəssisələri və qeyri-yaşayış sahələri haqqında məlumatlanmaq və sifariş vermək istəyən vətəndaşlar  linkinə daxil ola bilər. Əmlak Məsələləri Dövlət Komitəsi investorlarla bərabər, özəlləşdirmə prosesi ilə maraqlanan bütün şəxsləri hərraclarda həm canlı, həm də onlayn formada iştiraka dəvət edir.