XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

13 Dekabr 2018 - 17:52

Rusiya neft nəhəngi İranı tərk edir –"Rosneft" ABŞ-ın sanksiyalarından ehtiyatlanır

Rusiya neft sənayesinin lideri “Rosneft” İranı tərk edib. Əsas səbəb ABŞ sanksiyalarıdır. Bundan başqa, şirkətin strategiyasının dəyişdiyi və ölkə daxilindəki layihələrə daha çox diqqət yetirəcəyi də bildirilir.

2017-ci ilin noyabrında “Rosneft” və İran Milli Neft Şirkəti (NİOC) İran ərazisində neft-qaz hasilatı üzrə strateji layihələrin həyata keçirilməsi ilə bağlı yol xəritəsi imzalamışdılar. Bu sahəyə 30 milyard dollar civarında sərmayə yatırılması planlaşdırılırdı. Lakin Rusiya şirkəti bu ilin yayında İranla danışıqları dayandırıb.

ABŞ İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planından çıxdıqdan bəri həm Avropa Birliyi, həm də Rusiya və Çin İrana təsəlli verirlər ki, narahat olma, biz Amerikanın birtərəfli sanksiyalarına qoşulan deyilik, iqtisadi əməkdaşlığımız davam edəcək. Amma Avropanın bütün iri şirkətləri artıq İran bazarından çıxıb. “Rosneft”in addımı da göstərir ki, böyük biznes özünü dövlətin hansısa geosiyasi maraqlarına qurban vermək istəmir.

Son məlumata görə, İranda neft hasilatı beynəlxalq sanksiyaların ləğv olunduğu 2016-cı ilin yanvarından bu yana ən aşağı səviyyəyə düşüb. Hasilat indi gündəlik 3,01 milyon barel təşkil edir, sanksiya söhbəti başladıqdan bəri 1,4 milyon barel azalma olub. Hələ ki ABŞ müvəqqəti olaraq Çin, Hindistan, İtaliya, Türkiyə, Yunanıstan, Cənubi Koreya, Yaponiya və Tayvanın İrandan neft almağa davam etməsinə icazə verib.

Başqa bir məlumat da budur ki, ABŞ-ın İran xalçalarına sanksiya tətbiq etməsindən sonra dünya xalı bazarında qonşu ölkənin yerini Türkiyə tutmağa başlayıb. Sanksiyadan əvvəl İran xalçaçılıq sektorunun illik 400 milyon dollar həcmində ixracatı var idi və ixracın 35%-i ABŞ-ın payına düşürdü. Türkiyə İran xalça ustalarını da transfer etməyə başlayıb.

Şahin Cəfərli, politoloq