XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

18 Dekabr 2018 - 18:49

Kommunal qurumlar sahibkarlığa ciddi problem yaradır –İşıq, qaz, su xətlərinə qoşulmaq üçün fantastik qiymət qoyulub

Azərbaycanda sahibkarlıq subyektlərinin kommunal xidmətlərdən istifadəsi üçün ağır şərtlər var. Əgər kiçik sahibkar yeni iaşə obyekti, istehsalat müəssisəsi və s. açmaq istəyirsə, ASAN Kommunal vasitəsi ilə iri məbləğdə vəsait ödəməlidir. Məsələn, kiçik bir kafenin elektrik xəttinə qoşulması üçün “texniki şərt” tələb olunur, onun rüsumu isə nə az, nə çox 840 manatdır.

Eləcə də qaz, su xətlərinə qoşulmaq üçün də “texniki şərt”lər tələb olunur ki, bu da yeni iş yeri, gəlir mənbəyi formalaşdırmaq istəyən sahibkar üçün ağır yükə çevrilir.

Nəzərə alsaq ki, ticarət, sahibkarlıq subyektləri əhali ilə müqayisədə kommunal qurumlara daha yüksək tariflərlə işıq, qaz, su pulu ödəyir, o zaman işə başlamaq üçün tələb olunan ilkin şərtlərin nə qədər ağır olduğunu təsəvvür etmək olar.

Bəs “texniki şərt”ə ödənilən vəsaitlərin müqabilində dövlət sahibkara nə verir? Bu pulu nəyin müqabilində onun büdcəsindən çıxarır? Bu tələbi kiçik və orta sahibkarlığın inkişafına maneə saymaq mümkündürmü?

İqtisadçı Məhəmməd Talıblı bu barədə Strateq.az-ın sorğusunu şərh edib. O bildirib ki, əslində, kommunal xidmətlərlə bağlı rüsumların ödənişi mahiyyət etibarı ilə simvolik xarakter daşımalı və keyfiyyətli xidməti özündən ehtiva etməlidir:

“Xidmət sektoru üçün “texniki şərt”lərin alınması dövlət və ya təbii inhisarçı şirkətlərin, məsələn “Azərenerji” ASC-nin  görməli olduğu iş olmalıdır. Onların “texniki şərt”lərin verilməsi texniki təhcizatla bağlı adekvat tədbirlər nəticəsində ödənilməlidir. Bu zaman, yüksək rüsumların olmasının obrazlı ifadəsini belə təsəvvür edərdim: siz gedirsiniz, restorana. Orada yeməyə görə sizdən bir ödəniş, yediyiniz qaba görə (konfiqurasiyası, rəngi, hansı metaldan olması və s.) başqa bir ödəniş etmirsiniz ki? Restoran yeməyini satmaq üçün qabı xidmət vasitəsi kimi təqdim edir. Amma deyək ki, “Azərenerji” enerji məhsulunu satan zaman onun üçün quraşdırdığı qabın qiymətini onun özündən yüksək qiymətə satır. Bu anlaşılmazdır”.

M.Talıblının sözlərinə görə, əslində xarici investorlar da daxil olmaqla yerli biznesin inkişafı üçün bu tip infrastrukturun və kommunal ödənişlərin yaxşılaşdırılması olduqca vacibdir: “Çünki, bu, Dünya Bankının “Doing Businnes” hesabatında nəzərə alınana indikatorlardan biridir. Bu kimi indikatorları yaxşılaşdırmaq biznesin inkişafı üçün olduqca vacibdir”.

Strateq.az